Xalqdan uzaq incəsənət xadimləri…

Rəsulzadənin əvəzinə Tağıyev

Source: president.az


Rəsulzadənin əvəzinə Tağıyev

Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə

görüşüb.

Dövlət başçısının bu kateqoriyadan olan insanlarla görüşü yalnız müsbət qarşılana bilər. Bütün dövrlərdə ziyalılar, mədəniyyət və incəsənət xadimləri xalqın sözünü, qarşılaşdığı problemləri, narahat olduğu məsələləri ölkə rəhbərliyinə çatdırmaq üçün ən yaxşı vasitəçilərdən olublar. Onlar dövlət başçısına məmurlardan fərqli olaraq xalqın sözünü sadə dildə çatdırmağı bacaran insanlar olublar.

Amma görüş haqqında reportaja baxdıqdan, dövlət informasiya agentliyində stenoqramı oxuyandan sonra bir daha əmin olursan ki, görüşə dəvət edilən yaradıcı ittfaqların rəhbərlərinin, incəsənət və mədəniyyət xadimləri adlanan şəxslərin xalq adından danışmağa mənəvi haqları qalmayıb.

Çıxış edənlər, görüşdən yalnız özləri, ailə üzvləri üçün prezidentdən xahiş etmək, ya da prezidentin daim onlardan eşitdiyi tərifnamələri birbaşa olaraq onun özünə deməkdən ötrü istifadə etdilər.

Çıxışların bəzilərindən qısa sitatlar, dediklərimizin əyani sübutudur:

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev:

“Dekabr ayında Siz məni qəbul etdiniz və mən Yazıçılar Birliyinin bir çox təklifini, xahişlərini Sizə yetirdim. Sizin tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev.

Bir neçə il bundan qabaq Sizin təşəbbüsünüzlə bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evi tikilməsi haqqında məsələ qaldırılmışdı. Siz tapşırıq verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Martda tikinti işləri başlanacaq. Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın”.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə:

“Bizim 90 yaşında bir bəstəkarımız var, Yaşar İmanov, Abxaziyadan qaçqındır. Artıq ailəsində üç nəsil musiqiçilər böyüyüb. Onun evi yoxdur. O, çox istərdi ki, 90 yaşında evi olsun. Mümkündürsə, bu məsələni həll edərdiniz. Biz çox minnətdar olarıq.

Təbii ki, gənc bəstəkarların da evə ehtiyacları var. Bu sahədə çox böyük işlər görülür. Amma bilirsiniz, gənc bəstəkarlar ailə qururlar və kirayədə qalmaq onlar üçün bir az çətin olur. Yeni tikilən o evlərdə bizə də imkan daxilində 5-6 mənzil versəniz, çox xoşbəxt olarıq.

Son illər nədənsə bizim bəstəkarlarımızın əsərləri alınmır. Burada çox böyük maliyyə problemi yaranır. Ona görə ki, bizim Bəstəkarlar İttifaqında 11 bölmə fəaliyyət göstərir və bu bölmələrdə bütün janrlara aid olan əsərlər dinlənilir, seçilir. Biz istərdik ki, bu əsərlər alınsın. Bundan başqa, istərdik ki, sifarişlər də olsun. Bu baxımdan, bizim Mədəniyyət Nazirliyi yeni əsərlər sifariş etsəydi, daha uyğun olardı və bu əsərlər daha müntəzəm meydana gələrdi”.

Xalq artisti, professor Arif Babayev:

“Cənab Prezident, camaatın Sizə çoxlu xeyir-duası, alqışları var. Mən bir sənət adamı kimi, bir ağsaqqal kimi Sizə “Çox sağ olun!” deyirəm. Bu yeni fərmanlar camaatı çox sevindirdi və çox böyük işdir. Mən qulaq asdım, doğrudan da, çox sevindim və camaat da sevindi. Bunu alqışlayırlar. Doğrudan da, bu, böyük işdir”.

Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova:

“Mən bunu dəfələrlə demişəm ki, ölməz Heydər müəllimimiz var. İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, Heydər müəllim hələ də yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, Sizinlə birlikdə həmişə yaşayır. Mehriban xanım, Sizə, mənim əziz Prezidentim, Sizə cansağlığı arzulayıram”.

Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov:

“Mən bizim dünya şöhrətli müğənnimizlə tamamilə şərikəm ki, Azərbaycanın gözəllikləri bu gün göz oxşayır. Amma o gözəlliklərlə yanaşı, biz dayana bilmərik, biz qabağa getməliyik, inkişaf etməliyik hər barədə, həm mədəniyyətimiz, həm iqtisadiyyatımız. Mən fürsətdən istifadə edərək, möhtərəm Prezidentimizə ürəkdən təşəkkür edirəm. Nəinki mədəniyyət xadimləri, bütün Azərbaycan xalqı sizi çox istəyir, Sizə böyük ehtiramları, böyük inamları var. Mədəniyyət işçiləri, hamımız sevinirik ki, bizim belə Prezidentimiz var. Dünya şöhrətli, gözəl, böyük siyasəti olan, Azərbaycanın xoşbəxtliyini təmin edə bilən bir insan bizim möhtərəm Prezidentimizdir, dövlətimizin başçısıdır”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli:

“Cənab Prezident, doğrudan da, biz Sizi dəstəklədik və sözün düzü, biz Sizi çox sevirik. Sizin ailənizi sevirik. Maşallah, Sizin qızınız Leylanı hamı çox istəyir. Mən bir neçə dəfə “Xocalıya ədalət!” kampaniyasında iştirak etmişəm. Bir qarabağlı kimi deyim ki, bu, çox təsirlidir. O kampaniya bütün dünyada aparılır. Sağ olsun Leyla xanım, ona dərin təşəkkürümü bildirirəm. Qarabağ icmasının üzvü kimi burada Elçin və bizim ağsaqqalımız əyləşib. Biz bir arzu ilə yaşayırıq – bu yol Şuşaya aparan yoldur. İnanırıq ki, biz gec-tez orada olmalıyıq. Biz Şuşasız yaşaya bilmərik”.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə:

“Bizim şəhərimizin tarixi mərkəzinin sərhədləri müəyyənləşməyib. Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi dörd inzibati rayonun arasında bölünüb. Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, aydın məsələdir ki, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Mərkəzi rayon – bu təcrübə başqa paytaxtlarda var, Moskvada da var. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar, əlbəttə, başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz. Bu, təbiidir. Onda Sizin istədiyinizə, Bakının tarixi mərkəzinin qorunub saxlanılmasına biz mütləq nail ola bilərik”.

Xalq artisti Afaq Bəşirqızı:

“Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə bunu təsdiq edənlər var. Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq”.

Əməkdar artist Tahir İmanov:

“Sizdən teatrımızın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov (Tahir İmanovun qardaşı – müəllif) üçün fəxri ad xahiş edirəm. Çünki biz heç bir dövlət qurumunun balansında deyilik. Ona görə bu sistemi bilmirik, bu sistem necə həyata keçirilir, məktublar necə yazılır. Fürsətdən istifadə edib, Sizdən xahiş edirəm.

Sonuncu xahişim də odur ki, bu il mənim babam bəstəkar Süleyman Ələsgərovun 95 illiyi qeyd olundu. Doxsan illikdə də ailəmiz adından cəhd göstərib Sizə məktub yazdıq, amma bilirik ki, o məktublar çatmadı. Sağ olun ki, 80 illik yubileyində Siz onun adını əbədiləşdirdiniz, məktəbə ad verildi. İmkan varsa, Süleyman Ələsgərovun adına bir küçə də versəniz, biz çox şad olarıq”.

Məlum məsələdir ki, heç kim mədəniyyət xadimlərindən prezidentlə görüşdə radikal müxalifət mövqeyindən çıxışı tələb etmir. Siyasi mövqe hər bir kəsin şəxsi seçimidir. Amma xalqın böyük hissəsini narahat edən məsələlər var ki, hamı belə bir görüşdə onların səsləndirilməsini gözləyir. Sitatlardan da görünür ki, kiçik istisnalarla əksəriyyət dövlət başçısından şəxsi və korporativ xahişlər edib.

Xahiş etməyənlərdən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadəni göstərmək olar ki, o, Bakının arxitektur quruluşu ilə bağlı çox etik şəkildə problemi prezidentin nəzərinə çatdırıb və onun həlli yolu ilə bağlı öz təklifini də deyib.

Xalq artisti Afaq Bəşirzadə də, şəxsi xahişdən kənar olaraq mədəniyyət nazirinin laqeydliyindən danışıb, gənc nəsil aktyorların məsələsini səsləndirib.

Ümummili problem olan işğal edilən torpaqlar barədə isə bir kəlmə ilə də olsa Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli xatırlayıb və doğma torpaqlara qayıtmağın vacibliyini deyib.

Əməkdar artist Bəhram Bağırzadə isə elə bir xahiş edib ki, o da bilərəkdən, ya da bilməyərəkdən cümhuriyyətin banisi Rəsulzadəyə qarşı olub. Belə ki, Bəhram Bağırzadə Kukla Teatrının önündəki bağda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. Əlbəttə ki, Azərbaycanın böyük messenatının Bakıda heykəlinin ucaldılması lazımdır. Amma Bəhram Bağırzadənin nişan verdiyi həmin yerdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin nə vaxtsa ucaldılması üçün daş qoyulmuşdu. Oralarda tez-tez olan Bəhram yəqin bilir ki, həmin daşın üzərində burada kimin heykəlinin ucaldılacağı da göstərilmişdi. Lakin sonradan heykəl ucaldılmadı, daşı isə götürdülər.

