O, 12-13 yaşlarında dolu oğlan idi. Atası ölmüşdü, anası ilə yaşayırdı. Heç yerdə işləməyən anası tək oğlunu və özünü aldığı qəpik-quruş yardımpulu ilə, yardım ərzaqla dolandırırdı. Yeməkləri heç vaxt çatmırdı. Bütün qonşular Vurğunun daim yarıac gəzdiyini bilirdilər. Amma bir oğlan uşağını doyurmaq belə o vaxt işsiz, yardım ümidinə dolanan insanlara çətin idi, heç kim öz balasının boğazından kəsib, yad uşağını yedizdirməyi ağlına da gətirmirdi.
Niyə Vurğun idi onun adı… Bu adı ona kim qoymuşdu? Heç şübhəsiz, Səməd Vurğunun şərəfinə bu adı ona qoyan şeir həvəskarı kim idi? Atasımı, anasımı, hansısa qohumumu? Nədənsə bunu onun anasından soruşmaq heç kimin ağlına gəlmirdi. Kasıblıq və çarəsizliyin ortasında kiminsə uşağının adı ilə maraqlanmaq hayında deyildi heç kim.
Vurğun doymaq mümkün olmasa da, gün ərzində heç olmasa nəsə yeyə bilmək üçün özünə maraqlı bir iş tapmışdı. O, bütün qonşuları deyil, qəsəbədəki bütün ailələri tanıyıb, kimlərə hansı qohumları qonaq gəlir, yerli-dibli öyrənmişdi. Mobil telefonların hələ bizə gəlib çıxmadığı, yolların daha uzaq, gəliş-gedişin daha çətin olduğu o illərdə bizim qəsəbəyə qonaq gələnlər o qədər də çox deyildi. Amma gün ərzində heç olmasa, iki-üç nəfər bura öz qohumlarına dəyməyə gəlirdi. Qonağı gələn ailə həmin gün qonşular arasında birgünlük hörmət qazanırdı. Axı kimsə uzaq yoldan durub bura məhz onları görməyə gəlmişdi. Bu hissi yəqin ki, qocalar və ya uşaqlar evində həftəsonları yanına gələcək adamları gözləyən, o adam gələndə qədər yoldaşlarının yanında qürrələnən, gələn olmayanda başını aşağı salanlar anlaya bilər.
Səhər erkəndən özünə qəsəbənin girişində yer eləyib, oturan Vurğun bura gələnləri görən ilk adam olurdu. Gələn adamın da kimin nəyi olduğunu yaxşı bilir, tez qaçıb həmin ailəyə xəbər verir və muştuluq istəyirdi. Hamı bilirdi ki, Vurğun muştuluq deyəndə ancaq yemək nəzərdə tutur. Ona verilən muştuluq bir dilim pendir-çörək, iki noğul, bir dilim qarpız, bir peraşki, bir yumurta olurdu. Vurğun öz muştuluğunu alan kimi, getdiyi həyətdən çıxmamış yeyib qurtarırdı. O, bax beləcə, gün uzunu yemək, doymaq barədə fikirləşə-fikirləşə gəzirdi.
Yazda təzə göy çıxanda, yayda buğda biçiləndə, başqa oğlan uşaqlarından fərqli olaraq, Vurğun anasının yanına həvəslə düşüb, pencər, başaq yığmağa gedirdi. Anası göyərtini, buğdanı evə çatdırar-çatdırmaz qazan asıb, buğdadan hədik, pencərdən umac asırdı. Həmin günlər Vurğun ən xoşbəxt, yəni tox günlərini yaşayırdı.
Vurğun xəstə idi. Ürəyi uşaqlıqdan zəif idi. Müalicəsi mümkün olsa da, baha idi və bu məbləği toplaya bilmək onun kasıb, dul anasının ağlına da gəlmirdi. Bu bədbəxt qadın oğlunun bir gün gözünün qarşısında öləcəyini bilə-bilə yaşayırdı. O, heç pul axtarmağı ağlına da gətirmirdi. O qədər pulu ona verəcək adam dünyada sadəcə yox idi.
