Xaçmazda: 150 ailə 4 ildir susuz qalıb

”Əlimizdə olan bağların artıq bir hissəsi quruyub”

Source:


”Əlimizdə olan bağların artıq bir hissəsi quruyub”

Xaçmaz rayonu, Ağyazıbuduq kəndində dörd ildir ki, suvarma suyunun təminatında problem yaranıb.

Kənd sakini Asəf Cəfərov Meydan TV-yə bildirib ki, 2014-cü ildə ərazidə avtomobil yolu salınan zaman Ağçayın yatağından 6 metr dərinliyində, 20 metr enində çınqıl daşıyaraq, böyük boşluq yaradıblar:

“2015-ci ilin yazında sel suları Ağçay vadisinin böyük bir hissəsini yuyaraq, daha da dərinləşdirdi. Kəndimizin su aldığı bəndi yuyub, bərbad vəziyyətə saldı. Çayın əks tərəfində yerləşən kəndlərə gedən yolları da dağıtdı. Camaat yarım saatlıq yolu dolanaraq, 2 saata gedib, mənzil başına çatır. Hazırda həmin bənd çay yatağından ən azı 5 metr hündürlükdə qalıb. Dörd ildir ki, biz su nədir, görmürük. Qonşu kəndlər suvarma işlərini başa vurduqdan sonra bizə bir az su gəlir. Onda da növbə, qırğın, söyüş, lazım olmayan söhbətlər olur”.

Şikayətçi bildirir ki, 150 ailəyə məxsus 30 hektara yaxın həyətyanı sahə, 200 hektar da meyvə bağlarından ibarət pay torpaqları susuzluqdan məhv olmaq üzrədir. Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və kənd təsərrüffatı naziri İman Kərimova məktub yazıblar:

“Kənd Təsərrüfatı Nazirliyindən cavab gəldi ki, şikayətimiz Melorasiya və Su Təsərrüfatı ASC-yə yönləndirilib. Bu qurumdan mütəxəssislər gəldi, ölçdülər-biçdilər, layihə hazırladılar. Axırda da dedilər ki, , Samur-Abşeron kanalından Ağyazıbuduğa su çəkmək üçün 1,2 milyon manat vəsait tələb olunur. Halbuki, həmin kanaldan bizim kəndə qədər məsafə 2 min metrdir. Onlar isə məsafəni 5 min kilometr göstərdilər. Bizim mütəxəssislər isə deyir ki, bunu 200-300 min manata başa gətirmək olar”.

46453

“Bizdən yuxarıda kəndlər var. Yayda həmin camaat suvarma işlərini bitirəndən sonra onda bizə su verirlər. Bu da gəlib, oktyabr ayına təsadüf edir”, – deyən Asəf Cəfərov əlavə edir ki, Xaçmaz Suvarma Sistemləri İdarəsinin rəisi Vaqif Səlimov onların probleminə laqeyid yanaşır:

“Vaqif Səlimov ötən ilin hesabatında icra başçısına məlumat verib ki, Ağyazıbuduq kəndinin su problemi var. Sonra da əlavə edib ki, bu yaxınlarda məsələ həllini tapacaq. Problem nə vaxt həllini tapacaq, məlum deyil. Əlimizdə olan bağların artıq bir hissəsi quruyub. Qalanlardan da keyfiyyətsiz meyvə yığılır. Ora sərf olunan xərclərin və çəkilən zəhmətin əvəzini heç ödəmir də. Əgər qarşıdan gələn yay mövsümünə qədər problem həll edilməsə, vəziyyətimiz çox ağır olacaq. Kəndlinin ümidi, əlində olan torpaqlardır. Əgər torpaqları suvara bilməsək, çəkdiyimiz bütün əziyyət hədər gedəcək və vəziyyətimiz daha da pisləşəcək. Deyir: tısbağanı ya öldür, ya da arxası üstə çevir. Kəndlinin də suvarma suyunu kəsmək, eynən buna bənzəyir. Aidiyyatı qurumlardan xahiş edirik ki, yaxın 2 ay ərzində suvarma problemini həll etsinlər. Əsas problemimiz budur. Digər məsələlərə gəlincə, camaat birtəhər dolanır”.

Xaçmaz Suvarma Sistemləri İdarəsin baş mühəndisi Xaləddin Məlikov Meydan TV-yə bildirib ki, kəndin suvarma problemi qismən aradan qaldırılıb:

“Çay məsələsi qüvvədən düşüb, özünüz gördünüz ora hansı vəziyyətdədir, bərpası qeyri-mümkündür. Ağyazıbuduğa Samur-Abşeron kanalından yeraltı su xətti çəkilməlidir. O da camaatın bağlarından keçir. Buna kim razılıq verər? Biz dörd ildir ki, bu işlə məşğuluq, bu problemi bir yana çıxara bilmirik. Kənd camaatı, bizim idarə, həmçinin rayon bələdiyyəsi Melorasiya və Su Təsərrüfatı ASC-yə məktub yazıb. Nümayəndələr gəlib baxıblar. Kanaldan su çəkilməsi üçün xeyli vəsait lazımdır. Suvarma Sistemləri İdarəsində o qədər vəsait ola bilməz. Həmin vəsait də dövlət səviyyəsində ayrılmalıdır. Bizə deyiblər ki, vəsait ayrılan kimi suvarma üçün xətt çəkiləcək. Əhalidə belə bir düşüncə var ki, pul çox hesablanıb. Onlar bazardan borunu 5 manata alırlar. Amma dövlət səviyyəsində iş görüləndə, smeta sənədləri tutulmalıdır. Layihənin hazırlanması üçün vəsait verilməlidir. Dövlətin öz vergi borcları da var. Belə olan halda da pul çox hesablanır. Camaat yanlış düşünür. Deyirlər ki, bizə filan qədər pul versəydilər, daha ucuz başa gələrdi. Bütün aidiyyatı qurumlara məlumat verilib, layihə üçün vəsait ayrılan kimi işə başlanılacaq. Hələlik isə qismən su problemini həll etmişik. Az da olsa, qonşu kəndlərdən onlara suvarma üçün su ayrılır. Düzdür, azdır, amma yox dərəcəsində deyil”.

46454
Ana səhifəXəbərlərXaçmazda: 150 ailə 4 ildir susuz qalıb