Xalq hərəkatı fəalının qətli ilə bağlı hökm verildi

O, Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələrilə təqsirli bilinib.

Source: Specify Source


Qətli törətməkdə ittiham olunan şəxs keçmiş icra başçısının qudasıdır

1980-ci illərin sonunda Milli Azadlıq Hərəkatının fəallarından olmuş, Tovuz rayon Məhkəməsinin keçmiş sədri Firudin Ələkbərlinin qətli ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onun ölümündə təqsirləndirilən Əli Şəmiyev 10 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələrilə təqsirli bilinib.

62 yaşlı Əli Şəmiyev Tovuz rayonunda maddi baxımdan imkanlı şəxslərdən hesab olunur. Bir sıra biznes obyektlərinə sahib olan Əli Şəmiyev 2007-2018-ci illərdə Tovuzun icra başçısı olmuş Tofiq Zeynalovla, həmçinin 2004-2015-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2015-2017-ci illərdə isə Nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovla qudadır. Onun qızları adları çəkilən şəxslərin oğulları ilə ailə qurub.

Tofiq Zeynalov Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır. O, 1994-cü ildən bu idarəyə rəhbərlik edir.

1963-cü il təvəllüdlü Firudin Ələkbərli Xalq Cəbhəsinin Tovuz rayon şöbəsinin qurucularından olub. Daha sonra Tovuz Rayon Məhkəməsinin (o dövrdə Xalq Məhkəməsi adlanırdı) sədri təyin edilən Firudin Ələkbərlinin hakimlik səlahiyyətlərinə 1995-ci ildə vaxtından əvvəl xitam verilib. Rəsmi səbəb kimi, kobud qanun pozuntularına yol verməsi göstərilsə də, yaxınları onun sifarişlə hökm çıxarmaqdan imtina etdiyinə görə cəzalandırıldığını deyir. O, daha sonra vəkil kimi fəaliyyət göstərib, uzun illər məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edib.

Qətlin səbəblərinə gəlincə, cinayət işinin materiallarında hadisənin pula görə şəxsi mübahisə zəminində baş verdiyi iddia olunur. Firudin Ələkbərlinin yaxınları isə deyir ki, o, Əli Şəmiyevin özbaşınalıqları haqda müxtəlif yerlərə şikayət edib, lakin onun qarşısını alan olmayıb.

Ana səhifəSosialXalq hərəkatı fəalının qətli ilə bağlı hökm verildi