”Əgər Şeytana vəkillik etmək zorundayamsa, qoy heç olmasa, o gözəl bir xanım sürətində təcəlli etsin”
Vəkil Xalid Bağırov
“Legalforum.az”
saytında yayımlanan “Femidanın qəhrəmanları” layihəsinin qonağı olub. Meydan TV həmin müsahibəni təqdim edir
LAYİHƏNİN ADI: “FEMİDAININ QƏHRƏMANLARI”
Layihəyə bu adın seçilməsinin səbəbi: – Heç özümüz də bilmirik…
Layihənin məqsədi: Dünyada ən quru və darıxdırıcı və bir az da qəliz sahələrdən olan Hüququ həyatda ən maraqlı, oxunaqlı, doğma və xeyli sadə sahələrdən sayılan Ədəbiyyatla qovuşdurmaq, bir-birini doğmalaşdırmaq, Hüququ quruluqdan, Ədəbiyyatı məsuliyyətsizlikdən bir az uzaqlaşdırmaqdır.Layihə dəlləkliyi sadə hüquqşünasların başında öyrənəcək. Çünki ədəbiyyatla maraqlanan hüquqşünaslar çox, maddələrdən, qanunlardan başı çıxan yazar isə çox azdır.
Layihənin müəllifləri: Hüquqşünas Emin Aslan və Günel Mövlud.
Layihənin müddəti: Bəri başdan heç nə deyə bilmərik!
Layihənin cavabdehi: Vəkilliyi 1 il dondurulmuş Xalid Bağırov.
Layihənin devizi: Femida və Dostoyevski köməyimiz olsun!
–
Xalid, qədimdə hansısa ölkədə belə qanun varmış. İddiaçı ilə təqsirləndirilən şəxsin hansının haqlı olduğunu öyrənmək üçün onların ikisin soyundurubçaya salırmışlar. Hansı çayda batsa, o haqsız hesab olunurmuş. Səncə, bu qanunu bizdə tətbiq eləsək, hansı çay bu ayini yerinəyetirmək üçün uyğundur?
– Biz xalq olaraq ədalət hissini itirmişik. Hər kəs özünü haqlı sayır. Bəzən kimsəyə haqsız olduğunu sübut etmək o qədər çətin olur ki. Bunu hər hansı çayın bacaracağını deyə bilmərəm. Biz yağ kimi üzə çıxmağı çox xoşlayırıq. Dəvə kimi elə dirənirik ki… Yeri gəlmişkən, Qəbələ rayonun ərazisində birDəvəbatan çayı axır. Bəlkə o çay… Düzü, mən o çayda əməlli-başlı su axdığını heç görməmişəm. Əslində orda siçovullar belə batmaz
– Qəhrəmanlarına həmişə fiziki və mənəvi işgəncələr yaşadan hansı yazıçını məhkəməyə vermək olardı? Və həmin yazara nə qədər iş düşərdi?
– O baxımdan bir çox yazıçıya divan tutmaq olar. Onların əksəriyyəti birər cinayətkardırlar. Məsələn, əminəm ki, Vikario qardaşları Santyaqo Nasarı öldürmək istəmirdilər, hətta onlar dəfələrlə qəsdən bu imkanı əldən buraxırdılar. Lakin Markes bilərəkdən Santyaqonu dəfələrlə onların qarşısına çıxardı.Hətta onlar Santyaqoya qaçmaq imkanı verərkən, belə Santyaqonı səndərlədib, yerə yıxan Markes olmadımı? Axı bacıları, zifaf gecəsi üzü qara çıxıbdədəsi evinə göndərilən Anhelanı əsərin sonuna qədər susduran və ona namusunu kirlədən şəxsin əsl adını deməyə imkan verməyən Markes deyildimi?Məlum məsələdir, bu əsərin adında “ölüm” var idi. Kimsə ölməli idi. O zaman nədən ərəb əsilli Nasar? Markezi necə, Vakario qardaşlarının törətdiyicinayətin təşviqçisi və təşkilatçısı hesab etməyək? Hətta milli ayrıseçkilik zəminində…
Balığı çölə çıxara bilməyəcəyinə əmin ola-ola Qocanı ölümə göndərən Heminqueyi necə qatil hesab etməyək? Gəl ki, o əclaf özünü öldürərəkməsuliyyətdən yayına bildi.