Bir gün qəsəbəmizə humanitar bir təşkilatdan adamlar gəldi. Hamı ümid edirdi ki, onlar bura nəsə ərzaq ya pul paylamağa gəliblər. 3 sarışın qadın, bir qaraşın azərbaycanlı tərcüməçi qız. Qız dedi ki, heç nə verməyəcəklər, insanların səhhəti, xəstəlikləri ilə maraqlanmağa gəliblər, kimsə xəstədirsə, dərman verəcəklər. Hamı məyus oldu. Qaçqınlardan biri dedi ki, yaxşı yeməyimiz olsa heç birimiz azarlamarıq. Bizə dərman yox, yemək lazımdır.
Qızın inglis dilini pis bildiyi avropalı qadınlara çox vaxt əl-qolla başa salmağa çalışdığından bəlli idi. Amma kişinin sözlərini qadınlara heç tərcümə eləmədi. Bəlkə də dili pis bildiyindən deyil, utandığından.
Qəsəbənin boş-bekar uşaqları qadınların arxasınca dəstə ilə qapı-qapı gəzirdilər. Tərcüməçi qız nə qədər acıqlansa da, onlar gülür, qızı veclərinə almır, “Yes-yes” deyib gülə-gülə onları izləyirdilər. Vurğungilə çatanda onun anası ilə də danışdılar. Qadın oğlunun ürək xəstəsi olduğunu, müalicəsinin mümkün olduğunu, ancaq pulunun olmadığını və onun bir gün öləcəyini deyəndə, qadınlar dəhşətə gəldilər. Biri soruşdu ki, bəs siz bunu bilə-bilə necə belə rahatsınız.
Qadın çiyinlərini çəkdi:
Mənim dərd çəkməyə vaxtım yoxdur eee, ağzını bu boyda açıb hər gün məndən yemək istəyir, doyura bilmirəm, başa düşürsüz, doyura bilmirəm, gün uzunu yemək gəzirəm ona…
Qadınlardan biri Vurğunu qucaqlayıb göz yaşlarını güclə saxlayaraq, tərcüməçi qıza dedi ki, oğlunu müalicə etdirəcəklər. Qadın heç sevinmədi də.
Sözdü dəə, deyir. Anam deyil, bacım deyil. Ona nə var qaçqının yetimindən. Könlümü xoş eləyir, sağ olsun.
Amma sarışın qadın düz deyirdi. Bir neçə gündən sonra sürücüsü azərbaycanlı olan, üstünə təşkilatın loqosu çəkilmiş maşın gəlib Vurğunla anasını Bakıya apardı. Onlar bir aydan sonra qəsəbəyə qayıtdılar. Vurğunun ürəyini əməliyyat etdirib, əməliyyat sonrası bütün prosedurları edib, onu sağlam geri göndərmişdilər. Əyni-başı təzə idi, rəngi açılmışdı, anası kökəlmişdi.
Biz onlara gözaydınlığına gedəndə, anası dedi ki, əməliyyatdan sonra təşkilatdan gələn qadına deyib ki, Vurğunu apar özünlə, verirəm sənə. Onsuz da mən onu doyura bilmirəm. Gözümün qabağında ac-ac gəzir. Ürəyinin dərdindən betərdir qarının dərdi. Qadın dəhşətə gəlib. Deyib ki, necə yəni, sən öz uşağından imtina edirsən?
Vurğunun anası deyirdi:
Ona dedim, sənin evində qarnı qoyar, əyni-başı sevinər. Oxudarsan da. Amma mənim yanımda neynəyəcək. Nə doyura bilirəm, nə oxuda bilirəm. Apar, apar sənin olsun, yenə bilərəm ki, qarnı toxdur, adam olacaq, mənim kimi ömrün kasıbıqda çürütməyəcək.
Avropalı qadın ağlayıb, deyib ki, başa düşürəm, amma mən uşağını səndən ala bilmərəm. Ona ana ola bilmərəm. Həm də mən sənin düşündüyün qədər varlı adam deyiləm, burda könüllü işləyirəm, əməliiyatı mənim yox, təşkilatın pulu ilə edirlər. Sonra boynundakı nazik qızıl boyunbağını və üstündəki bütün pulunu ona verib.
Səhəri gün Vurğun başına yığışan uşaqlara fəxrlə öz səfərindən danışırdı.
O, məni həkimə aparan arvad vardı haaa, anama deyirdi ki, Vurğunu ver aparım, mənim oğlum olsun. Deyirdi, ona hər şey alacam. Amma anam məni ona vermədi…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.