Yanvarın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan bloger Murad Quliyev barəsində açılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Prosesə hakim Mahirə Kərimova sədrlik edib.
Quliyevə qiyabi hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb.
Bloger Cinayət Məcəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham olunur.
Son illər Azərbaycanda xaricdə yaşayan bir sıra bloger və fəallara qarşı cinayət işləri açılıb, onlara qiyabi həbs və azadlıqdan məhrumetmə hökmləri çıxarılıb. Rəsmi ittihamlarda əsasən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmama, kütləvi iğtişaşlara və zorakılığa çağırış, terrorçuluğa çağırış, silahlı qiyam və dələduzluq maddələri yer alır.
2025-ci il dekabrın 26-da Bakı məhkəməsində xaricdə yaşayan bir qrup blogerə hökm oxunub. Hökmə əsasən, Qurban Məmmədov və Tural Sadıqlı 14 il, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Elşad Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər ittihamları siyasi motivli sayaraq rədd edir.