İsmayıl Aydəmirov: “Cinayəti ört-basdır eləmək üçün meyitin müayinəsilə bağlı rəyi saxtalaşdırıblar”
Xaçmaz sakini İsmayıl Aydəmirov oğlunun ölüm səbəbilə bağlı sənədi xəstəxanadan ala bilmədiyini deyir. 26 yaşlı Mirəli Aydəmirov 2020-ci il mayın 27-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb. Atasının sözlərinə görə, 4 ildir ki, xəstəxanadan övladının ölüm səbəbi haqqında tibbi şəhadətnaməni almaq üçün mübarizə aparır. Amma hər dəfə cəhdləri nəticəsiz qaldığına görə məhkəməyə üz tutmaq məcburiyyətində qalıb.
“Oğlumun işgəncədən öldüyünü ört-basdır eləmək üçün…”
“Oğlumu polislər döyüb öldürüb, xəstəxana bunu gizlədir. Mirəli Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində keçinib. Səhiyyə Nazirliyinin qərarı var, bioloji ölüm anı harada baş veribsə, həmin xəstəxananın həkimi və ya feldşeri ölüm haqqında tibbi şəhadətnamə verməlidir. Bunlar nə ediblər? Oğlumun işgəncə nəticəsində öldüyünü ört-basdır eləmək üçün bizə məlumat vermədən meyiti reanimasiyadan morqa aparıblar. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi də əsas, sübut olmadan ölümün səbəbini “heroindən zəhərlənmə” göstərib. Bunun da əsasında mənə həmin diaqnozla ölüm şəhadətnaməsi verilib. Bu diaqnoz tamamilə saxtadır. Ən əsası, niyə xəstəxana özü ölüm səbəbi haqqında tibbi şəhadətnaməni vermək istəmir?”, – İsmayıl Aydəmirov Meydan TV-yə bildirib.
Mirəli Aydəmirov. Foto: Ailə arxivindən
O danışır ki, oğlunu 4 il əvvəl mayın 27-nə keçən gecə saat 2 radələrində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Atasının sözlərinə görə, Mirəli Aydəmirovu şöbəyə aparıblar, orada onu döyüblər:
“Cibinə narkotik atıb, həbsə göndərmək istəyiblər, oglum da razılaşmayıb. Onu gecə 4-ə qalmışa qədər amansızlıqla döyüblər. Görəndə ki, ölümcül vəziyyətdədir, təcili yardım çağırıblar. Meyitin fotoşəkilləri var, oradan görünür ki, polislər onu nə günə qoyublar. Başında, bədənində nə qədər xəsarət izləri var. Təcili yardım oğlumu xəstəxanaya aparıb, reanimasiya şöbəsinə yerləşdirib. Heç bir sutka tamam olmamış – 27 may axşam saat 18.40 radələrində Mirəli işgəncə və xəsarətlərdən orada da ölüb”.
Mirəli Aydəmirov. Foto: Ailəsindən
“Ekspertin yazdıqları başdan-ayağa yalandır”
İsmayıl Aydəmirov deyir ki, 4 dekabr 2020-ci il tarixli arayış var. Oradan məlum olur ki, Mirəli Aydəmirov “Agır qapalı kəllə-beyin travması. Baş-beyin əzilməsi. Komatoz vəziyyət. Alnın sol nahiyyəsinin sol tərəfdən əzilməsi və qançırı. Sag saidin sıyrılmış yarası diaqnozu” ilə reanimasiya şöbəsinə yerləşdirilib:
“Cinayəti ört-basdır eləmək üçün meyitin müayinəsilə bağlı rəyi saxtalaşdırıblar. Guya oğlumu gecə saat 04.40 radələrində kamatoz vəziyyətdə gətirən adamlar deyib ki, onu küçədə huşsuz vəziyyətdə görüb, xəstəxanaya çatdırıblar. Ekspertin yazdıgı bu ifadələr başdan-ayağa yalandır. Saxtakarlıq o həddə olub ki, ekspert ölüm haqqında tibbi şəhadətnamədə travmanın başvermə tarixini 26 may göstərib. Halbuki, Mirəli mayın 27-si gecə saat 03.30-a qədər sağ-salamat olub”.
Məhkəmə işindən. Foto: Ailəsindən
İsmayıl Aydəmirov Səhiyyə Nazirliyinin Kollegiyasının 31 may 2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na istinad edir. Orada göstərilib ki, əgər ölüm hadisəsi vəfat edən şəxsin müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnaməni də həmin tibb müəssisəsi verməlidir.
Xəstəxananın nümayəndəsi: “Bu məsələnin bizə aidiyyəti yoxdur”
İsmayıl Aydəmirov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasını məhkəməyə verib. O, xəstəxananın üzərinə ona şəhadətnaməni vermək öhdəliyi qoyulmasını istəyir. Onun şikayətinə Sumqayıt İnzibati Məhkəməsində baxılır.
Məhkəmədə xəstəxananın nümayəndəsi bildirib ki, onlara qarşı qaldırılmış iddia əsassızdır. Onun sözlərinə görə, meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə olunub, sənədlər də verilib: “Bu məsələnin bizə aidiyyəti yoxdur”.
İsmayıl Aydəmirov əlavə edib ki, oğlunun ölümünün səbəbkarlarının da cəzalandırılması üçün illərdir mübarizə aparır. O, oğlunun ölümünə görə Xaçmaz rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşlarını təqsirkar sayır. Onların cəzalandırılması üçün Xaçmaz Rayon Prokurorluğuna, Baş Prokurorluğa dəfələrlə şikayət edib. Lakin prokurorluq Mirəli Aydəmirovun ölümüylə bağlı cinayət işi başlanmasını rədd edib. Prokurorluq iddia edir ki, polislərin əməlində cinayət tərkibi müəyyənləşdirilməyib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov vətəndaşın dediklərini təkzib edib:
“Vətəndaş İsmayıl Aydəmirovun oğlunun Xaçmaz Rayon Polis Şöbəsində döyülməsi və bu səbəbdən xəstəxanada ölməsi barədə səsləndirdiyi iddialar tam əsassızdır və həqiqətə uyğun deyil”.
“Onun oğlu Mirəli Aydəmirov narkotik aludəçisi olub və ölüm səbəbləri araşdırmalarla sübuta yetirilib. Bu barədə tibbi ekspertizanın rəyi var. Lakin İsmayıl Aydəmirov verilən qərardan narazı olduğunu bildirərək bu barədə Xaçmaz Rayon Prokurorluğuna müraciət edib. Aparılan araşdırmanın yekununda müraciətinin əsassız və qərəzli olduğu müəyyən olunub”, – deyə o qeyd edib.