Erməni əsilli, Amerikalı aktrisa və model Kim Kardaşyanın ata yurduna gəlişinə bizimkilərin rekasiyası adamı dəhşətə gətirir. Gəlin, ondan başlayaq ki, Kim Kardaşyan kimdir? Bizimkilər isə onun adını nə qoyub? Bu xanım barədə bütün mənbələr onun aktrisa və model olduğunu deyir. Azərbaycanlılar isə ziyalısı, cahili, fəhləsi, həkimi, siyasətçisi qarışıq, israrla ona “pornoulduz” deyir və yazırlar. Azərbaycan mətbuatı illərdir sadəcə damarında erməni qanı axdığına görə bir aktrisa ilə dirəşib, onu “pornoulduz” kimi təqdim edir. Halbuki, pornoindustriyada Kim Kardaşyan adlı aktrisa yoxdur. Peşman olub, evində oğlanı ilə isti anlarını çəkib, video da hansı yollasa internetə yol tapıb, bir videoya görə bütün bir ölkənin mətbuatı bu aktrisanı pornoulduz elan edib. Elə hər videosu çıxan pornoulduz olsa, onda elə bizdə də kifayət qədər pornoulduz var ki… Sadəcə, bizimkilər dünyada tanınmır. Kimdən fərqli olaraq.
Lap pornoulduzdur, ondan bizə nə? Bir xalq başqa bir xalqla “hansımızın qadını daha namusludur?” davası edərmi? Ayıb deyilmi? Bizi nədir narahat edən? Kim Kardaşyanın məşhurluğu? Yoxsa belə məşhur aktrisanın erməni olması? Yoxsa, erməni olub, pornoulduz olub, həm də vətənpərvər olmasını həzm etmirik? Əgər belədirsə, deyim ki, Kardaşyanın vətəpərvər, millətini sevən aktrisa olmağına mənim ciddi şübhəm var. Vətənini, millətini sevən adam dirisini qoyub, ölüsünün dərdini çəkməz. Ən azından, ikisini də birdən çəkər. Yoxsa, Ermənistanda hakimiyyət xalqa zülm eləsin, əhali kasıblıq, səfalət içində yaşasın, kasıb-kusubun uşağı cəbhə xəttində donsun, varlının uşağı xaricdə oxusun, sən də bunların heç birinə dinmə, amma 100 il əvvəl millətinə qarşı edilənin davasını apar. Erməni xalqının düşməni bu gün hakim rejimdir, nəinki hansısa millət. Kim Kardaşyanın buna səsi çıxırmı? Yox.
Sən dirilər qala-qala ölülərin dərdini çəkir, davasını aparırsansa, bu vətənpərvərlik, milləti sevmək deyil. Bu, şoudur. Dünyanın ən hiyləgər, ən riyakar, ən mənhus qəlbli şoumenləri millətçilərdi. Əgər bir insan millətçilik davası edirsə, millət söhbəti edirsə, deməli, o alverçidir. Savadından, titulundan, sosial statusundan, vəzifəsindən asılı olmayaraq, bütün millətçilər alverçidirlər. Onlar öz maraqlarının adını “millətçilik” qoymaqla öz bizneslərini, alverlərini sığortalayırlar.
Kim Kardaşyan da öz alverini edir. Ara yerdə biz niyə özümüzü biyabır eləməliyik? Kardaşyanın Ermənistana gəlişi ilə bağlı mətbuatdakı yazılar, sosial şəbəkələrdəki paylaşımlar ürək bulandırır. Baxırsan ciddi, ziyalı adamdı, “Kim Kardaşyanın dalı burdan gəldi, məməsi burdan getdi”, “Kim Kardaşyan millətini dalı ilə tanıtdırır” tipli ucuz, bayağı söhbətlər edir. Ciddi adam, ciddi toplum, ciddi xalq niyə bir aktrisanın hansısa bədən üzvü ilə düşmən olsun? Bu nə kompleksdir? Bu nə məzlum təsəllidir? Ayıb deyil?
Yox, bizim onlarla ölkədəki diasporalarımız öz millətləri üçün bir Kim Kardaşyan dalının edə bildiyini bacarmayıbsa, bunu etiraf ediriksə, bu başqa məsələ…
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.