Kənd sakinləri elektrik xətlərinin təhlükəli hal aldığını deyir
“Gözləyirlər ki, ya kimisə elektrik cərəyanı vurub öldürsün, ya da qısaqapanmadan evlərdə yanğın olsun. Sonra bunlar harayımıza gəlsinlər”.
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində elektrik xətləri yenidən çəkilməlidir.
Sakinlər Meydan TV-yə bildiriblər ki, illərdir kənddə elektrikötürücü dirəklər yoxdur, naqillər də tamamilə sıradan çıxıb. Bunun üçün onlar meşədən odun gətirərək, özləri kustar üsulla elektrik naqillərini ötürən dirəklər düzəldiblər. İzolyasiya olunmamış köhnə naqillər tez-tez hava şəraiti ilə əlaqədar olaraq qırılır, insan həyatı üçün təhlükəli vəziyyət yaradır.
“Təsəvvür edin, zədəli naqilləri özümüz bərpa edirik. Yüksək gərginlikli xətlər o qədər alçaqdandır ki, hər an ölüm təhlükəsi yarana bilər. Beynəlxalq standartlar və normalarla yanaşanda, bu, çox təhlükəli haldır. Biz həm ölümlə üz-üzəyik, həm də elektromaqnit dalğaların təsirinə məruz qalırıq. Amma bu, aidiyyatı qurumları heç də narahat etmir”, – Fərhad Seyidəliyev deyir:
Sakinlər söyləyirlər ki, hava bəzən küləkli olur. Belə olan halda da naqillər qırılır, həm işıqsız, həm də ölüm təhlükəsi yaranır:
“Düz beş ildir ki, biz bu əziyyəti çəkirik, saatlarla işıqsız qalırıq. Dəfələrlə elektriklə işləyən avadanlıqlar, həmçinin məişət əşyalarımız yanıb. Soyuducum xarab oldu, televizorum yandı. Gəlin, evləri gəzək, özünüz görəcəksiniz, çoxunda salamat elektrik cihazı qalmayıb. Hazırda mənim evimdə indi televizor yoxdur, çünki işığa görə yanıb”, – şikayətçi əlavə edir.
Digər kənd sakini Rasim Seyidəliyevin sözlərinə görə, işıqlar hər gün 3-4 dəfə sönür, çünki naqillər sıradan çıxıb. Dəfələrlə qəza vəziyyəti yaranıb:
“İşıq sönür, bəzən bu 10 dəqiqədən sonra yanır. Bəzən də 2, hətta 5 saat işıqsız qalırıq. Bir də görürsən, gecə saat 1-də işıq sönüb. Naqillər xarabdır, qırılır. Kəndirbazlıq edirik, işıq sönübsə, özümüz nərdivanla gəzib, qırılan yeri tapırıq. Beş ildir ki, bu vəziyyət davam edir. Dəfələrlə aidiyyatı quruma şikayət etmişik. Kənd camaatından bir neçə nəfərlə yığışıb, işıq idarəsinə getdik. Dedilər ki, sizin küçədə işıq çəkilməsi ilə bağlı planlaşma var. Səbrli olun, düzələcək. Keçən il bizə 2 dəfə söz verdilər, amma əməl etmədilər. 2019-cu il girəndən düz 3 dəfə getmişik, amma heç bir faydası yoxdur. Bir gün uşaqlarımızı elektrik vuracaq. O zaman kim cavabdeh olacaq? Kondisionerləri qoşurlar güc düşür, işıq həddindən artıq zəif olur, vurub, avadanlıqları sıradan çıxarır. Kənddə olan transfarmator çox uzaqdadır, bizim məhəlləyə ötürülən elektrik xətti də uzaq olduğu üçün durumumuz çox acınacaqlıdır. Gəlib kabelləşmə aparsınlar. Müqaviləyə əsasən, gün ərzində gərginlik 220 kilovatt olmalıdır. Amma 120-130 kilovatt verilir”.
“Azərişıq” ASC-nin Xaçmaz Rayonu Elektrik Şəbəkəsinin baş mühəndisi Adil İbrahimov Meydan TV-yə bildirib ki, əraziyə baxış keçiriləcək və yaranan problem aradan qaldırılacaq.
Həmçinin “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Meydan TV-yə söyləyib ki, məsələ diqqət mərkəzində saxlanılacaq.