“Karantin rejimi sərtləşdiriləndən sonra dövlət tərəfindən heç bir maliyyə dəstəyi almamışam”
Xaçmaz rayonu, Dağıstan küçəsi, ev 36, mənzil 11 ünvanında yaşayan Leyla Novruzəliyeva tənha anadır, üç azyaşlı oğlu var. Dörd il öncə həyat yoldaşından ayrılıb. Deyir ki, eşitmə-danışma məhdudiyyəti olan keçmiş həyat yoldaşı onu və oğullarını döyürmüş. Boşanandan sonra da keçmiş həyat yoldaşı ilə eyni evdə yaşamağa məcbur olub:
“Ev keçmiş qayınanamın adınadır. Məhkəməyə müraciət etdim, lakin sənədlərim geri qaytarıldı ki, evlə bağlı hüququm yoxdur. Valideynlərim vəfat etmişdi, qohumlarımdan da mənə sahib çıxan olmadı. Məcbur olub həmin evin bir otağında qaldım. Ev uşaqların atasının adına olsaydı, satmaq olardı. Onların da əlində məhkəmə qərarı olmadığı üçün məni evdən çıxarmırlar. Qaldığımız otaq şəraitsiz və soyuqdur, hətta pəncərəmdə pərdəm yoxdur. Keçmiş qayınanam bir otağı bağlı saxlayır. Digər otaqlardan birində mən uşaqlarımla, digərində isə keçmiş həyat yoldaşım yaşayır. Təsəvvür edin, evin bütün kommunal xərclərini də mən ödəyirəm. Onlar da rahat-rahat istifadə edirlər. Boşanandan sonra üç uşağa görə 76 manat aliment ödəyirlər, vəssalam. Bəhanələri də budur ki, uşaqların atası üçüncü qrup əlildir, qüsurludur. 76 manatla həm kommunal ödəyirəm, həm də uşaqların yeməyini alıram”.
Leyla Novruzəliyeva boşanandan sonra səyyar bərbər kimi fəaliyyətə başlayıb. Deyir ki, öncələr övladlarını birtəhər dolandırırdı. Lakin il başlayandan işləri qaydasında getmir. Öncə koronavirus (COVID-19) pandemiyası, ardınca isə müharibə onu işsiz qoyub:
“Yay aylarında az-çox müştəri olurdu. Müharibədən sonra vəziyyət daha da ağırlaşdı, hər yer bağlıdır. Anayam, sosial yüküm, məsuliyyətim var. Peşəm üzrə olmayan işə də razıyam, təki uşaqlarım ac qalmasın. Qabyuyan, satıcı, xadimə işi ilə bağlı hər yerə müraciət etmişəm, amma bir nəticəsi yoxdur”.
Oktyabr ayından ölkənin bir sıra şəhər və rayonlarında epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Xaçmaz rayonu da bu siyahıya daxildir. Şikayətçinin sözlərinə görə, karantin rejimi sərtləşdiriləndən sonra dövlət tərəfindən heç bir maliyyə dəstəyi almayıb:
“Dövlətdən heç bir yardım görməmişəm. Ünvanlı sosial yardım da almıram. 190 manat üçün müraciət etdim, onu da vermədilər. İş yerləri bağlanıb, camaatda da pul yoxdur. Saç ustasına müraciət edənlər tamamilə azalıb. Dövlətdən pul istəmirəm, heç olmasa məni işlə təmin etsinlər. Tək canımla gələcəyin üç əsgərini böyüdürəm. Beş ilə yaxındır ki, Xaçmaz Rayon Məşğulluq Xidmətində qeydiyyatdayam. Hər dəfə gedəndə deyirlər ki, nəsə olsa çağıracağıq. İşlə təmin etmirlər, bu bir yana, ora gedəndə vətəndaşlarla kobud rəftar edirlər, az qalırlar ki, qovsunlar”.
