Xalçanın ustası, ustanın xalçası


“Mən xalçaya övladlarımın da arzularını qoymuşam. Hərdən buna görə peşman oluram”


Xalça, kilim, sumax və s. Rənglərin məmləkəti olan bu əl əməyi, göz nuru məhsullarının hər naxışının bir mənası, izahının olduğunu çox az insan düşünər. Hələ xalça ustası dedikdə isə ağlımıza ilk gələn hana arxasında oturub, barmaqlarını ilmələrdə tez-tez gəzdirən, sürətini gözlə incələyə bilmədiyimiz, xalı bıçağını da əlindən qoymayan qız-gəlin gələr. Min bir sirri olan xalçaların necə, hansı şəraitdə yarandığını, tarixini bilirikmi? Hələ bu tarixi canlı yaşadan biri varsa, onu necə, tanıyırıqmı? Tanımaq üçün arxasınca getdik…



“Ömrümü xalçaya vermişəm”

63 yaşlı Fatimə Ağamirzəyeva xalçaçıdı. Qubada yaşayır. Elə yaratdığı müəssisə də doğma şəhərində fəaliyyət göstərir. Fatimə Ağamirzəyeva əslən qubalıdı. Atası bəy olduğu üçün repressiyaya məruz qalıb. 26 yaşında isə neft mühəndisi olan həyat yoldaşını itirib. Dörd övladını tək böyüdüb.

“Mənə Allahdan və yaxın qohum, dostdan savayı heç kim kömək etməyib” – deyən bu qadın, Azərbaycan xalçasını beynəlxalq aləmdə tanıdan ustadı. Elə UNESCO-nun mədəni irs siyahısına saldığı da məhz onun – Fatimə Ağamirzəyevanın işidi. Daha dəqiq desək, özüdü. Bu haqda bir az sonra…

“Hazırkı icra başçısı sakit adamdı. Mənimlə heç bir işi yoxdu. Ona görə təmirə başlamışam. İndiyə qədər təmir etdirməyə belə mənə imkan verməyiblər. Ancaq sənətimdən əl çəkməmişəm. Ömrümü xalçaya vermişəm. Quba xalçasının sıxlığı yun üstündə 60 ilmə olub. 18-ci əsrdə yox olub o sıxlıq. Bunu biz bərpa etmişik. Ötən ilin aprelində İranda keçirilən müsabiqədə birinci yer tutdum. Onların dediyi texnologiya dünya miqyasında yun sapda heç qalmayıb. İpək sapla pambıqda sıxlıq verir, ancaq yunda yox. Mən ipi İranda hazırlatmışam. Rəng boyaqlarının hamısı mənim nəzarətimlə gedir. Ancaq bizdə laboratoriya yoxdu. Az lazım olanda özümün rəng qazanım var, onda hazırlayıram. Çox rəng lazım olanda İrana gedirəm. Orda 3-4 qazan kirayələyib hazırlayıram. Bizdə bu iş yetkinləşməyib”.



İlk qadın sahibkar

Respublikanın ilk qadın sahibkarı olduğunu deyən xalçaçı öz müəssisəsini yaratsa da, üzləşdiyi çətinliklər az olmayıb. Bu çətinliklərin əsas səbəbkarı isə işi yox, müəssisənin yerləşdiyi ərazidə gözü olanlardır: “Bu yeri mənə rəhmətlik Məhəmməd Əsədov verib. O, bizim rayona raykom katibi gəlmişdi. Həmişə bu qapını açanda ona rəhmət oxuyuram. Bizim camaat ərizə ilə onun yanına getmişdi. Mən Sovet vaxtından rayonda tikiş kurslarını aparırdım. İxtisasım modelyer-dizaynerdi. Rayondakı qızlar, qadınlar yanıma gəlirdi. Onları öyrədirdim. Məhəmməd Əsədov da bu ərazidə nə edəcəyimi soruşub. Mən də batman kağızının üzərində sxem cızdım. Tikiş kitabım templana girmişdi, ancaq çap olunmamışdı. Mən də tikiş kitabımın templanını və əlyazmalarımı ona göndərdim. Səhəri raykom büronu çağırıb, deyib: “Qubanın harasına barmağını qoysa, o yeri verin”. Etiraz etmək istəyənlərə də deyib: “Mən sizi başa düşmürəm. Vaxt gələcək nəinki Qubada, hətta Azərbaycanın özündə bundan önəmli müəssisə olmayacaq”.

Xalçaçılığı qorumağa çalışan ustanın geri çəkilməməsinin bir səbəbi xalçaya sevgisi olubsa, digər tərəfdən ona inanan insanların güvənini qırmaq istəməyib.



