Bu gün Azərbaycan xalqı anladı ki, başını aşağı salıb yaşamaq da mümkün deyil bu ölkədə. Sən çəkindiyindən siyasətə qarışmaya bilırsən. Etiraz aksiyalarına çıxmaya bilərsən. Mitinqə getməyə bilərsən. Insanlar həbs olunanda, döyüləndə səsini çıxarmaya bilərsən. Sən gözünlə gördüyün haqsızlığa, haqsızlıqlara gözü yum bilərsən. Təki mənə, ailəmə, evimə heç nə olmasın məntiqi ilə yaşaya bilərsən. Sən siyasətdən, etirazlardan, aksiyalardan, səni vətəndaş edəcək hər şeydən uzaq dura bilərsən ki, təki sənə, ailənə heç nə olmasın.
Amma bu səni xilas etməyə bilər. O sakitlik, o nizam günlərin birində sənin qapının qarşısında dayanıb, evini başına yıxmağa hazır buldozerlə pozula bilər. Bu sakitlik günlərin birində kiminsə ehtiyatsız alışqanından alovlanan ucuz bina üzlükləri ilə pozula bilər. O sakitlik bir gün ordudakı oğlunun zabit ehtiyatsızlığı, özbaşınalığı ucbatından, ordudakı iyrənc sistem ucbatından donması, yanması, zorlanması, öldürülməsi ilə pozula bilər. O sakitlik günün birində harın bir məmur balasının küçədə qızınızı döyməyi, yerlə sürüməyi ilə pozula bilər.
Çünki, bu ölkədə heç kimin heç nədən sığortası yoxdur.
Bu gün yanan bina faciə, izitrab, dəhşətlə yanaşı, həm də bir simvol idi. Rejimin öz vətəndaşlarına, xalqına, insanlara olan münasibətinin simvolu. O yanan bina deyildi, rejimin müasir inkiviziya tonqalı idi. Sədəcə bir fərqi vardı ki, motiv bəlli deyildi, onsuz da çörəyini daşdan çıxaran məzlum xalqdan nə istədikləri bəlli deyildi. Ilahi, insanlar qaranquş, sərçə dimdiyində palçıq gətirib, buğda-buğda yuva tikən kimi özünə bir ev qaralasın, illərlə manat-manat, qəpik-qəpik pul yığsın, içini abıra salsın, min bir məhrumiyyətlə ipotekasını, borcunu ödəsin, sonra da belə…
Sən ali təhsil al. Həkim ol. Ailə qur. Dişinlə-dırnağınla bir ev al, ipotekaya gir, borca gir. Min bir zillətlə uşaq doğ, böyüt. Geyindir, ad günü keçir, düşün ki, xoşbəxtsən. Sonra da kiminsə zavodunun buraxdığı “oblitsovka”dan pul qazansınlar deyə, balan yansın, evin yansın, ailən bir günün içində darmadağın olsun…
İlahi, neçə insan öldü, neçəsi travma aldı, neçəsi doğmasını itirdi, neçəsi evindən- yurdundan oldu?! Niyə? Nədir bu xalqən günahı? Illərlə sərvətini taladınız, öz evində, öz ölkəsində yetim kimi, kirayəçi kimi yaşatdınız, başına olmazın oyunu gətirdiniz…İndi neft pulları qurtarır deyə, hansısa milyonçudan, oliqarxdan bir-iki milyon qopartmaq üçün niyə yandırısınız xalqın balasını?
İlahi, xalq hələ nəyi gözləyir? Axı bu rejim yeganə yaxşılığını edib bu xalqa: hamıya xarici passport verib ya da onu alma imkanı verib. Bu faciədən, bu simvolik olaydan sonra xalq əslində bir gecənin içində tərk etməlidir o dəhşətli ölkəni. Bu ölkə dünya tarixində ziyalıları, dissidentləri, oliqarxları, aktivistləri deyil, xalqı qaçıb gedən ölkə kimi qalmalıdır.