Rəsuzadənin heykəli haqqında söhbətlərə tamamilə nöqtə qoymaq üçün bundan “yaxşı” təklif ola bilməzdi. Bunun bilərəkdən edilməməsinə və ümumiyyətlə, belə təsadüflərə adamın inanmağı gəlmir.

Şübhəsiz görüşdə iştirak edənlərin bir çoxu vaxtilə xalqın mədəniyyətinin inkişafında, intellektual səviyyəsinin artırılmasında, milli şüurun oyanmasında, milli özünü dərketmə proseslərində xidmətlər göstəriblər. Amma bunlar keçmişdə olub. Sonrakı illərdə, Azərbaycanın müstəqillik dövründə onların bir çoxu yalnız hakimiyyətin ünvanına yerli-yersiz tərif söyləməkləri ilə, tutduqları ictimai mövqedən istifadə edib şəxsi problemlərinin həlli ilə məşğuldurlar.

Nədənsə heç kim dövlət başçısından Qarabağ münaqişəsinin həllində son durumun necə olmasını soruşmadı, Vergilər Məcəlləsində güzəştlər adı ilə dəyişikliklərin əslində vergilərin artırılmasına yönəldiyini, onsuz da böyük olan gömrük rüsumlarının vaxtaşırı artırılmasını, rəsmi statistikanın dediyinin əksinə olaraq real qiymətlərin durmadan artdığını və bu problemlərin xalqı narahat etdiyini demədi.

Özünə ziyalı deyən şəxslərdən heç kəs ötən il 100 illiyi qeyd olunan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsi üçün Türkiyə ilə danışıqların niyə aparılmamasını, 37-i il repressiya qurbanları olmuş Mikayıl Müşfiq, Əhməd Cavadın sümüklərinin tapılması və bu istiqamətdə aparılan işlərin hansı mərhələdə olduğunu soruşmadı. Danışılmadı, soruşulmadı, çünki bu küçəyə babanın adının verilməsinə, mənzil hədiyyə alınmasına və çoxlu sayda şəxsi məsələlərin həll olunmasına mane olardı.

Amma düzünü desək, inanmırdıq ki, bu məsələlər həmin şəxslərin, ümumiyyətlə, yadında olub. Bizcə onlar görüşə dəvət alan kimi yalnız özlərini narahat edən məsələlərin hansı şəkildə prezidentə və onun xanımına deyəcəklərini düşünüblər.

Əslində prezident İlham Əliyevə belə bir görüşü təşkil etdiyinə görə minnətdarlıq etmək lazımdır. Məhz belə görüşlər vasitəsilə xalq özünü onun ziyalısı, mədəniyyət və incəsənət xadimi adlandırdığı adamların iç üzünü görür və bir daha anlayır ki, bunlar xalqdan uzaq, eqoist şəxslərdir və xalqı təmsil etmək hüququndan məhrumdurlar.

Yazını isə “Turan” Agentliyi və “Amerikanın Səsi” radiosuna müsahibəsində görüşü şərh edən Milli Şuranın sədri Cəmil Həsənlinin sözləri ilə bitirmək istərdik:

“Kimsə ziyalılığa iddialıdırsa, bilməlidir ki, ziyalı xalqın təmsilçiliyi deməkdir. Biz orada xalqın təmsilçiliyini görmədik. Bu, ziyalılığın bitdiyi bir məclis idi. Ziyalının vəzifəsi padşahı tərifləmək deyil. Hərə özünün atasının, babasının maraqlarından çıxış etdi və bunun da adını mədəniyyət və incəsənət xadimləri ilə görüş qoyublar. Prezidentlə görüşdə xalqın köklü problemlərini kənara qoyub, qohumlarının problemindən danışan adamın ziyalı və sənət adamı adına iddiası ola bilməz. İki saatlıq görüş zamanı 25 il düşmən tapdağı altında olan torpaqlar barədə iki kəlmə danışılmadı. Bu görüşə baxan onların Ermənistan tərəfdən olan həmkarları nə düşünməllidir. Onlar deyəcək ki, bu ölkənin ziyalısı Dağlıq Qarabağın işğalı ilə barışıb. Araşdırmalar nəticəsində məlum olub ki, 1992-ci ildən səngərlərdə xidmət edən bir sıra zabitlərin evi yoxdur. Ziyalı özü üçün imtiyaz tələb edir, amma 25 ildir səngərdə yatan zabiti üçün imtiyaz tələb etmir. Bu ölkədə imtiyaz deyilən bir şey varsa onlar da ziyalıya, incəsənət və mədəniyyət xadimlərinə deyil, Vətən uğrunda şəhid olanlara, bədəninin bir hissəsini döyüşdə itirən insana şamil edilməlidir. Ərazisinin bir hissəsi işğal olunan ölkənin ziyalısı imtiyaz tələb edə bilməz”.

Ana səhifəXəbərlərXalqdan uzaq incəsənət xadimləri…