Milli Məclis

Mənbə: Foto: Azərtac

Başlıq: Milli Məclis

Xalid Ağaliyev: Son dəyişikliklər ifadə azadlığı qanunlarını sərtləşdirmək siyasətinin davamıdır

Ələsgər Məmmədli: “Yalan məlumat yox, hökuməti narahat edən məlumatlar yayan saytlar bloklanır”

Milli Məclisdə martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa dəyişikliklərin birinci oxunuşda qəbul edilməsi qanunverici orqanda və sosial şəbəkələrdə müzakirə doğurub.

“Məhdudiyyəti tətbiq edən tərəf bu sahədə heç bir peşəkarlığı olmadan saytları bloklayır”

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə adıçəkilən qanuna 2017-ci ilin fevral-mart aylarında mürtəce dəyişikliklər edildiyini xatırladaraq bildirib ki, Konstitusiyanın 50 və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddələrində ifadə azadlığı təminat altına alınır. Hüquqşünas qeyd edib ki, təklif olunan hər hansı məhdudiyyət legitim əsaslarda və təcrübəli olmalıdır. “Konvensiyanın 10-cu maddəsi hansı hallarda məhdudiyyət qoyulmasını göstərib, ona görə icra strukturları təkbaşına bunu edə bilməz. Qanun müəyyən etdiyi zaman, faktın müəyyən edilməsi məhkəmə qaydasında ola bilər. Azərbaycanda isə birbaşa Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə səlahiyyət verildi ki, hazırda bu sənədlər əsasında saytlara blok qoyulsun”.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Mənbə: Meydan TV

Hüquqşünas bildirib ki, martın 17-də Milli Məclisdə əvvəl qoyulan çərçivəyə daha yeni məhdudiyyət çərçivəsi əlavə olunub. Onun sözlərinə görə, əsasən də koronavirusla bağlı əhalinin sağlamlığını təhdid edən və ictimai asayişi poza bilən informasiyaların məhdudlaşdırılmasını arqument kimi gətirirlər.

“Əlbəttə, məntiqi və legitim baxımdan ictimai asayişi pozan və sağlamlığa zərər verən məlumatların yayılması yolverilməzdir, bunu məhdudlaşdırmaq da normaldır. Ancaq bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ifadə azadlığı çərçivəsini bilməyən məmur müəyyən edəcək, yoxsa məhkəmə araşdırması aparılacaq? Azərbaycanda problem ondadır ki, məhdudiyyət gətiriləndən sonra onu tətbiq edən tərəf bu sahədə heç bir peşəkarlığı olmadan saytları bloklayır. 2017-ci ilin martında başlayan və mayda bitən alternativ məlumatlara yer verən saytlara qarşı prosesdə göründü ki, yalan məlumat yox, hökuməti narahat edən məlumatlar yayan saytlar bloklandı. Bu dəfə təklif olunan dəyişikliklər də doğru məlumatlar yayanlara qarşı olacaq”.

Ələsgər Məmmədlinin sözləinrə görə, praktika göstərir ki, 80-ə yaxın informasiya resursu bu məqsədlə bloklanıb ki, onun da böyük bir hissəsi qanundankənar, məhkəmə nəzarəti olmadan məhdudlaşdırılıb.

“Son 2-3 ildə məlum qanun spekulyativ olaraq hökumətin təbliğatını dəstəkləyənlər istiqamətində saxlanılır, xaricdəkilər isə sistemli cəza alır. Buna misal kimi 2018-ci ilin Gəncə hadisələrini göstərmək olar. Həmin gün icra başçısı güllələnib və hadisədən sonra informasiya verənlərə 5 il şərti cəza verildi. Bu, o deməkdir ki, hökuməti narahat edən, amma cəmiyyəti bilgiləndirən obyektiv informasiya yayanlar bu kateqoriyada zərbə altına düşəcək. Çünki praktika artıq bunu təsdiqləyib”.

“Sosial şəbəkə və saytlarda yayılan çaşdırıcı məlumatların əsas səbəbi hakimiyyətin özünün insanlara açıq olmamasıdır”

Hüquqşünas Xalid Bağırov da təkliflərlə bağlı “Facebook” səhifəsində münasibət bildirib. Onun sözlərinə görə, artıq qanun saytlarla yanaşı, sosial şəbəkələrə də tətbiq edilə bilər.

