”Xalxın kişiləri” və heç zad…

Məcburi alçaqlıq belə, yenə də alçaqlıqdır. Bunu hər dəfə xatırlatmağa ehtiyac var…

Source:
Nazlı Ağayeva
Nazlı Ağayeva

Məcburi alçaqlıq belə, yenə də alçaqlıqdır. Bunu hər dəfə xatırlatmağa ehtiyac var…

Yaxın dostumun tez-tez paylaşdığı fikrə görə Azərbaycanda bu gün hər diribaş qadının uğuru bir zəif kişinin istismarından keçir. Zəiflik və istismar qismi barədə heç nə deyə bilmərəm, amma son ayların ulduzuna çevrilmiş Zamirə Hacıyevanın simasında diribaş qadın gördük. O qadın ki, ən adi gündəlik tələbatlarını normal yerinə gətirə bilməyən dustaq ərinin tam əksinə dünyanın bahalı Londonunda həyatın dadını cəsarətlə çıxartmaqdadır. Üstəlik bizdən çalınan milyonları sərhədsiz fantaziyalarına sərbəst xərcləməklə. Hərçənd xanım o pulların heç olmasa bir hissəsini hansısa xeyriyyəçi məqsədlərə yönəltsəydi, həm vicdanı rahatlaşardı, həm də çirkli pulların o hissəsi yuyulub ünvana yetişərdi. Bu gülməli variantı da mənim maymaq fantaziyama yazın. Çünki Avropa sakinəsi Zamirə Hacıyeva nəticədə tipik milli məmur arvadıdır. Nə qədər aşıb-daşsa, onların maliyyə sərhədləri özlərindən kənara çıxmaz.

Ölkədə bu qədər gəmiricilər varkən “qəriban” Zamirəyə ilişmək özümə ayıb gəlsə də, düşündüm ki, qoy hazırda çöldə olanların içəri atılanda gözləri arxada qalmasın. Kirli-gizli milyonları sevimli xanımlar elin avropalarında sağa-sola dağıtmaqla ayrılığın stressini çıxardacaqlar. Qısası, ailə prinsipləri etibarlı əllərdədir. Olmasaydı, həmin o qadınlardan bircəsi indiyədək evə daşınan küllü vəsaitin hesabını istəyər, açıqlama tələb edərdi. Qamarlanan haram sərvətlərdən imtina edib balalarını təvazökar ünvanda, təmiz mühitdə uyğun şərtlərlərlə yetişdirərdi. O halda o uşaqlar indikindən daha mükəmməl böyüyərdilər. Amma belə şeylər bu ölkədə yalnız kinolarda olur. Həyatda isə onların yerişini yeriməyə can atan xeyli “heyranlar” var.

O heyranlar hətta cüməaxşamları üçün qarderoblarını yeniləməklə həyatlarına rəng qatmağa çalışırlar. Göstərişli tədbirlərdən, “elitar”məclislərdən xoşbəxt ailə fotoları paylaşırlar. Tabloda həyat yoldaşlarına pərçimlənirlər ki, bacarıqlı kişinin arxasındakı güclü qadın görünüb göz çıxartsın. Əlbəttə, kişinin artıq böyük adam olduğunu və ondan daha böyük “şefinin” də belə reklamlara münasibəti çox önəmlidir. Bildiyim bir xanım, məsələn, filankəs “müəllimin” xasiyyəti ağırdır deyə yaxınlarının xeyir-şərinə də qatılmır. Üstəlik ona rəsmən aid olmayan bu ağırlığı daşımaqdan məmnun və xoşbəxtdir. Azadlıq sözdə gözəldir, qadağalar, çərçivələr isə daraldıqca faydalı olur. O faydalı təbəqə naminə “xalxın kişiləri” ilə başlanan sitatlarla bahalı qaş-daş, mal-mülk, “uşaqlara gün ağlamaq”, imkanlı tanışların dolanışığı və sairələr üstündə çox şüvənlər salınıb, beyinlər yeyilib.

Belə, əziz xanımlar… Xeyli bu kimi həmlələrdən sonra kişinin kimlərinsə ayağına gedib minnət etməkdən, boyun əyməkdən savayı çarəsi qalmır. Siz həyat yoldaşınızın üzərindəki qələbənizi bayram etdiyiniz zamanlarda o hər gün “intihar edərək” içindəki mənini öldürməyə çalışır. Özünü hər gün yaraşıqlı mənzilinin tavanından “asır”, bahalı avtomobilinin təkərinin altına “atır”, qonaqlıqların, tədbirlərin büllur qədəhləri ilə damarını “kəsir” və xeyli çabalardan sonra, nəhayət, özündən qurtula bilir.

Bundan sonrası kortəbii özfəaliyyətdir. Özündən bircə pillə yuxarıda oturanın çantasını daşımaq, söz çatdırmaq, yaltaqlıq etmək və sairə klassik üsulları vəzifə borcu hesab etməkdir. Həmin borcun müqabilində üst-üstə yığılmış məbləği yuvarlaqlaşdırmaq, kvadratları çoxaltmaq, ərazini böyütmək ehtirasıdır.

Siz onları dəyişməklə yalnız öz məişətinizi, həyat tərzinizi dəyişmədiniz, bizim işgəncəmizi də artırdınız. Çünki onlar bu gün yuxarıdakı sərvətə bizim olmayan qanımızdan-canımızdan pay qatanlardır. Yalnız qanımız-canımız deyil, o sərvətin içində məhz onların ədalətinə pənah gətirənlərin üzünə çırpılan qapılar var, həlqəsinə çevrildikləri zəncirdən qopmamaq üçün qopardılıb atılan kövrək ümidlər var və xeyli çəkilməsi mümkünsüz vicdan yükləri var.

Olsun, əsas ki, nəyin bahasına olur-olsun güzəran qurub övladlarınıza gün nədir, əsr ağlamısınız. Xoşbəxtsinizmi, xanımlar? Bəli! Həm də yalnız bu dünyada yox. Cənnət də anaların ayaqlarının altındadır, axı. Bir şey deyimmi? Vallah, belə ucuz cənnətdənsə normal cəhənnəm yaxşıdır.

P.s. Öz sürəti ilə yeriyən qürurlu kişilərin qadınları heç bir vəchlə yuvasını soyumağa qoymayan istiqanlı, gözütox həyat yoldaşları, möhtəşəm, cəfakeş anadırlar. Bir-birini tamamlayan belə istisnalar hətta bu ölkədə xoşbəxtliyin kitabını yaza bilirlər. Qalanı təfərrüatdı…

Ana səhifəMənim Fikrimcə”Xalxın kişiləri” və heç zad…