Xalqı söymək nədən xəbər verir?

Içimizdəki Rembolar, Terminatorlar

Source:

Xalqa münasibət və ya xalqı söyməyə münasibət məsələsində son zamanlar mübahisələr qızışıb (ən azı mən gördüyüm dairədə). Kimi Nitsşenin “alman xalqı donuzdur” ifadəsindən yapışır, kimi kər kəsin Nitsşe ola bilməyəcəyini deyərək, xüsusi adamları xalqı söyməyə layiq bilir, kimi xalqı söyməyin rejimə yardım olduğunu deyir, kimi də maarifçiliklə hər şeyin həll oluna biləcəyini iddia edərək, xalqı söyməyə dolayı haqq qazandırır və s..

Bütün bu mövqelərdə mən 2 məsələnin qarışdırıldığını görürəm:

1. Xalqı xoş niyyətlə söymək;

2. Xalqı ittiham etmək və ya hər şeyin təqsirkarı kimi xalqı görmək.

Birinci halda məqsəd insanları dəyişdirməkdir, bu xalqın gününə ağlamaqdır. “Molla Nəsrəddin” də bunu edib, digər ziyalılarımız da. Ürəyi yana-yana “qadan alım, tupoyluq eləmə” deməyə oxşayır bu. Bu söyüş ziyalının borcudur və həmişə zəruridir (Əlbəttə, söymək burada geniş anlamdadır, məsələ təkcə cinsi əlaqənin müxtəlif pozalarını nəzərdə tutan təhqiredici ifadələrdən getmir).

Bir də ikinci məsələ var – niyyət xalqı xilas etmək, normal quruluş yaratmaq, islahat və ya inqilab etmək deyil. Niyyət müxtəlifdir – eqosunu təmin etmək, əsəbini tökmək, qız tutmaq, özünün ari irqə mənsub olduğunu göstərmək… Stop. Bu sonuncu məsələ mənim daha çox rastıma çıxır deyə, bu haqda danışmaq istəyirəm.

Fikri dəyişməklə zövqü dəyişmək fərqli şeylərdir. Zövq daha dərinə işləyir deyə, onu dəyişmək daha çətindir. Məsələn, bir nəfər döyüş filmlərindən zövq alır. Rembo, Çak Norris, Terminator-filan. Sonra başqalarından filmin keyfiyyəti, verə biləcəyi mesaj, incəsənət və s. haqda söhbətlər eşidir, məntiqi olaraq, ağlına batır və qərara gəlir ki, səviyyəli filmlərə baxsın.

Oturub “Həyat gözəldir”ə, “Pianist”ə, “Danimarkalı qız”a, “Balaca şahzadə”yə baxır. Söhbəti o qədər də tuta bilmir. Amma rasional olaraq, özünü məcbur edib bu stildə davam edir. Artıq bu adam fikrini dəyişib, zövqünə uyğun olmayan şeylərə baxır. Get-gedə zövqünü də formalaşdırır. Bir gün də elə vəziyyətə çatır ki, Terminator, Rembo onun zövqünü də oxşamır. Yəni zövq çətin dəyişir. Zövqün muğam, seçimin rok ola bilər. Amma bir müddətliyinə.

Gələk açar məsələyə: Bu formalaşma başa çatana kimi həmin ikihakimiyyətlilik dönəmində maraqlı bir şey yaşanır. İnsan zövqüncə olanları söyməyə, aşağılamağa başlayır. Çünki içində Terminator, Rembo, Çak Norris var. Onları rədd etmək istəyir. Söyür. Nifrətini göstərir. Bu, psixoloji olaraq, bir şeyi qavramaq üçün öz-özünə bərkdən deməyə oxşayır. Başqalarının yanında, xüsusən də sosial şəbəkələrdə, yazılarında söyür ki, başqaları “like” edəndə özü təkrar-təkrar baxsın. Özünün içindəkini özünə göstərir ki, içindəki mənasız, məntiqinə, rasional seçiminə zidd zövqündən tez azad olsun.

Özümü misal çəkə bilərəm. Ateist olandan sonra bir müddət başını buraxmışdım. Çox az mübahisəyə girirdim. Sonra sosial şəbəkələr keçdi əlimə. Başladım dini, dindarları söyməyə. Qabağıma keçəni ağ yuyub, qara sərirdim. Bir müddət sonra sakitləşdim. Bəzi dindar dostlarımın tolerantlığı məni ayıltdı həm də. Gördüm ki, içimdəki dini, doqmaları söyə-söyə çıxartmışam artıq. Mən özümü özümə göstərməklə məşğul olmuşammış. Artıq ehtiyac yox idi deyə, sakitləşdim.