Axı Şekspir Cülyettanın ölmədiyini, sadəcə yuxu dərmanı içdiyini bilirdi, bunu Romeoya pıçıldaya bilməzdimi, indi iki gənc də yaşamış olardılar? Buhərəkətsizlikdə ifadə olunan cinayət deyilmi?
Bəlkə də yalnız Servantes, ucaltdı rəzil Don Kixotunu, ona nə qədər aşağılıq bir məxluq olduğunu hiss etməyə imkan vermədi. Onu, məğlub olduğutəqdirdə belə, məğlub olmağa və ya məğlub olduğunu hiss etməyə qoymadı…
– Dünya ədəbiyyatından yadınızda qalan möhtəşəm vəkil çıxışı varmı?
– Dünya ədəbiyyatının oxuduğum nümunələri arasında Kamyunun “Yad”-ında möhtəşəm vəkil acizliyinin şahidi olsam da, möhtəşəm vəkil çıxışınıxatırlamıram. Zatən vəkillər ədəbiyyatı işlərinə daşısalar da, onlar ciddi ədəbiyyata girə bilmirlər. Məncə, yazarlar insanlığı vəkillərdən daha yaxşısavuna biləcəklərinə inanırlar. Bu baxımdan onlar vəkillərə bir az qısqanclıqla yanaşırlar. Nəylərinə lazım ki, özlərinin yazmış olduqları çıxışı hansısabir vəkilin adına çıxsınlar?! Bu baxımdan hesab edirəm ki, insanlıq və ya ədəbiyyat məhv olub getsəyidi belə, Borxesin hekayələri və esseləri, insanlıqvə ya ədəbiyyata oxunacaq güllələnmə hökmündən qabaq edilmiş ən möhtəşəm çıxışlar olardı. Bir də Faust ruhlu İvan və Alyoşa Karamazovqardaşlarının möhtəşəm dialoqunu və əsər boyu, hətta böyük qardaşları Dmitrinin törətməsi ehtimal olunan cinayətə münasibətdə qarşılıqlı münasibətiniəsl məhkəmə çəkişməsi hesab etmək olar. Amma inanmıram bu məhkəmədə hökm verə biləcək hakim yer üzünə gəlmiş olsun. Məhz budurDostoyevskini əvəzedilməz edən.
–
Bu üç tarixi şəxsiyyətdən hansının vəkili olardınız: Adolf Hitler, Janna Dark, yoxsa Müəmmar Qəzzafi?
– Milyonları qıran Adolf Hitler də, özünü az qalan günəşin doğmasının səbəbi sayan Müammar Qəzzafi də əsl şeytan idilər. Biri güllələyərək öz-özünümühakimə etdi, digərini parçalayaraq xalq. Hər ikisi məhkəməsiz oldu. Elə Janna Darkı da cadugərlikdə, şeytana və cinlərə qulluq etməkdə ittiham edibyandırmışdılar. Görünən odur ki, bu “potensial” müştərilərdən hər hansı birini seçdikdə “Şeytanın vəkili” statusunu daşımaqdan vaz keçə bilməyəcəm. Əgər Şeytana vəkillik etmək zorundayamsa, qoy heç olmasa, o gözəl bir xanım sürətində təcəlli etsin.
– Avropa Məhkəməsinə müraciət edəndə iddiaçı qərarı ən azı üç il gözləməli olur. «Polkovnikə məktub yoxdur» dakı polkovnikin məktubgözləməyi ilə bu qərarı gözləməyin arasında hansı paralellər apara bilərsiniz?
-Markezi bilənlər onun təsvirlərinin necə bizə oxşadığını təsdiq edərlər. Onun kitabındakılar o qədər bizik ki, mən hətta onu zarafatla “Cəbrayıl Qarslı Mərkəz” adlandırıram. Onun 75 yaşlı qoca polkovnik Buendiyası da, elə bizim müştərilərdir. Mənim müştərilərim arasında hətta onun prototipi də var-İbrahimxəlil kişi. Ona müharibə veteranı kimi 35 il bundan öncə verilmiş bağı məhkəmələr biabırcasına əlindən almışdılar. O da polkovnik kimi məktub gözləyirdi, inanırdı ki, Avropa Məhkəməsi onun bağını qaytaracaq. Qoca Buendiaya 45 gün dözmək lazım idi, qoca İbrahimxəlil dözə bilmədi, bağını geri almadan köçdü dünyadan. Qoca Buendianın oğlu Aqustini vərəq paylayarkən haqlamışdılar rejim sahibləri, müştərim Arzuman Məcidlinin oğlu Elnuru mitinqdə iştirak edərkən. İnanıram ki, müştərilərimin də, mənasızcasına əcəli ilə ölən sənətkar qonşuları var. Onların da Anhel ataya bənzəyən və sanki bütün bəlalar onlardaymış kimi əxlaqsız filmlərdən xütbə demək üçün minbərə çıxan “iman” ataları var. Ömrünün əsas təyinatını insan bədbəxtçiliklərini istehsal vasitəsinə və gəlir mənbəyinə çevirmək olan Don Sabas kimi tanışları var.
