Keçmiş KİVDF rəhbərinin mülkləri, maşınları və bankda əmanəti müsadirə olunub
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə mühakimə olunan şəxslər haqqında hökmə əsasən, onların özlərinin və yaxınlarının adına olan çoxlu sayda daşınar və daşınmaz əmlaklar müsadirə olunmuşdu.
Ali Məhkəmə əmlaklarla bağlı hissədə aşağı instansıyanın – Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. Ali Məhkəmədə Ələsgər Novruzovun səıdrlik etdiyi hakimlər kollegiyası belə qərara gəlib ki, əmlakların müsadirəsilə bağlı məsələ yenidən araşdırılmalıdır. Ona görə də bu hissədə qərarı ləğv edərək, yenidən araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarıb. Başqa sözlə, Vüqar Səfərlinin və yaxınlarının əmlaklarının müsadirə olunmasıyla bağlı məsələ yenidən araşdırılacaq.
Vüqar Səfərlinin müsadirə olunan əmlakları sırasında özünün və oğlunun adına “Rabitəbank”da olan 850 min (350+500) manatlıq əmanət, “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı üç avtomobil, Novxanıda iki bağ evi, Əhmədli qəsəbəsində, İsmayıllı rayonunun Ticran kəndində, Goradil qəsəbəsində torpaq sahələri və fərdi yaşayış evləri, Bakıda – 8 Noyabr prospektində (əvvəlki Fəhlə prospekti) yerləşən obyekt də var.
Təqsirləndirilən 11 nəfərdən Vüqar Səfərli və Nadir Məmmədova həbs cəzası verildi. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar inşa etmiş “Portos” MMC-nin keçmiş direktoru olan Nadir Məmmədovun da Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi müsadirə edilən əmlaklar sırasındadır.
“Portos” MMC-nin başqa bir keçmiş direktoru Ədalət Vəliyev də bu işdə təqsirləndirilənlər sırasında idi. Ona şərti cəza verilsə də, adına olan və 32 milyon manat dəyərləndirilən bina müsadirə olunub. Söhbət Mətbuat prospekti 23b ünvanında yerləşən 12 min 533 kvadrat metrlik əmlakın müsadirəsindən gedir.
Jurnalistlər üçün binaların tikintisində 17 milyon manata yaxın yeyintiyə yol verildiyi iddia olunur. Ədalət Vəliyev hələ hökmdən əvvəl ailə üzvlərinin razılıq ərizəsilə birlikdə məhkəməyə ərizə vermişdi ki, öz adına olan sözügedən binanı dəymiş ziyanın əvəzi olaraq, dövlət nəfinə keçirməyə hazırdır.
Amma Ədalət Vəliyev onun mülkiyyətində olan binanın harada yerləşməsi, nə vaxt və neçəyə alınması və s. suallara cavab verə bilməmişdi.
Qeyri-rəsmi məlumatlara görə, sözügedən bina Prezidentin keçmiş köməkçisi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundakı mənimsəmələrlə bağlı cinayət işində həm özünün, həm də ailə üzvlərinin dəfələrlə adı keçən Əli Həsənova məxsusdur. Binanı təhvil verən də əslində elə Əli Həsənovun özüdür.
2021-ci il dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, özünü təqsirli bilmir.