“Karantindən əvvəl uşaqlarımı ac qoymurdum, onların yeməyini təmin edə bilirdim. İndi isə vəziyyət çox ağırdır”, – şikayətçi belə deyir. Söyləyir ki, Dövlət Məşğulluq Agentliyinin “e-sosial.az” saytında işsiz kimi qeydiyyatdan keçib:
“Tez-tez şəxsi kabinetimə daxil olub, vakansiyalara baxıram. Noyabrın 27-də “e-sosial.az”dan telefonuma SMS gəldi ki, iş axtarmaqla bağlı təklifimə cavab olaraq, saytdakı şəxsi kabinetimə fərdi məşğulluq proqramı yerləşdirilib. Üzərindən iki gün keçməmiş, oktyabrın 30-da ikinci mesaj gəldi ki, guya mən fərdi məşğulluq proqramından imtina etmişəm. Mesajda qeyd olunurdu ki, “Məşğulluq haqqında” qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan çıxarılıram. Bununla bağlı nazirliyin “142 Çağrı mərkəzi”nə zəng etmədim. Çünki əvvəllər dəfələrlə zəng etmişəm, xətdə gözləyirsən, balans qurtarır, amma probleminə həll cavabı ala bilmirsən. Buna görə də qərara aldım ki, Xaçmaz Rayon Məşğulluq Xidmətinə gedim, məsələni onlarla aydınlaşdırım. İdarənin qarşısında millət vardı, təkcə mən deyildim. Heç kimi içəri buraxmadılar. Məlum oldu ki, çox insana SMS gəlib. Mərkəzin işçiləri gələnləri içəri buraxmır, hətta reaksiya vermirdilər. Sonra gördülər ki, camaat hay-küy salır, çıxıb dedilər ki, biz bilmirik, nazirliyə müraciət edin. Məşğulluqdan bizi kobud şəkildə yola salandan sonra, camaatla qərara aldıq ki, dərdimizi Xaçmaz Rayon İcra Hakimiyyətinə deyək. Əlbət, bu qurumda dərdimizə qulaq asarlar, çarə taparlar. Təəssüf ki, icrada da eyni cavabı aldıq. Dedilər ki, biz işlə təmin edən qurum deyilik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ya faks, ya da məktub göndərin. Məktub göndərmədim, səbəbi də odur ki, dəfələrlə işsizlik problemimlə əlaqədar bir çox qurumlara yazmışam. İki manat pul verib, məktub yollayırsan, əziyyət çəkib cavab da yazmırlar. Düzdür, iki manat böyük məbləğ deyil. Amma hazırkı vəziyyətdə də mənim üçün böyük məbləğ sayılır”.
Xaçmaz Rayonu İcra Hakimiyyəti ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova Meydan TV-yə bildirib ki, işə düzəldən qurum deyil:
“Vətəndaşlar bəzən aidiyyəti olmayan məsələlərlə bağlı da quruma müraciətlər edir. Son zamanlar müraciətlər daha çox 190 manat birdəfəlik ödəmə ilə əlaqədardır. Bu ödəməni icra hakimiyyətləri etmir. Təəssüf ki, bunu bəzi vətəndaşlara başa salmaq olmur. “İşlə bağlı kommunal təsərrüfatında, yaxud məşğulluq mərkəzində növbəyə dayan deyirsən”, çoxu istəmir. İcra hakimiyyətindən asılı olan işə mütləq baxılır. Tabeliyimizdə olmayan işlərlə bağlı yalnız tövsiyə xarakterli məsləhətlər verir, aidiyyəti üzrə yönləndiririk”.
Dövlət Məşğulluq Agentliyindən Meydan Tv-nin sorğusuna cavab olaraq, bildirilib ki, sistemdə Leyla Novruzəliyeva ad-soyadlı vətəndaş işsiz kimi qeyd olunub:
“Ola bilər ki, vətəndaşa SMS səhv gedib. Beş iş günü müddətində fərdi məşğulluq proqramına münasibət bildirməsə, işsiz statusu ləğv ediləcək”.
“Ümumiyyətlə, biz vətəndaşa “gedin evə, vakansiya olanda xəbər edəcəyik”,- demirik. Qeydiyyatda olan minlərlə adam var. Biz onların hansı birinə zəng edib vakansiya haqda məlumat verə bilərik?”- bu sözləri Meydan TV-yə Xaçmaz Rayon Məşğulluq Mərkəzinin baş mütəxəssisi Ruslan Ramazanov deyib:
““Məşğulluq haqqında” qanuna edilən son dəyişiklikdən sonra bütün prosedurlar elektron şəkildə aparılır. Vətəndaş mərkəzə gəlmədən, “e-sosial.az”dan qeydiyyatdan keçir. Bütün müəssisə və təşkilatlar vakansiya yarandığı halda bununla bağlı sistemə məlumat yerləşdirir. Vətəndaş sayt vasitəsilə uyğun bildiyi iş vakansiyasına göndəriş verə bilir. Fərdi məşğulluq proqramı bütün ölkə üzrə bütün işsiz vətəndaşlara göndərilir. Onlar şəxsi kabinetdən daxil olub, proqramın icrasını ya təsdiq, ya da imtina etməlidir. Təsdiq etdikdə, hər ay Məşğulluq Mərkəzinə elektron şəkildə hesabat verilməlidir. Əgər vətəndaş fərdi məşğulluq proqramının icrasından imtina edirsə, işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. Lakin işaxtaran kimi yenə də qeydiyyatı sistemdə qalır. Sadəcə, işsiz statusu ləğv olunur. Leyla Novruzəliyevanın məsələsinə gəlincə, ola bilsin ki, internetdə hansısa profilaktik işlər görülüb. Yaxud da sistemdə bir-iki saatlıq problem yaranıb, məhdudiyyət qoyulub. Vətəndaş yenidən kabinetinə daxil olub, elanı təsdiqləməlidir. Yoxsa işsiz statusu ləğv olunacaq”.