Mən hətta inanıram ki, müştərilərimin qonşuların ac olduqlarını bilməməsi üçün qazana daş atıb qaynadan arvadları var. Bəzən polkovnik arvadı kimi, o deyingən arvadlar da, ərlərinə 19 ilə bir pensiya düzəldə bilməyən vəkilləri dəyişməyi təklif edirlər. Amma bir fərq də var, polkovnikə məktub gəlmədikcə, onun inamı tükənirdi. Böyük ustadımız İntiqam bəyin ifadə etdiyi kimi “Avropa Məhkəməsindən bəd xəbər tez gəlir”. Əgər Strasburqdan cavab yubanırsa, deməli, əmin ola bilərsən 99 faiz müsbət cavab gələcək…
– Dünya ölkələrinin hüquq sistemlərində rastlaşdığınız ən absurd, amma bədii yükü olan qanun hansıdır?
– Dünyada absurd qanunlar çoxdur. Qanunun absurd dozasının bir az çox olması, artıq bədii təxəyyülün işə düşməsi üçün kifayətdir. Fransaya donuzların Napaleon adlandırılmasının qadağan edilməsi, Amerikada subay qadınlara bazar günü paraşyutdan tullanmanın qadağan edilməsi və İngiltərə şotland və uelslinin hansısa şərtlərlə öldürülməsinə icazə verilməsi barədə qanunların mövcud olması sizin bədii istedadınızın işə düşməsi üçün yetərli ola bilər. Mən əminəm ki, Nabokov “Lolita” – nı yazarkən, yetkinlik yaşının yasalaşmadığı və buna görə uşaqbazlığın geniş yayıldığı uzaq şərq dövlətlərinin qanunlarından ilhamlanıb.
– Dünyada ən çox kimi müttəhim kürsüsündə görmək istərdiniz?
– Mən xaraktercə kinli adam deyiləm. Bu baxımdan nifrətim də ani və ötəri xarakter daşıyır. Dünən o kürsü də birini görmək istəyə bilərdim, bu gün başqa birini, sabah isə daha başqasını. Bu gün, məsələn, ən çox Azər Tağıyevi orada görmək istəyirəm. Amma əminəm ki, o, ora çıxan kimi, onu dərhal buraxacaqlar. Adamın tibbi və hüquqi kriteriyası əskik olacaq. Onun adekvat olmaması ortadadır. Onu deyim ki, hər hansı şəxsin kürsüyə çıxmasını arzulaya bilərəm, yanlız ora çıxana qədər. Ondan sonra, dərhal peşəkarlıq işə düşür, həmin şəxsin o kürsüdən salınması barədə düşünməli olacam.
– Əgər İlahi Ədalətin mövcudluğuna inanıb, Tanrını ən böyük hakim kimi qəbul etsək, o, tarix uzunu hansı məsələlərdə ədalətsizliyə yol verib?
– Bu barədə yalnız gələcək zamanda danışmaq olar. Dini dünyagörüşə görə İlahi Ədalət də, Tanrının böyük hakimliyi də qiyamətdə olacaq. Amma keçilmiş bəşər tarixinə baxdıqca, onu deyim ki, ədalətli hökm vermək, heç də asan olmayacaq. Bunun üçün Tanrı olmaq lazım. Ola biləcək və ya bilməyəcək, bunu da zaman göstərəcək.
–
Zəhmət olmasa, özünüzə bir sual fikirləşin və cavablandırın
Sual-Sənə bu lazım idi?
Cavab-Get də burdan…
– Replika hüququndan istifadə edə bilərsiniz.
-Sözü elə deyirəm ki, əlavə sözə ehtiyac qalmasın. Yeməknən doymayan yalamaqla doymaz zatən.