Xalqın xüsusiyyəti yoxdur

Toplumları rejimlər formalaşdırır, rejimləri toplumlar yox

Source:
19 yanvar mitinqi
19 yanvar mitinqi

Əksəriyyətini çinlilərin təşkil etdiyi neçə müstəqil və yarım-müstəqil dövlət var, bilirsiniz? Mən 5-ni saydım – Çin Xalq Respublikası (ÇXR), tanınmamış Çin Respublikası (biz bunu Tayvan kimi eşitmişik), Honq-Konq, Aomın, Sinqapur. Bunlar hər biri fərqli sistemlərdir. ÇXR kommunist ideologiyasını əsas elan edib, ölkədə totalitarizmdir (1 partiyadan başqa bütün partiyalar qadağandır. Kommunist Partiyasından başqa “mövcud olan” daha 5 partiya isə Kommunist Partiyasının oyuncaq peykləridir), amma eyni zamanda kapitalist yönümlü iqtisadiyyat qurulması istiqamətində dövlət mərkəzli təşəbbüslər həyata keçirilir. Dünyada unikal sistemlərdən biridir, nəticəsi də çox ziddiyyətlidir: belə ki, makro-iqtisadi göstəricilərdə dünyanın ən güclü ölkələrindəndir, amma insanların maddi vəziyyəti, insan hüquqlarının səviyyəsinə görə durum acınacaqlıdır.

Tayvanda isə kapitalizmdir, demokratiyadır, ÇXR-a nisbətən kiçik olmasına baxmayaraq, nəhəng iqtisadi uğurları ilə fərqlənir. Eyni zamanda insan hüquqlarına da qoyulan hörmətdə ÇXR-dan xeyli qabaqdadır.

Honq-Konq və Aomın müvafiq olaraq Britaniya və Portuqaliyanın mülkləri olmuş anklav ərazilərdir. 1990-cı illərin sonlarında hər iki ərazi ÇXR ilə Britaniya və Portuqaliya arasında olan razılaşmalara əsasən, şərtlərlə ÇXR-nın tərkibinə qatıldılar. Amma bu, ağrısız baş vermədi. Məsələn, Honq-Konq Britaniya demokratiyasını mənimsəmiş, kapitalist iqtisadi quruluşa malik yerdir. ÇXR-nın totalitar siyasəti onlarda etiraz doğurur. 2014-cü ildə baş vermiş etirazlar bunların ən genişlərindən biri idi.

Sinqapur isə özünəməxsus sistemə malik şəhər-dövlətdir. Bu kiçik ərazidə əhalinin ¾-ü çinlilərdir. Onlar siyasi azadlıqların olmadığı, amma iqtisadi azadlıqların yüksək səviyyədə təmin olunduğu dövlətdə yaşayırlar. Klassik nəzəriyyələrin ehtimallarına zidd olan bu gerçəklik dünyada nadir fenomenlərdəndir.

Bu, sübut olunmaqdan bezmiş arqumentdir ki, xalqın xüsusiyyəti kimi təqdim olunan nələrsə əslində boş şeylərdir. İnsan toplumunun necə yaşaması, hansı hadisələrə reaksiya verməsi, üsyankar, yoxsa müti olması, proqressiv, yoxsa gerizəkalı olması – hamısı onun başında duran siyasi rejimdən asılıdır. Çinlilərin (bunlara lap mandarinlər də deyə bilərsiniz) 5 fərqli sistem yaratması və bu sistemləri yaşatması, hər biri ilə fərqli uğurlar qazanması, eləcə də fərqli rüsvayçılıqlara imza atması reallıqdır. Əgər çinlilər honq-konqlular kimi üsyankardırlarsa, niyə milyarddan çox çinli ÇXR-də siyasi cəhətdən hüquqsuz vəziyyətdə yaşayır? Əgər çinlilər mütidirlərsə, niyə Tayvanda qeyri-demokratik hərəkət edən deputatları döyüb, qovurlar? Əgər çinlilər Sinqapurdakı kimi siyasi hüquqlarını vecə almadan yaşaya bilirlərsə, niyə Honq-Konqda demokratiya uğrunda mübarizə aparırlar?

Bu “xalqın xüsusiyyəti” “əsaslandırması”nın yanlışlığına Türkiyədə olarkən, bir daha əmin oldum. Dili, qədim keçmişi, dini bir olan qardaşlarımız – Türkiyə. Azərbaycanda Türkiyə sevgisi yüksək həddədir: “Qalatasaray”ın qələbələrində ağlayan, Hasan Şaşın sol ayağına qurban olmağa hazır olan, türk ordusu ilə qürur duyan, atatürkçü, bozqurdçu, hətta ərdoğançı yüzminlərlə (bəlkə, milyonlarla) azərbaycanlı var. Bütün bu mənəvi yaxınlığın, qardaşlığın fonunda bir həqiqət var – Türkiyə və Azərbaycan arasında dil və dindən başqa heç bir oxşarlıq yoxdur. Qətiyyən yoxdur. Adi məişətdən tutmuş, elmə, təhsilə münasibətə, gündəlik həyata, incəsənətə, siyasətə qədər – HEÇ BİR ŞEYDƏ bir qram da oxşarlığımız yoxdur. Türkiyə ilə Azərbaycanın oxşarlığı Lesoto ilə Azərbaycanın oxşarlığı qədərdir. Tamamilə fərqli toplumlar, fərqli ölkələrik. Amma biz, demək olar ki, eyni xalqıq. Stalin adımızı dəyişməsə idi, indi də Azərbaycandakı etnik çoxluq türk dilində danışan türklər adlanırdı. Necə ki, honq-konqlular da çinlidir, tayvanlılar da, sinqapurlular da, ÇXR əhalisinin əksəriyyəti də.

Səbəb məlumdur: toplumların xüsusiyyətləri onları idarə edən rejimlərə uyğundur, toplumları rejimlər formalaşdırır, rejimləri toplumlar yox. Səlcuqların Xəzərin qərbində qalan hissəsi ilə Kiçik Asiya yarımadasında məskunlaşan hissələri əsrlərlə fərqli siyasi rejimlərin altında yaşadıqlarına görə, indi Azərbaycanla Türkiyə danışanda bir-birlərinin dillərini anlasa da, bir-birləri ilə bənzərlikləri olmayan toplumlardır. Bəs niyə hansısa rejim Azərbaycanda və ya Türkiyədə, yaxud Çində hakim olur? Bunun səbəbləri çoxdur – coğrafi də, iqtisadi də ola bilər və s. Əksər vaxt bir çox müxtəlif mənşəli səbəblərin kompleks təsiri nəticəsində hansısa siyasi rejim ortaya çıxır. Amma əmin olun, bu səbəblər içərisində “xalqın xüsusiyyəti” deyilən amörf anlayış yoxdur. Çünki, ümumiyyətlə, belə anlayış mövcud deyil.

Mövcud olsa idi, “çin xalqının xüsusiyyəti” nədir, görəsən?



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəXalqın xüsusiyyəti yoxdur