Qayıdaq mövzuya. Xalqı söyməyin də həmin mərhələsi var. Onlar özlərini ari irq kimi göstərib söyürlərsə, deməli, içlərindəki mentaliteti söyürlər, ondan can qurtarmağa çalışırlar. Buna sosial şəbəkələrdə daha çox “ərgənlik” deyilir. Adlandırmaya çox da fikir verməyin. Əsas odur, mərhələni keçə biləsən. Mən ateistliyimin “ərgən”liyini keçəndən sonra artıq çox rahatam. Zorakılıq etməyən istənilən nəsnəyə etiqad edən adamla normal münasibət qururam. Məntiqlə, rasional düşünən adam da əvvəl xalqı söyür – içindəki “xalq”dan can qurtarmaq üçün.

Can qurtarandan sonra da xalqı söyməyə davam edir – ürəyi yandığı, xalqı xilas etmək istədiyi, onların daha gözəl quruluşda yaşamağa layiq olduqlarını dərk etdiyi üçün. Bu zaman aşağılamır, insanlara qarşı nifrət hiss olunmur onda. Çünki humanistdir, dəyərləri var, bilir ki, bir qrup insana fərdi qiymət vermədən, obyektiv təqsirləndirmə ilə ağzına gələni deməklə nəyəsə nail olmaq olmaz.

Obyektiv təqsirləndirmə (insanın şəxsi məsuliyyətindən asılı olmayaraq, onu təqsirləndirmək) başqa xalqlara qarşı olanda davamlı olmur. Məsələn, afrikalıları çox söyürlər bizimkilər – sivilizasion cəhətdən geri qaldıqları üçün. Amma bu, davamlı olmur. Qabağına video, xəbər çıxandan-çıxana söyür. Amma öz xalqını söymə mütəmadi xarakter daşıyır. Çünki adam içindəkini söyür, özü özündən yaxa qurtarmaq istəyir.

Bu yaxa qurtarma alınmayanda isə, adam bizim dövlət kimi “əbədi keçid dövrü”nə girir. Artıq anlayır ki, içindəki mentalitet, aşağı səviyyəli mənlik, rasistlik onu tərk edən deyil. Artıq onu içindən atmağa cəsarəti çatmır deyə, özünü təslim edir içindəki həmin aşağı mənliyə. Bununla da, onun ətrafa nifrin püskürməsinin niyyəti dəyişir. Başqaları onun kimi deyil deyə, hər kəsi söyür. Və bunu daim davam etdirir. Çünki qorxur ki, sussa, içindəki görsənər.

Elə bilir ki, susanda onu mentalitet adamı sayacaqlar. Başqasına “azer” deyir, elə bilir ki, özünü 9 (və ya 45) milyon adamdan daha yuxarı qaldırdı. Amma əksinə – özünün içindəki həmin “azer”i ata bilmədiyini göstərmiş olur. Ata bilmədiyinə görə, təhqiri təhqirə calayır. Reaksiya verən hər kəsə də avtomatik bayağı yarlıq yapışdırır: “səni narahat edirsə, deməli, özünü hədəf kimi görürsən. Deməli, sən “azer”sən”. Bu, əsgərlikdə uydurulmuş düşük bir şeydir. Belə ifadə olunur: “Obşakovı söyüşə cavab verən özü peysərdir”.

Yəni sən hər kəsə söyülən söyüşə fərdi olaraq, etiraz edirsənsə, deməli, məhz sən narahat olmusan, yəni məhz sənə ünvanlandığını, dolayı olaraq, özünün həmin söyüşə layiq olduğunu etiraf etmiş olursan. Hətta bizim hərbi hissədə kiminsə havaya buraxdığı ana söyüşünə reaksiya verən əsgərə “şübhələnirsənsə, telefon verim, anana zəng elə” deyirdilər. Yəni reaksiya verən adama “budur, məhz sən reaksiya verirsən, çünki təhqir olunanın özün olduğunu bilirsən” demək elə əsgərlikdəki həmin səviyyəsiz “məntiq”dir.

Bir sözlə, öz içindəki mentalitetdən, gerizəkalılıqdan yaxa qurtara bilməyən adamlar yaxa qurtara bilmiş və ya tədrici inkişaf yolunu seçmiş, yəni onlar kimi iradəsiz olmayan adamlara qarşı rasist mövqe tutublar. Hər kəsə “azer”, “tükəzban” deməklə, hər kəsin məhz özləri kimi olmasına çalışırlar. Məqsəd başqalarından “tükəzbanam, azerəm, yaxşı edirəm” sözünü qopartmaqdır.Onda hər kəsin özləri kimi olduqlarına əmin olacaqlar, rahatlanacaqlar.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəXalqı söymək nədən xəbər verir?