“Yayılması qadağan edilən məlumatların dairəsi də genişləndirilir. İlk baxışdan qanun dəyişikliyinin edilməsinin zamanı belə qənaətə gəlməyə imkan verir ki, təkliflər “COVİD19” pandemiyası ilə bağlı zərurətdən yaranıb. Ancaq dəyişiklik hakimiyyətin müdaxilə imkanlarının dairəsini o qədər genişləndirir ki, bu imkanın hakimiyyət tərəfindən ölçüsüz və spekulyativ şəkildə istifadə olunmayacağı təminatı görünmür. Təbii ki, hakimiyyətə hüquqları məhdudlaşdırmaq kimi səlahiyyət verilə bilər. Bəlkə də hətta bu pandemiya bunun üçün kifayət qədər ciddi legitim səbəbdir. Lakin hakimiyyət hüquqları daraldacaq addıma getməmişdən öncə bütün başqa yolların artıq mümkün olmadığını sübut etməlidir”.

Onun fikrincə, sosial şəbəkə və saytlarda yayılan çaşdırıcı məlumatların əsas səbəbi elə hakimiyyətin özünün insanlara açıq olmaması, xalqla təmasdan qaçması və həqiqəti xəsisliklə paylaşmasıdır.

Xalid Bağırov

Xalid Bağırov

Mənbə: Foto: Meydan TV

“Məsələn, bu günə kimi ölkə başçısı xalqla bu mövzuda birbaşa danışmayıb. Xalqda güvən yarada biləcək ən vacib addımlardan biri, insanların dövlətin bu ağır günlərdə onun yanında olmasını bilməsidir. Hakimiyyət panik situasiyanın yaranmaması üçün özü yetərincə addımlar atmayaraq, əksinə, hətta deyərdim belə panikanın yaranmasının səbəbinə çevrilərək qadağalar yoluyla bunu önləməyə çalışır”.

“Bizdəki bloklama təcrübəsi mürtəcedir”

Media hüquqçusu Xalid Ağaliyevin fikrincə, ölkədə ifadə azadlığına münasibətin xarakteri dəyişmədikcə, son dəyişikliklər hər hansı yeni situasiya yaratmır.

“Bizdəki bloklama təcrübəsi mürtəcedir. Hökumət bir qayda olaraq, bəyənmədiyi, tənqidçi resursları bloklayır. İctimai maraqlara ziyan vuran hansısa resursun, məzmunun bloklanması təcrübəsi yoxdur. Hökumət bu məsələdə həmişə öz siyasi maraqlarından çıxış edir. Həm də bloklama nadir hallarda məhkəmə yolu ilə, əksər hallarda texniki vasitələr hesabına edilir. Bu sistem durduqca, qanunvericiliyə hansısa dəyişikliyin xüsusi bir durum yaradacağını gözləmək doğru deyil. Son dəyişiklik hökumətin 10-15 il əvvəl start verdiyi ifadə azadlığı qanunlarını sərtləşdirmək siyasətinin davamıdır. Bu, ifadə azadlığı haqqından yararlananların gözünü qorxutmağa xidmət edir”.

X.Ağaliyev deyib ki, bloklama qanunvericiliyinə son, habelə 2017-ci ildə edilmiş dəyişikliklər olmasaydı belə, ifadə azadlığı çərçivəsini aşan məzmunlara, resurslara blok tətbiq edilməsi mümkün idi.

Xalid Ağaliyev

Xalid Ağaliyev

Mənbə: Meydan TV

“Toplumda yayğın olan sosial şəbəkələrin hamısının məzmunla bağlı qaydaları var. O qaydaların heç biri zərərli bilgilərin, ideyaların yayılmasına yaşıl işıq yandırmır. Xoşu gəlmədiyi saytı blok edən dövlət qurumlarının peşəkar komandaları olmalı, bu qaydalarla işləməyi bacarmalı, zərərərli informasiyaları müəyyən etməli, sosial şəbəkə administratorunu bilgiləndirməlidir”.

Xalid Ağaliyev hesab edir ki, bir informasiya resursunu sıradan çıxarmaq, bloklamaq bizdəki qədər asan olmamalıdır.

“Məhkəmə son vasitə olmalıdır. Məhkəməyə qədər zərərli bilgilərdən qorunmağın bütün başqa vasitələri sınanmalı, ən sonda məhkəməyə baş vurulmalıdır. Məhkəmələr də belə işlərə xüsusilə həssaslıqla yanaşmalıdır. Bizdə sosial media, internetlə bağlı məsələlər 20 ildir ki, yeni sahə kimi təqdim edilir. Halbuki, qabaqcıl ölkələrin, Avropa Məhkəməsinin artıq bəlli standartları var. Bizim məhkəmə təcrübəmiz də bu standartlara uyğunlaşmalıdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2pcuou

Ən çox baxılan