İntiqam Salahov: “İmkan vermədilər xəstəxanaya girməyə, maşına basıb bölməyə apardılar, orada yenə döydülər”
Kəlbəcər sakini, Gəncədə məskunlaşan İntiqam Salahov polis zorakılığına məruz qaldığını deyir. O bildirir ki, hadisə avqustun 28-də elə Gəncədə baş verib.
“Köynəyim qan içində idi”
49 yaşlı İntiqam Salahov danışır ki, həmin gün qohumu Ruslan Nağıyevlə birlikdə avtomobillə gələrkən onları yol polisi saxlayıb. O, avtomobildə sərnişin olub.
Dediyinə görə, polislərlə sürücü arasında mübahisə yarandığını, polislərin Ruslan Nağıyevi döydüyünü görüb:
“Biri tutub, o biri də başına-başına vurur. Dedim ki, niyə vurursuz? Nə qayda pozuntusu varsa, cəriməsini yazın da. Elə bunu demişdim ki, biri onu buraxıb, məni vurdu. Üst-başım qan oldu. Sürücünü götürüb apardılar. Mən qaldım. Mürşüd və Yunis adlı yol polisləri idi”.
İntiqam Salahov qohumlarına zəng edib. Qohumları gəlib, onu xəstəxanaya aparıblar. Lakin xəstəxanaya çatanda polislər ora da gəliblər:
“İmkan vermədilər məni xəstəxanaya salmağa. Məni Post-Patrul maşınına basıb, apardılar 1-ci bölməyə. Orada kamera olmayan hissəyə salıb, yenə döydülər. Təsəvvür edin, əvvəlkilər yenə döyürlər, növbətçi hissənin polisləri də kənardan baxırdı”.
İntiqam Salahov həmin gecə polis bölməsində saxlanılıb. Onun sözlərinə görə, səhər onu və Ruslan Nağıyevi məhkəməyə aparıblar. Ona 150 manat cərimə, Ruslan Nağıyevə isə 8 sutka inzibati həbs cəzası verilib:
“Köynəyim qan içində idi. Xadimə səhər məni kamerada qan içində görəndə yazığı gəldi. Kameradan çıxaranda başqa köynək verdilər ki, qanlı köynəyi dəyişim”.
O, məhkəmədə kamera görüntülərinə baxılmasını tələb edib. Lakin bu tələbi təmin olunmayıb:
“Əgər həqiqətən obyektiv araşdırma aparmaq istəyirlərsə, kamera görüntülərinə baxsınlar, görsünlər ki, mən hansı köynəkdə gətirilmişəm, hansı köynəkdə aparılmışam”.
“Prokurorluq ekspertizadan keçmək üçün sənəd vermir”
İntiqam Salahov deyir ki, məruz qaldığı zorakılıq nəticəsində sağlamlığında ciddi problemlər yaranıb. Bu səbəbdən də xəstəxanaya gedib. Xəstəxanadanın arayışında da üzərindəki xəsarətlər əksini tapıb.
Bundan başqa, o, xəsarətlərin ağırlıq dərəcəsinin müəyyənləşməsi üçün ekspertizadan keçirilməsini istəyir. Bunun üçün prokurorluq ona göndəriş verməlidir. Lakin xeyli vaxtdır ki, prokurorluq bu sənədi vermir: “Xəsarət izləri itəndən sonra sənədi verməyin nə mənası?!”.
İntiqam Salahovun özü də, yaxınları da yaşananlarla əlaqədar Daxili İşlər naziri Vilayət Eyvazov, Baş prokuror Kamran Əliyev və digər səlahiyyətli qurumlara şikayət məktubları göndərib.
DİN nə deyir?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Meydan TV-nin məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avqustun 28-də axşam saatlarında “Niva” markalı avtomobili qayda pozuntusuna görə saxlayıb. Sürücünün sərxoşluğuna sübhə olduğundan onun sərxoşluq müayinəsindən keçməsi tələb olunub:
“Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib, İntiqam Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib”.
Ruslan Nağıyev və İntiqam Salahovun döyülməsinə gəlincə, Eşqin Qasımov iddia edir ki, bu barədə deyilənlər həqiqət deyil:
“Bu iddialarla bağlı İntiqam Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır”.