Xaltura yolu ilə cənnətə girmək

Əksini düşünməyə belə utanıram!

Source:

İngilis yazıçı Conatan Svift deyirdi ki, pozulmuş şüur yırtıcı heyvan kütlüyündən daha pisdir. Dünən Parisdə altı terror aktı zamanı azı 153 nəfər ölüb, 200 nəfər yaralıdan 80 nəfərə yaxın insanın durumu kritikdir. İŞİD bu terror aktlarını öz üzərinə götürüb. Böyük Britaniya boyda əraziyə malik bir təşkilat planetimizin yeni bəlasına çevirilib. Onların sırası günü-gündən genişlənir. Azərbaycandan da son vaxtlar həmin sıralara qoşulub, ərəb çöllərində vuruşmağa gedənlər az deyil. Əgər ölkəmizdə zavod və fabriklər açılmasa, gedənlərin sayı lap çoxalacaq. Çünki bizdən gedənlərin 90 faizi ideya uğrunda yox, pula görə gedirlər. Bu haqda hökümətimiz ciddi düşünməli və tədbir görməlidir.

Özünü “İslam dövləti” adlandıran bu təşkilat qadınları əsir tutub, onları cinsi istismar edir və bunun adını “şəriət” qoyur. Bir məsələyə diqqətinizi yönəltmək istəyirəm! 14 əsr öncə peyğəmbərimiz müharibələr zamanı bəzi qadın əsirlər tutmuşdu, amma onların heç birini cinsi istismara məruz qoymamışdı. 8 yaşından 80 yaşına qədər olan qız-qadını 150 dollara satanlarla İslam peyğəmbərini müqayisə etdiyim üçün inanclı insanlardan üzr istəyirəm. Ümumiyyətlə Qurani-Kərimdə “Muhamməd” surəsi, 4-cü ayədə hərb vəziyyətində tutulan əsirlər barəsində belə qeyd olunur: “Onları ya fidyə (az miqdarda pul) müqabilində azad edin, ya da istəsəniz, pulsuz-parasız azad edin”!

Peyğəmbərimiz heç bir qadın əsiri cariyəsinə çevirməyib. Tutduğu 4 qadından 2-sini öz xoşu ilə azad edib. 2 qadın Safiyə və Cüveyriyə özləri öz iradələri ilə peyğəmbərimizlə ailə həyatı qurublar. Xatırladım ki, Safiyə bir yəhudi liderinin qızı olub və hətta evləndikdən sonra da peyğəmbərimiz ondan dinin dəyişdirməsini tələb etməyib. Bu gün isə İŞİD digər təriqətə mənsub müsəlmanları vəhşicəsinə öldürür.

Keçən dəfə onlara məxsus bir video izlədim və xeyli müddət sarsıntıdan özümə gələ bilmədim. Deməli, İraqın hansısa şəhərində yolu kəsib, özlərinə məxsus reyd aparan İŞİD-çilər yük maşınlarının sürücülərini maşınlarından düşürüb, hansı təriqətə məxsus olduqlarını soruşurlar.

Həyəcan və qorxu içində olan sürücülər yalan-gerçək “sünni-sələfi” olduqlarını qeyd edəndən sonra onlara namazı necə qıldıqlarını göstərməyi əmr edirlər. Bir çox sürücünü namazı düzgün göstərə bilmədikləri üçün “imtahandan” kəsilir və qəddar şəkildə cəzalandırılıb, öldürürürlər. İndi yazdıqca da həmin şeylər göz önümdə canlanır və çox pis oluram.

Bacım inanclı biridir. Namaz və digər ibadətlərini yerinə yetirməkdən savayı, dünyəviliyini də qoruyub saxlayır. Təhsili prioritet sayır və müəlliməlik peşəsinin keyfiyyətlərindən istifadə edib, bəzi azyaşlı uşaqlara təmənnasız ingilis dilini də öyrədir. O, hənəfi, sünni təriqətindədir. Bacımın həyat yoldaşı isə şiə təriqətində olan bir gəncdir. İnsanları təriqətinə, inancına və millətinə görə ayıran biri deyiləm. Bacımdan misalı ona görə gətirmək istəyirəm ki, o, həyat yoldaşı ilə heç vaxt mənsub olduqları təriqətlərə görə mübahisə etməyiblər. Bizim ailənin xristian, yəhudi və ateist dostları var. Həmişə onlara qarşı tolerant və sayğılı davranmışıq. Əksini düşünməyə belə utanıram.

Bir insanın din, irq və millət təəsübkeşliyi ilə hərc-mərclik salması, digərini diskriminasiyaya sövq etməsi ən çirkin əməldir. Bu qeyri insanı əməllərin sahibi ilə eyni bioloji mənsubluğu duyduğum üçün xəcalət çəkirəm.

Bunlar geni modifikasiya olunmuş bəzi təhlükəli məhsullar kimi eyni təbiətə məxsusdular. “10 gecə təravih namazı qıl, gir cənnətə, 100 salavat çək, gir cənnətə, Bəşər Əsədə qarşı vuruş, gir cənnətə, fransızları öldür, gir cənnətə” və s. bu cür absurdlarla insanlıq, elm və dünyamız üçün ediləcək olan faydalı əməllərin qarşısını alaraq, öz cənnətlərini “xaltura” yolu ilə əldə etmək istəyirlər. Faydasız olduğu qədər zərərli olan bu kəsim əməyi xor görüb, tənbəlliyi və cəhaləti təbliğ edir. Bütün dünyaya müsəlmanları Parisdə yaşananların ssenarist və təşkilatçısı kimi tanıdırlar.

Quranda dindən çıxmaq barədə heç bir radikal hökm yoxdur. O, şəxsin əməli boşa getmiş sayılır. Bu mənəviyyatsızlar isə özlərindən uydurduqları hədislərlə dində olmayanları ölüm ilə cəzalanmasının tərəfdarıdılar. Cahillik ən böyük düşməndir. Fransızların ölümünə sevinənlər də cahillərdir. Qütbləşmənin qarşısını almaq üçün maarifpərvər şəxslərdən xahiş edirəm, insanlarımızı birliyə çağırsınlar. Onsuz da yetəri qədər bölünmüşük. Toparlanmağa ehtiyacımız olan vaxt hisslərə qapılıb, sağlam düşüncəyə sahib inanclı insanları da hədəfə almayaq. Hər kəsə sülh və sevgilər!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəXaltura yolu ilə cənnətə girmək