”Təklif olunan güzəşt paketi borcun vətəndaş, bank və dövlət tərəfindən dirgə ödəmilməsidir”
“Azərbaycanda kapital bazarının mövcud imkanları ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi toksit aktivləri və problemli kreditləri səhmləşdirib, qiymətli kağızlar bazarına çıxarmağa imkan vermir”.
İqtisadçı Vüqar Bayramov belə deyir.
O, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi imkanlarının yenə müzakirə mövzusu olduğunu söyləyir:
“Bu baxımdan daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir. İqtisadi və Sosal İnkişaf Mərkəzi (CESD) olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paketi hazırlayıb, hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu, “üç tərəfli güzəşt” mexanizmi adlanır”.
İqtisadçı izah edib ki, söhbət fərqin üç tərəf, hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir.
“Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır”.
İqtisadçı deyir ki, bunun özəlliyi tərəflərin heç birinin üzərinə yük düşməməsidir:
“Hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, heç bir tərəf üçün ağırlıq yaratmır, çünki üçdə ikisini digər tərəflər ödəyirlər”.
Onun sözlərinə görə, nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun.
“Bu zaman Mərkəzi Bank heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur. Problemli kredit məsələsinin həlli üçün düşünürəm ki, bizim təkiliflərin qəbul edilməsi məqsədəuyğun olardı”.
O qeyd edib ki, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi.
“Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq, həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi”.
İqtisadçı deyir ki, oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub: “ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda “üçtərəfli güzəşt mexanizmi”nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər”.
2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib. Nəticədə banklardan xarici valyutada kredit götürən şəxslərin borcları dəfələrlə artıb və problem kreditlərin həcminin artmasına səbəb olub.
2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.
2017-ci ildə “Caspian Development Bank” və “Atabank” konsolidasiya olaraq “Atabank” adı ilə fəaliyyət göstərir. 2017-ci ilin dekabrında “Dəmirbank”ın lisenziyası ləğv edilib. Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu da cəmi kredit qoyuluşunda 15 faizə çatıb.