“Oğlum Amerikaya “şapşap”la getdi”

Fatimə xanım 1980-ci ildə neft mühəndisi olan həyat yoldaşını itirib. Danışır ki, Azərbaycandan Tümenə neft mütəxəssisləri göndərilirmiş, həyat yoldaşını da dəstə komandiri kimi ekspedisiyaya cəlb ediblər: “Həmin vaxt qazma zamanı müxtəlif qəzalar baş verib. Yoldaşım bu qəzalardan birində bir neçə adamı xilas da edib, ancaq onu vurublar. O, rəhmətə gedəndə kiçik qızım 1 yaş 6 aylıq idi. Çox savadlı idi. Dövlətdən də nə bir müavinət, nə də yardım almışam. Övladlarımı tək böyütdüm. Heç yadımdan çıxmaz, oğlum Amerikaya oxumağa hamam “şapşap”larında getdi”.

Fatimə xanım xalçaya sevgisinin uşaqlıqdan yarandığını deyir. Deyir ki, heç nə həyatda elə-belə baş vermir: “Fikirləşirəm ki, hər insan yarananada öz missiyası ilə yaranır. Mən balaca olanda hindulardan olan kinoları çox sevirdim. Arxeologiyaya, mifologiyaya, psixologiyaya aid kitablar oxuyurdum. Bizdə təhsilə, oxumağa meyil çox güclü olub. Qohum-əqrəbamın içində bəlkə də texnikum bitirəni yoxdu. Hamısı universitet, akademiya bitirib”.



Leyla Əliyeva üçün hədiyyə

Zaman-zaman müəssisənin yerinə göz dikənlərə qarşı xalçaçı müxtəlif çözüm yolları axtarıb. Düşünüb ki, ölkə başçısı İlham Əliyevin böyük qızı Leyla Əliyeva ilə görüşsə, dərdini anlada biləcək. Bu məqsədlə ona hədiyyə hazırlayıb:

““Baku” jurnalı üçün Leyla Əliyevanın xalça portretini toxumuşam. Maddi marağım yox idi, sadəcə onunla görüşmək istəyirdim. Çox poetik, gözəl bir qadın portreti yaratmaq istədim. Leyla xanımın fotosunu da elə “Baku” jurnalından götürdüm. Millimetrovkada böyütdüm o fotonu. Ağ-qara görürdüm. İrandakı məşhur rəssama yenidən çəkdirdim. 128 sıxlıqda toxudum. Saplar lama tükündən olub. Azacıq ipək sapdan istifadə etmişəm. Paltarı ipək idi. Cizgiləri kompyuter variantında təzələmişik. Toxumağım düz 1 il 3 ay çəkdi. Eskizləri də durur məndə. Sadəcə bircə arzum vardı – Leyla xanımın özü ilə görüşüb ona xalça ilə bağlı problemləri çatdıra bilim. Mənə imkan vermədilər. Ona bu xalça bağışlananda üzünün ifadəsini görmək istəyirdim. Bu, mənim haqqım idi. Düşünürdüm ki, Leyla xanım bu mövzularda çox həssasdır və xalçaçılığa qayğı ilə yanaşacaq. Xalçanı görəndən sonra almaq istədilər, ancaq satmadım. Pulum olmasa da, pul üçün toxumamışdım…”.



“Ermənilərin əlinə çubuq veririk”

Xalçadan öz övladıymış kimi bəhs edir. Onun tarixini çözələyir: “Dünyada 3 qrup var – Azərbaycan, Fars, Orta Asiya. Qrupda məktəblər birləşir. Orta Asiyanın cəmi 7 kompozisiyası var, İran-Təbriz xalçaçılığında 14, bir də Azərbaycan qrupudur ki, onun da 148 kompozisiyası var. Azərbaycanda balıq kompozisiyasının 98 növü məlum idi. Sonradan 108-ə qədər qalxdı. Kompozisiya bir mövzu, onun çalarlarıdır. Azərbaycanın 5 məktəbi var – Təbriz, Qarabağ, Muğan, Şirvan-Bakı, Quba. Bu saat niyəsə İrəvan qrupunu da yaratmaq istəyirlər. Halbuki, dünyada cəmi 3 qrup var, İrəvan qrupu olmayıb. Hətta “İravan carpet groups” adlı kitab da çıxarıblar. Belə qrup olmadığı təqdirdə bunu niyə edirik? Biz belə etməklə ermənilərin əlinə yaxşı çubuq veririk. Sabah öz başımıza dəyəcək”.

