Xaçmaz sakini mühacirətdə olan oğluna görə təzyiqə məruz qaldıqlarını deyir

Nailə Hüseynova deyir ki, polisin təzyiqi nəticəsində Elşən Hüseynovun atası Nəcəf Hüseynov infakt keçirib, hazırda yataq rejimindədir

Source: Foto: google.az


“Polisin təzyiqi nəticəsində həyat yoldaşım infakt keçirib, hazırda yataq rejimindədir”

Almaniyada mühacir həyatı yaşayan Elşən Hüseynovun yaxınları polis təzyiqi ilə üzləşdiklərini deyirlər. Xaçmaz rayon sakini Nailə Hüseynova Meydan TV-yə bildirib ki, bir həftə əvvəl evlərinə yerli polislər gəlib, elə həmin vaxt da Elşənin bacısı Gülşən Mahmudovanın yaşadığı mənzil də polis mühasirəsində olub.

Nailə Hüseynova deyir ki, polisin təzyiqi nəticəsində Elşən Hüseynovun atası Nəcəf Hüseynov infakt keçirib, hazırda yataq rejimindədir:

“Qızım Gülşən Mahmudovanın evinə gediblər, həmin vaxt o, evdə tək olub, qayınatası əməliyyat olunduğundan ailə üzvləri paytaxtda olublar. Qızım dindardır, hicablıdır, buna rəğmən polis evə hücum edib, onu məcburən polisə aparmaq istəyib. Nəhayət, ağlaya-ağlaya evə zəng etdi, o biri oğlum onların yerinə polisə gedib. Elə həmin ərəfədə bizim qapını döydülər, yoldaşımın infakt keçirdiyindən yataq rejimində olduğunu söyləsəm də, polislər “həkimin ixtiyarı yoxdur ona diaqnoz qoysun, burda hər şeyi biz edirik” cavabını verdilər. Polislərə çağırış vərəqi istəyəndə “detektiv filmlərinə çox baxırsınız deyəcən, biz kağız vermirik, çünki rəisin göstərişilə gəmişik” söylədilər. Yoldaşıma baxandan sonra dedilər, tərpənə bilər, aparacaqlar, nəticədə məcburiyyətlə kişini geyindirib qaldırmaq istəyəndə oğlum evə qayıtdı. Oğlum onlarla nə danışdı, bilmirəm, özü getdi. Yarım saat sonra buraxdılar”.

Nailə Hüseynova oğlu Elşən Hüseynovun 4 il əvvəl turist kimi Avropaya getdiyini, ancaq müəyyən səbəblərdən qayıda bilmədiyini söylədi:

“Onun orda nə işlə məşğul olduğundan xəbərsizik, ona görə bizi niyə incidirlər bilmirik. Hazırda çıxılmaz vəziyyətdəyik. İlk dəfə deyil ki, polis təzyiqi ilə üzləşirik, adi hala çevilib. Buna görə ərim infakt keçirib. Bizə deyirlər ki, oğlun orda susmasa, hökumət işində yaxın qohumlarınız varsa, çıxarılacaq, ancaq bizim hökumət işində kimimiz var ki? Hamısı qara fəhlədir”.

4 il öncə Almaniyaya gedən Elşən Hüseynovun DAS üzvü olduğu, orada Azərbaycan hökuməti əleyhinə təşkil olunan aksiyalarda iştirak etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyilənlərin yalan olduğunu bildirib.

Ehsan Zahidovun sözlərinə görə, Elşən Hüseynov özünü gündəmdə saxlamaq və oturum almaq üçün ailəsi vasitəsilə polisə şər atır:

“Azərbaycan polisi həmişə qanuna müvafiq hərəkət edib və heç zaman qanunu pozmayıb”.

Ana səhifəSiyasətXaçmaz sakini mühacirətdə olan oğluna görə təzyiqə məruz qaldıqlarını deyir