Jurnalist təcridxanaya köçürülüb
Jurnalist Əfqan Sadıqovun günlərdir “Bandotdel”də saxlandığı məlum olub. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Sevinc Sadıqlı məlumat verib. Bildirib ki, 6 gündür axtarmadıqları yer qalmayıb. Polisə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel” kimi tanınır) müraciət ediblər:
“Bu gün Əfqan zəng etdi ki, Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasına gətirilib. Bugünədək isə “Bandotdel”də saxlanılırmış. Səsindən hiss etdim ki, halı yaxşı deyil. Yəqin ki, işgəncə verilib. Telefonla normal danışa da bilmədik. Yanında adam olduğundan ətraflı məlumat verə bilmədi. İşgəncə veriblər ki, orda saxlayıblar, yoxsa niyə gizlədiblər?”
Sevinc Sadıqova sabah, iyunun 13-də Əfqan Sadıqov ilə görüşəcəyini də söyləyib:
“Onunla danışandan sonra daha ətraflı məlumat verəcəyəm. Vəkili onun işi ilə bağlı apelyasiya şikayəti verib. Bugünlərdə məhkəməsi olmalıdır. Ancaq dəqiq günü və saatını demirlər. Görünür, bizim iştirak etməyimizi istəmədikləri üçün gizlədirlər”.
Jurnalist Əfqan Sadıqov iyulun 6-da Cəlilabad rayonunda saxlanılıb. Saxlanma səbəbi ilə bağlı ailəsinə heç bir məlumat verilməyib. İyulun 9-da Daxili İşlər Nazirliyi onun və digər 9 nəfər vətəndaşın həbsi ilə bağlı məlumat yayıb. Səbəb kimi Azərbaycanda yaranmış enerji fasiləsi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə paylaşım etmələri göstərilib. Onlar qeyri-qanuni çağırışlar etməkdə təqsirli bilinərək 30 gün müddətinə həbs ediliblər.
İyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki İES-də bir blokun yanması nəticəsində ölkədə elektrik enerjisinin verilməsi dayandırılıb. İyulun 4-də isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı sui-qəsdə məruz qalıb. Hər iki hadisə ölkə ictimaiyyəti tərəfindən müzakirə mövzusuna çevrilib.
Jurnalist Əfqan Sadıqov həbs müddəti bitdiyi üçün mayın 22-də azad edilmişdi.
“Azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.