Ustanın sadaladıqları xalça məktəblərinin az qala hamısı alt-üst olub. Yeganə xalçaçılığı yaşadan məktəb Qubadadır. Bu qənaətə Fatimə Ağamirzəyeva xarici ekspertlərlə birgə ölkədəki durumu analiz etdikdən sonra gəlib: “Bu saat Qarabağ məktəbi pərakəndədir. Milyonlarla qrant layihələri oldu. Hanı nəticə? Bütün xalça və xalça sahəsində çalışanları, məktəbləri, hansı məktəb harda parçalanıb, ustaları kimdir – hamısını tanıyıram. Azərbaycan xalçasını bilmirsənsə, xırdalıqları bilmirsənsə, nəyi axtarırsan? Mən tək Quba məktəbi üçün çalşmamışam. Təbriz məktəbi Azərbaycan qrupuna aiddi, ancaq o bizdə deyil. Satışa bizim adımızla getmir. Şirvan qrupunda texnologiya korlanıb, tərs ilmə baş alıb gedir, sıxlıq 23, 29, uzağı 30 olur.

Quba-Şirvan kompozisiyaları var ki, dünyanın ən zəngin kompozisiyalarıdır. Onların texnologiyaları da gözəl olub. Hardadı? Qalır bir dənə Quba məktəbi. Deyə bilərəm, bu məktəbi bərpa eləmişik.İItən kompozisiyaların 15-ni bərpa etmişəm, 14-nün üzərində bu saat rəssamlarımız işləyir. Muğan məktəbi tamamilə boşdu”.



“Qaz olmayan günlərdə revmatizmaya tutulduq”

Söhbəti yarımçıq kəsib ayağa qalxır. “Yol gəlmisiniz, acsınız”- deyir. Köməkçisini də səsləyib mətbəxə keçir. Əlində qazanla qayıdır. Gecə süzdüyü şüyüdlü plovu isidir. Yenidən mətbəxə keçib təmiz boşqabları təkrar durulayır. Təmizliyə önəm verdiyini xatırladır. Sonra süfrəyə əl gəzdirir. Elə yemək önümüzdə söhbətimizi davam etdiririk.

İndiyə qədər qız-gəlinin sanki vaxtını öldürmək üçün xalça-palaz toxuduğunu düşünürdüksə, Fatimə xanım bizə xalçanın görmədiyimiz dünyasının qapılarını araladı: “Xalçaçılıqda ən böyük poblem insan problemidi. İnsan toxumursa, xalçaçılığı necə qaldırmaq olar? Məktəb olmalıdır. Minlərlə usta yetişdirmişik. Ancaq bura laboratoriyadır. Bu müəssisə olmasa, xalçaçılıq necə inkişaf edər? Burdakı ustaları da yoxlayırıq. Həmişə deyirəm ki, qaranlıq, soyuq yerdə usta oturtmazlar. Onlara mənəvi dayaq olmaq lazımdı. Pəncərələri çox eləmişəm ki, işıq yaxşı düşsün, gözləri yaxşı görsün. Mən qaz olmadığına görə müflis oldum. Qaz olmadığı günlərdə işçilərim, özüm revmatizmaya tutulduq. Mən kabinetdə oturmuram. Onların yanında otururam. Nə deyim? Rəngləri əksər xalçalara mən verirəm. Amerikada yaşayan İran əsilli professor Kahimi var. O, xalçaçılıq bağlı 3500 şirkətin rəhbəridir, dünya miqyasında ən böyük ekspertlərdən hesab olunur. Bizim bir xalçamıza baxmışdı. Mən o xalçada 56 rəng işlətmişdim. Demişdi, rəngləri çox işlətməyinə baxmayaraq, bir rəng qışqırmır. Görünür, rəng üzərində işləyən çox mahir rəngkardı”.


“Dəfələrlə prezidentlə görüşmək istədim”

“Uşaqlarımın arzusunu da xalçaya qoymuşam. Ömrümü, illərimi sərf etmişəm. Uşaqlarımın qazandığı pul da buna gedib. Qızım iqtisadiyyatı bitirib aspiranturaya girdi. 3000 dollar lazım idi. Elmi rəhbəri xaricdən dəvət olunmalıydı, amma pul olmadığına görə aspiranturanı tərk elədi. Kiçik qızım beynəlxalq hüquq üzrə təhsil alıb. Axırıncı ilinin pulunu ödəyə bilmədim, diplom ala bilmədi. Digər qızım Tibb Universitetini qırmızı diplomla bitirib. Bircə dəfə 4 qiyməti almayıb. Pul adamı da deyil. Arzusu Moskvada endokrinoloq-cərrah fakültəsini bitirmək idi. Pulum olmadı göndərməyə. Hər şeyi xalçaya verdim. İndi ürəyim yana-yana baxıram».

