***
Vüsal Tağızadə 21 radələrində polis bölməsindən çıxıb. Bu barədə onun özü Meydan TV-yə məlumat verib.
V.Tağızadənin sözlərinə görə, ondan mitinqə qoşulma səbəbini, hansı partiyaya üzv olduğunu, aksiyalar barədə haradan xəbər tutduğunu soruşublar:
“Mən də dedim, insanların haqsızlığa etiraz etmə mədəniyyətinin formalaşması üçün mitinqə qoşuluram. Heç bur partiyanın üzvü deyiləm. Mitinqlə bağlı internetdən xəbər alıram”.
V.Tağızadə yalan məlumat yaymayacağı ilə bağlı izahat da yazdığını bildirib.
***
İctimai fəal Vüsal Tağızadə oktyabrın 2-də Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə çağırılıb. Hazırda ondan xəbər yoxdur. Bu barədə Meydan TV-yə gəncin yaxınları məlumat veriblər.
Bildiriblər ki, polis kapitanı Samir Şirəliyev V.Tağızadə ilə əlaqə saxlayaraq, rəisin onunla 10 dəqiqəlik görüşmək istədiyini deyib. Ehtimal olunur ki, gənc fəal Milli Şuranın sentyabrın 23-də keçirilən mitinqində iştirak etdiyi üçün çağırılıb.
Meydan TV məsələyə hələlik, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən münasibət öyrənə bilməyib. İş vaxtı bitdiyindən Daxili İşlər Nazirliyi (DİN) də cavab verməyib.
Milli Şuranın ötən il sentyabrın 15-də keçirilən mitinqindən sonra da V.Tağızadə bölməyə çağırılmışdı və 15 sutka həbs cəzası almışdı. O, “Dalğa” Gənclər Hərəkatının keçmiş üzvlərindəndir.