Yürüşün təşkilatçıları bununla bağlı bəyanat yayıblar
“8 Marş” yürüşünün təşkilatçıları birgə bəyanat yayıblar.
Təşkilatçılar bildiriblər ki, hazırda ölkədən kənarda Azərbaycan üçün “#8Women8March” yürüşü təşkil edəcəklər.
Onlar hazırda Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan qadın jurnalistlər – “AbzasMedia”-nın əməkdaşları Sevinc Vaqifıqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Meydan TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Xəyalə Ağayeva, müstəqil jurnalist Fatimə Mövlamlı (“Meydan TV işi” ilə əlaqədar həbs edilib-red.) üçün yürüş edəcəklər.
“Bu gün Azərbaycanda repressiyalar yeni mərhələdədir. Azad söz məhv edilir, sərbəst toplaşma hüququmuzu təhlükəsiz reallaşdırmaq imkanı əlimizdən alınır, hüquq müdafiəçiləri və müstəqil media nümayəndələri qondarma ittihamlarla həbsə göndərilir. Vətəndaş cəmiyyəti özünün ən çətin dövrünü yaşayır. Bütün bunlar qadınların həyatına öz mənfi təsirini birbaşa göstərir. 8 mart ərəfəsində 8 əməkçi qadın öz jurnalist fəaliyyətinə görə həbsxana divarları arasındadır”.
“Azərbaycanda qadın fəallar dəfələrlə kibercinayətkarlığa, şəxsi həyata müdaxiləyə məruz qalıb. İctimai və siyasi fəaliyyəti olan kişilər isə dəfələrlə qadın mövzusuyla şantaj və gözdənsalma kampaniyası ilə qarşılaşıb. Lakin bu sadalananlar qadınların mübarizə əzmini yox etməyib. Həbs edilən jurnalistlər indi də öz peşələrinə sadiq qalaraq ədliyyə sisteminin yol verdiyi pozuntuları ifşala edirlər. Onların hər biri qadın hüquqları mövzusunu da daimi prioritetdə saxlayıb”, – bəyanatda deyilir.
Bəyanat təşkilatçıları tələb edirlər ki, Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan bütün jurnalistlər, ictimai və siyasi fəallar dərhal azad olunsun.
Həmçinin vətəndaş cəmiyyətinə qarşı bütün növ siyasi, həmçinin də kiber təqiblərə son qoyulsun.