İllərini xalçaya həvəslə bağışlayan ustanın çırpınışları üzünə açılmayan hər qapıdan sonra da dayanmır: “Dəfələrlə prezidentlə görüşmək istədim. Mənə dedilər ki, qadın sahibkarlarla ölkə başçısı görüşüb. Necə olur? Mən ilk qadın sahibkaram, ancaq bir dəfə o siyahıya düşmürəm. Hansı ki, görüşü təşkil edən assosiasiyaları, rəhbərlərini gözəl tanyıram. Azərbaycan Sahibkarlar Konfederasiyasının region üzrə 3 il nümayəndəsi işləmişəm. Məni gözəl tanıyırlar. Niyə bir dəfə problemləri demirlər? Tərifi hər yerdə demək mümkündür. Problem deyilməsə, onu necə həll etmək olar?”



“Azərbaycan xalçası ölüb, onu yaşadan təkcə Fatimə Ağamirzəyevadı”

3 il bundan öncə xalçaçının qapısını Alberto Baralevo döyür. O, Mehriban Əliyevanın xahişi ilə Azərbaycan xalçasını tədqiq edir və rəyini verir: “Azərbaycan xalçası ölüb, onu yaşadan təkcə Fatimə Ağamirzəyevadı”. Bundan sonra isə o, UNESCO-nun mədəni irs siyahısına salınır.

40 illik fasiləsiz stajı olan xalçaçının aylıq təqaüdü cəmi 150 manatdı: “Elmi işlərim, tikiş üzrə kitabım, beynəlxalq festivallarda nailiyyətlərim var. O pulu da müəssisənin işığına, qazına verirəm, ancaq o da görmür”.

Xalçaçı deyir ki, bir dəfə İranlı xalçaçılardan biri ilə bəhsə girir. Onun misdən olan rəng teştini gözü yaman tutubmuş. İranlı həmkarı isə Fatimə xanımdan hələ siyahıya düşməyən xalçasında səhv olub-olmayacağı ilə bağlı sual verir. O da deyir ki, xalçam səhvsizdi. Hər iki tərəf mərc qoşub: Fatimə xanım rəng teştini, həmkarı isə toxuduğu xalçanı istəyib. İranlı uduzub. İndi həmin mis test Fatimə xanımın evindədi.



“Əgər uşağı qocalanda sənə çörək verəcəyi məqsədi ilə saxlayırsansa, onda nə anasan?”

Müəssisəni, onu dövrələyən baxçanı gəzdirir. Əkdiyi çiçəkləri, gülləri, ağacları göstərir. İkinci dəfə ailə həyatı qurmayıb. Anası uşaqlardan ikisini saxlayacağını desə də, özü bundan imtina edib: “Uşaq da bölünən, atılan şeydimi? Dörd uşağın həyatını birinə dəyişmək? Nə bilim. Çox dedilər ki, sənə baxmayacaqlar, tək qalacaqsan. Əgər uşağı qocalanda sənə çörək verəcəyi məqsədi ilə saxlayırsansa, onda nə anasan? Mən övladlarıma insan kimi yanaşdım, onlar da sağ olsunlar, başımı aşağı etmədilər”.

“Övladlarıma həmişə məsləhət görürdüm ki, düzgün olun, Vətən hər şeyi qiymətləndirir… Bunu görmədim…” – deyir, xalça ustası.

Ölkəyə gələn səfirlərdən aldığı məktubları, İrandan, Küveytdən, Türkiyədən aldığı mükafatları, sertifikatları, “Baku” jurnalının ona göndərdiyi təşəkkürnaməni göstərir. Danışdıqca, üzündə xəfif təbəssüm yaranır. Xalça haqda kitab yazmaq istəyir. Ömrünün ona vəfa etməyəcəyindən qorxur, daha çox Azərbaycan xalçasının onunla bərabər itəcəyindən…

Xalça, kilim, sumax, palaz – müxtəlif rənglərin, naxışların, ilmələrin, fiqurların sehri. O sehri yaradan isə Fatimə Ağamirzəyevanın və onun yetişdirdiyi ustaların barmaqlarıdı. O barmaqlar ki, ya soyuğa tutulub, ya da biganəliyə, ancaq heç vaxt xalçaya xəyanət etməyib.

Ana səhifəVideoXalçanın ustası, ustanın xalçası