Xalid Bağırovun vəsatəti təmin olunmadı

“Bu məsələlərdə məhkəməyə müraciət rəyasət heyəti yox, kollegiyanın öz adından olmalıdır”

Source:


“Bu məsələlərdə məhkəməyə müraciət rəyasət heyəti yox, kollegiyanın öz adından olmalıdır”

Fevralın 2-də Nizami rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı Vəkillər Kollegiyasının iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə vəkil Xalid Bağırov vəsatətlə çıxış etdi. Bildirib ki, vəkillikdən uzaqlaşdırılması üçün məhkəməyə kollegiyanın rəyasət heyəti müraciət edib. Bu isə qanunsuzdur. Çünki belə məsələlərdə məhkəməyə müraciət rəyasət heyəti yox, kollegiyanın öz adından olmalıdır.

Vəkilin təqdim etdiyi vəsatət qəbul edilməyib.

Xalid Bağırovun növbəti vəsatəti işin subyektinə, xarakterinə görə İnzibati Məhkəməyə verilməsi ilə bağlı oldu: “Məhkəmə İnzibati Məhkəmədə aparılmalıdır. O səbəbdən xahiş edirəm ki, bu iş baxılmadan İnzibati Məhkəməyə göndərilsin”.

Hakim uzun sürən müşavirədən sonra qərar çıxardı ki, iddiaçı tərəf inzibati orqan yox, hüquqi şəxsdir. Cavabdeh tərəf isə fiziki şəxsdir. Buna görə iş İnzibati Məhkəməyə göndərilə bilməz. Beləliklə, vəkilin növbəti vəsatəti də təmin edilmədi.

Daha sonra məhkəmə 13 fevral saat 16:00-a qədər təxirə salındı.

Vəkillər Kollegiyası dekabrın 10-da Xalid Bağırovun vəkil kimi fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmək haqda qərar verib və məhkəmə qərarı verilənə qədər onun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.

Xalid Bağırov haqda qaldırılan bu iddiaya onun “ReAL” sədri İlqar Məmmədovun məhkəməsindəki çıxışı səbəb olub. Vəkilin çıxışı zamanı “belə dövlətdə belə məhkəmə olacaq”, “Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” ifadələri dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirilib.

Ana səhifəXəbərlərXalid Bağırovun vəsatəti təmin olunmadı