“Biz mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsini öyrənmişdik”
"Uşaqpulunun bərpası ilə bağlı hazırladığımız mexanizm indi də gündəmdə ən çox müzakirə edilən məsələlərdəndir. Əvəlla, qeyd edim ki, beyin mərkəzi olaraq müxtəlif mexanizm, təkliflər hazırlayırıq və bu təkliflərin qəbul olunması və ya necə tətbiq olunması birbaşa hökumətin verəcəyi qərarlardır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı Vüqar bayramov belə deyir. Bildirir ki, onlar indiyədək yalnız Azərbaycan hökuməti üçün deyil, bir sıra digər dövlətlərdə fərqli təkliflər paketinin hazırlanmasını həyata keçiriblər. İqtisadçı bildirir ki, sırf uşaqpulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışıblar:
"Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır".
V.Bayramov deyir ki, əslində, 2015-ci ildəki devalvasiyalardan sonra problemli kreditlərə güzəştlərin tətbiq olunması ilə bağlı mexanizmi hökumətə və ictimaiətə təqdim edəndə çoxu kreditlərə kompensasiya veriləcəyinə inanmırdı. Amma sonda reallaşdı. İnanmaq istərdik ki, uşaqpulunun bərpası ilə bağlı təklifimiz də yaxın zamanlarda qəbul olunacaq:
"CESD mexanizmi təqdim edəndən sonra ən çox müzakirə edilən məsələlərdən biri də digər ölkələrdə 17 yaşadək uşaqpulunun olub-olmaması ilə bağlı oldu. Başqa ölkələrdə 17 yaşınadək uşaqlara pul ödənilmirmi və bu mexanizmlər necədir? Biz mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsini öyrənmişdik. Əksər inkişaf etmiş ölkələrdə uşaqpulu ödənilir".
Avropa ölkələrindən Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur.
V.Bayramov deyir ki, ancaq bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca, uşaqpulu məbləği dəyişir:
"Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın “analıq kapitalı” adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifadə edilir".
Vüqar Bayramov deyir ki, göründüyü kimi, 17 yaşadək uşaqpulunun verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur:
"Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq, Azərbaycanda da uşaqpulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaqpulunun bərpasının maliyyə bazası var".
Hazırda Azərbaycanda 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. Bu ilin dövlət büdcəsinin xərcləri isə 24 milyard 780 milyon manatdır. Müstəqil iqtisadçılar deyirlər ki, təklif edilən illik uşaqpulunun məbləği ümumi büdcə xərclərinin 6.5 faizini təşkil edir. Təkliflərin qəbul edilməsi məqsədəuyğundur.