müşavirə

Mənbə: Foto: arxiv

Başlıq: müşavirə

''Xalqını qələbəyə apara bilməyən dövlət mütləq xalqın üzərində qələbə çalmağa çalışacaq''

Məqalə yeniləndi:  23 İyul 2019

İsa Qəmbər: ''Nə zaman ki, Azərbaycanda xalqın hakimiyyəti olacaq, xalq öz torpaqlarını işğaldan azad edəcək''

23 iyul Ağdamın işğalı günüdür. Hər il aprelin 2-i Kəlbəcərin işğal gününü qeyd etməkdən başlayaraq yay ayları Azərbaycan rayonlarının işğal təqvimləri ilə xatırlanır, 8 mayda Şuşa, ondan bir həftə sonra Laçın, 27 iyunda Ağdərə, bu gün Ağdam, avqustda Cəbrayıl, Füzuli, Qubadlı, nəhayət oktyabrda Zəngilan. Beləliklə, 25 ildən çoxdur hər il Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalı qeyd olunsa da, ərazi bütövlüyümüz təmin olunmur. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minqsk Qrupunun həmsədr dövlətlərinin diplomatları ildə bir neçə dəfə regiona təşrif buyurub tərəfləri güzəştə dəvət etməklə missiyalarını yerinə yetirdiklərini düşünürlər. Bu gedişatda 25 il əvvəl doğulanlar arasında atəşkəs rejimində həlak olanlara da rast gəlinir. Bu mənada itirilən zamanı qeyd edənlər düşünür ki, prosesin uzanması istər-istəməz insanlarda problemin həll olunacağına, ərazilərin qaytaralacağına inamsızlıq yaradır.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər işğal tarixinin uzanmasının nə vaxta qədər davam edəcəyi barədə suala belə cavab verib:

“Məsələ orasındadır ki, Qarabağ və ətraf rayonlarımızı Ermənistan Moskvanın dəstəyi ilə işğal etdiyi kimi, Əliyev rejimi də Rusiyanın köməyi ilə bütövlükdə ölkəmizi işğal altına alıb. Bu iki işğal bir-biri ilə bağlıdır. Mən hesab edirəm ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycanda xalqının hakimiyyətini bərqərar etmək eyni dərəcədə və eyni zamanda həll ediləcək problemlərdir. Nə zaman ki, Azərbaycanda xalqın hakimiyyəti olacaq, xalq öz torpaqlarını işğaldan azad edəcək. Mən inanıram ki, buna o qədər də çox zaman qalmayıb, işğal dövrünün çox böyük hissəsi gedib, çox az hissəsi qalıb. Amma bunun üçün millət və cəmiyyət olaraq hərəkət edib fəaliyyət göstərməliyik. Fədakarlıq göstərməliyik ki, qələbə gününə Azərbaycanda xalqı hakimiyyətinin bərqərar olduğu və torpaqlarımızın işğaldan azad edildiyi günü yaxınlaşdıraq”.

İsa Qəmbər

İsa Qəmbər

Mənbə: meydan.tv

“Demək istəyirsiniz ki, ərazi bütövlüyünün bərpası hakimiyyətin dəyişməsindən və demokratik cəmiyyətin quruylmasından keçir” sualına İ.Qəmbər “həlledici dərəcədə belədir” cavabını verib.

Milli Məclisdə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsini təmsil edən Elman Məmmədov bu barədə sualın yalnız bir cavabı olduğunu deyir:

“Torpaqları işğaldan azad etmək lazımdır, başqa cavab yoxdur. Yəqin əlavə sual verəcəksiniz ki, bunun üçün nə edilməlidir, birinci, ordumuzun gücündən istifadə etməliyik. Biz başqa dövlətə qarşı müharibə etmirik, ərazimizdə olan hərbçi separatçıları çıxardıb ərazi bütövlüyümüzü təmin etməliyik. Buna Azərbaycan qanunları və beynəlxalq hüquq təminat verir”.

Deputat Rusiyanın Şimali Qafqazda 20 ildən çoxdur antiterror əməliyyatları keçirdiyini xatırldaraq bildirib ki, Kreml rəsmiləri bunu gizlətmirlər:

“Onlar deyirlər ki, ərazilərindəki qeyri-qanuni silahlı birləşmələri məhv edirlər. Eyni addımları Azərbaycan da edə bilər”.

“Bəs niyə edilmir, kim mane olur” sualına Elman Məmmədov cavab verib ki, dünya beynəlxalq hüquqla idarə olunsa, heç kim mane olmaz. Ancaq dünya bu gün beynəlxalq qanunlarla, ədalətlə yox, güclə idarə olunur. Elə beynəlxalq güclər də ərazi bütövlüyümüzü bərpa etməyə mane olur. Onlar işğala dəstək verdilər, bu gün də işğalın davam etməsinə kömək edirlər, bu, gizlin deyil. 30 ildir vasitəçilər bizə səbrli olmağı, siyasi iradə nümayiş etdirməyi tövsiyə edirlər, bu ifadələr isə işğalçının və beynəlxalq güclərin maraqlarına cavab verir:

Elman Məmmədov

Elman Məmmədov

Mənbə: meydan.tv

"İşğal faktı uzaqdıqca, Ermənistan qeyri-qanuni məskunlaşma siyasəti aparır, tariximizi saxtalaşdırırlar. 90-cı illərdə ərazilərimizə köçürülən ermənilərin övladları separatçı qurumun pasportunu göstərərək oranın vətəndaşı olduğunu deyir. Halbuki, Qubadlıda, Kəlbəcərdə və digər rayonlarda heç vaxt erməni yaşamayıb. Ona görə bunlara son qoymaq üçün Azərbaycan ordusunu gücləndirməli, daxili sabitliyini qorumalıdır. Bəli, ordumuz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və biz bundan istifadə edib addım atmalıyıq”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Ağdamın işğalı ilə bağlı Şəhidlər Xiyabanında olduğunu xatırladaraq bildirib ki, bu ziyarətlər, çıxışlar təsəlli də deyil:

“Dövlətin münasibətini də xiyabanda gördük, dövlət xiyabanda nə əklil qoymuşdu, nə də məşəli yandırmışdı. Ağdamın işğal günüdür, ancaq bütün radio və televiziyalar musiqili proqramlar yayımlayır. Bunlar məqsədyönlü edilir və hakimiyyətin Qarabağ məsələsinə münasibətinin təzahürüdür”. İlham İsmayıl hesab edir ki, “nə etməli” sualına “xalq tələb etməlidir” cavabı var, başqa heç nə:

İlham İsmayıl

İlham İsmayıl

Mənbə: meydan tv

“Bəli, xalqın önündə liderlər və təşkilatlar olmalıdır. Xüsusilə əraziləri işğal olunan rayonların əhalisinin hamısı ayağa qalxıb Qarabağı tələb etməlidir. Xalq tələb etməsə, biganəlikdən istifadə edib təslimçilik siyasətini davam etdirəcəklər. Xalqını qələbəyə apara bilməyən dövlət mütləq xalqın üzərində qələbə çalmağa çalışacaq. Biz buna imkan verməməliyik”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 İyul 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x8o4b0

Ən çox baxılan