Xabarovskda reyd zamanı Özbəkistan vətəndaşı ölüb, Daşkənd araşdırma tələb edir

Rusiyada Orta Asiyadan olan şəxslərə qarşı təzyiqlər – Foto: ChatGpt

Özbəkistan Rusiyanın Xabarovsk şəhərində vətəndaşının ölümü ilə bağlı məlumat tələb edib. Vladivostokdakı Baş Konsulluq Xabarovsk vilayəti prokurorluğuna, istintaq idarəsinə və Rusiya Xarici İşlər Nazirliyinin regional nümayəndəliyinə ətraflı və obyektiv araşdırma aparılması üçün rəsmi notalar göndərib.

Hadisə dekabrın 12-də Xabarovskdakı bir kafedə baş verib.

Rusiya xüsusi təyinatlıları “qanunsuz miqrasiyanın qarşısının alınması” məqsədilə keçirdikləri reyd zamanı orada olan Özbəkistan vətəndaşlarını döyüblər. Onlardan biri komaya düşərək vəfat edib.

Ölən şəxsin dəqiq ölüm səbəbi açıqlanmasa da, dekabrın 15-də “Azadlıq Radiosu”nun Mərkəzi Asiya xidməti xəbər verib ki, dekabrın 12-də Xabarovskda xüsusi təyinatlılar miqrantlara qarşı reyd keçirərək onları döyüblər.

Radio Qırğızıstan vətəndaşlarına istinadla bildirir ki, dekabrın 12-də hüquq-mühafizə orqanları təxminən 80 qırğızıstanlını işlədikləri avtoparkda saxlayıb və bir neçə saat boyunca döyüblər.

Xabarovskdakı Qırğızıstan konsulu Qadırbək Mırzabaev 17 vətəndaşdan şikayət daxil olduğunu təsdiqləyib və məsələ ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinə, prokurorluğa və Federal Təhlükəsizlik Xidmətinə nota göndərdiyini bildirib.

Oxşar şikayətlə təxminən iyirmi Özbəkistan vətəndaşı da jurnalistlərə müraciət edib.

Mərhumun saxlanıldığı ehtimal olunan kafeyə edilən reyd barədə yerli “Vesti” qəzeti reportaj yayıb.  Materialda qeyd olunub ki, orada Özbəkistan və Tacikistan vətəndaşları yoxlanılıb. Sənəd təqdim etməyən və yeni Rusiya vətəndaşı olaraq hərbi qeydiyyata durmayanlar ayrı bir otağa aparılıb.

Xabarovsk hərbi-istintaq bölməsinin müstəntiqi Rostislav Trofimçuk bildirib ki, reyd zamanı 300-dən çox şəxs yoxlanılıb, onlardan 15-i ölkədə qanunsuz olub, 30 nəfər isə “vaxtında hərbi qeydiyyata durmayıb”. Oxşar hadisə Vladivostokda bir mağazada miqranta hücum halları ilə də qeydə alınıb.

Rusiyada Orta Asiyadan olan şəxslərə qarşı təzyiqlər və ksenofobiya halları 2024-cü ilin martında Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktından sonra artıb. Hadisəni törətməkdə ittiham olunan 6 nəfərdən 4-ü Tacikistan vətəndaşı olub.

Həmin hadisədən sonra Rusiya hüquq-mühafizə orqanları miqrantlara qarşı müntəzəm reydlər keçirir, ölkədə qanuni şəkildə yaşayanlar belə deportasiya olunurlar.

2025-ci il fevralın 5-dən etibarən Rusiyada qanunsuz miqrantların deportasiyasının sadələşdirilmiş proseduru qüvvəyə minib. Prosedura əsasən, polis əməkdaşları ölkədə qanunsuz yaşayan xarici vətəndaşları məhkəmə qərarı olmadan deportasiya edə bilirlər.

2025-ci il iyunun sonunda Yekaterinburqda azərbaycanlılara qarşı da zorakı reydlər keçirilib. Nəticədə iki nəfər ölüb, bir neçə diaspor üzvü isə saxlanılıb.

Ana səhifəDünyaXabarovskda reyd zamanı Özbəkistan vətəndaşı ölüb, Daşkənd araşdırma tələb edir