Bu gün, dekabrın 25-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Xankəndidə terror törətməkdə ittiham olunan Qarabağda yaşayan erməni Avanesyan Karen Albertoviç haqqında açılan cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Prosesə hakim İlkin İbişov sədrlik edib.
Məhkəmədə Avanesyan Karen son sözlə çıxış edib. Bundan sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən Karen Avanesyan 16 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Avanesyan qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah daşımaq maddələri ilə ittiham olunur.
DİN bildirirdi ki, o, sentyabrın 14-də yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu dörd sandıqcanı, eləcə də beş qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən saxlanıb.
Təqsirləndirilən şəxsin ittihamlara münasibəti məlum deyil.