Wizzair: Avropa İttifaqı ilə saziş olsa Bakıdan daha çox istiqamətə birbaşa reys edərik

Gürcüstanın belə müqaviləsi var, ona görə də orada birbaşa reyslərin sayı artırılıb

Source: google.az


Macarıstan aviaşirkəti digər ölkələrlə geniş əməkdaşlığının səbəbini açıqladı

Avropa İttifaqı, həmçinin Azərbaycan hökumət nümayəndələrinin çoxsaylı bəyanatlarına baxmayaraq, tərəflər arasında aviasiya sazişi üzrə danışıqlar heç cür başa çatmır. Ekspertlər hesab edirlər ki, bir çox hallarda Bakıdan Avropa şəhərlərinin çoxuna birbaşa reysin olmamasının səbəbi məhz budur.

“Turan” agentliyi misal kimi Macarıstanın “Wizzair” loukosterinin fəaliyyətini göstərib.

Şirkət Aİ ilə aviasiya sazişləri olan Gürcüstanda və Ukraynada fəaliyyətini genişləndirib. “Wizzair” Kutaisidən Avropanın 29 şəhərinə uçur (Avstriya 1, Belçika 1, Böyük Britaniya 1, Macarıstan1, Almaniya 4, Yunanıstan 2, Danimarka 1, İspaniya 1, İtaliya 3, Kipr 1, Latviya 1, Litva 1, Hollandiya 1, Polşa 5, Fransa 2, Çexiya 2, Estoniya 1 ), Kiyevdən 31 şəhərə uçur (Avstriya 1, Böyük Britaniya 1, Macarıstan 1, Almaniya 11, Yunanıstan 2, Danimarka 2, Kipr 1, Latviya 1, Litva 1, Polşa 7, Portuqaliya 1, Slovakiya 1, Estoniya 1).

“Wizzair” nümayəndəsi “Turan”-ın rəsmi sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanla Aİ arasında aviasiya sazişinin olmaması Bakıdan istiqamətlərin artırılmasına əngəl olur.

“Bakıdan Budapeştə reys Azərbaycan və Macarıstan hökumətlərarası sazişin əsasında həyata keçirilir. Biz Bakıdan reyslərin artırılmasını istəyirik, ancaq bundan ötrü Aİ ilə müqavilə lazımdır. Gürcüstanın belə müqaviləsi var, ona görə də orada birbaşa reyslərin sayı artırılıb”, – şirkətdən bildiriblər.

Aİ və Azərbaycan arasında aviasiya sazişinə dair danışıqlar üçüncü ildir ki, davam edir. Cənubi Qafqaz ölkələri arasında təkcə Azərbaycanın belə sazişi yoxdur. Gürcüstan nümunəsi göstərdi ki, saziş ölkəyə reyslər açan aviaşirkətlərin sayının artmasına xidmət edir və nəticədə yaranan rəqabət aviabiletlərin qiymətinin enməsinə səbəb olur.

Ana səhifəXəbərlərWizzair: Avropa İttifaqı ilə saziş olsa Bakıdan daha çox istiqamətə birbaşa reys edərik