Volfqan Maninq: Azərbaycanda ayrı-ayrı siyasi dairələr mətbuata nəzarət etməyə çalışır

“Əlbəttə, media üçün maliyyə müstəqilliyi vacibdir, ancaq onun ayaqda qalması üçün bazar olmalıdır”

Source: Specify Source


"Müstəqil mətbuat mövcuddursa, bu, o deməkdir ki, avtoritar rejim yoxdur"

"Azərbaycan kimi ölkələrdə mətbuatın maliyyə müstəqilliyi böyük problemdir. Almaniya Azərbaycan jurnalistlərinin məsuliyyətini artırmaq məqsədi daşıyan layihə üzərində işləyir. Ermənistan mətbuatı da bunda iştirak etsə, bu, çox yaxşı və faydalı olardı".

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqan Maninq "Turan"a müsahibəsində deyib.

Səfir hesab edir ki, mətbuat müstəqil olmalı və barışıq yollarının axtarışı məqsədilə azad müzakirələr təşkil etməlidir: “Bu il layihəni həyata keçirə biləcəyimizə ümid edirik. İki ölkə nümayəndələrinini görüşməsi və bu məsələləri birgə müzakirə etməsi vacibdir”.

Diplomat bildirib ki, Azərbaycan kimi ölkələrdə ayrı-ayrı siyasi dairələr mətbuata nəzarət etməyə çalışırlar: “Bundan başqa, ayrı-ayrı siyasi dairələr mətbuata nəzarət etməyə çalışır, azad reklam bazarı yoxdur. Bu vəziyyətdə jurnalistlər hakimiyyətdən asılı vəziyyətə düşür və onların azad mətbuat kimi fəaliyyəti çətinləşir. Eyni zamanda, jurnalistika biznes sahəsi kimi inkişaf edə bilmir. Demokratik ölkədə hakimiyyət mətbuatın maliyyə müstəqilliyi üçün şərait yaratmalıdır. Şərqi Avropa ölkələrində analoji proseslər baş verir, bu ölkələrdə çap KİV-lərinə maraq azalır və internet-saytların və sosial medianın fəallığı artır”.

Volfqan Maninq bildirib ki, ATƏT-in, Avropa Şurasının bu məsələlərin həllində müstəqil KİV-lərə dəstək göstərən institutları var: “Buna görə bu cür əməkdaşlığın qarşısını alan qanunvericilik məhdudiyyətləri aradan qaldırılmalıdır. Mətbuat və vətəndaş cəmiyyəti xarici donorlarla işləmək imkanına malik olmalıdır. Hakimiyyət bütün bu məsələləri nəzərə almalı və KİV-lərin və vətəndaş cəmiyyətinin maliyyə müstəqilliyini təmin etməlidir. Mövcud problemlərin aradan qaldırılması məqsədilə hakimiyyət və jurnalistlər arasında müzakirələr təşkil etmək, başqa ölkələrin təcrübələrindən istifadə etmək faydalı olardı. Azərbaycanda vəziyyət nadir deyil, bu cür problemlər başqa ölkələrdə də yaranır, buna görə onların həlli ilə bağlı kifayət qədər beynəlxalq təcrübə var. Biz öz tərəfimizdən təcrübəmizi bölüşməyə və kömək etməyə hazırıq. Bunun üçün feyk xəbərlərə, ədavət və düşmənçilik təzahürünə qarşı mübarizə aparmaq üçün dialoq və xoş məram zəruridir”.

Səfirin sözlərinə görə, müstəqil mətbuat mövcuddursa, bu, o deməkdir ki, avtoritar rejim yoxdur: “Deməli, mətbuat ictimai rəyə təsir edir. Siyasi sistem canlı orqanizmdir, proseslərdən, vətəndaşların hərəkətlərindən asılı olaraq dəyişə bilər. Azərbaycanda ötən ilki parlament seçkilərini daha əvvəl keçirilən seçkilərlə müayisə etsək, sadəcə fərq deyil, irəliləyiş görünür, əhalinin fəallığını və hakimiyyətin addımlarını nəzərdə tuturam. Bu mənada sosial media çox böyük rol oynayır. Bir çox keçmiş SSRİ ölkələrinin təcrübəsi göstərir ki, bu proseslərin qarşısını almaq olmaz. Bunu nəzərə almaq və vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizə, sosial ədalətin və insan hüquqlarının təmin edilməsi də daxil olmaqla, bir çox məsələlərin həllində fəal köməkçi ola biləcəyini başa düşmək hakimiyyətin maraqlarına uyğundur. Bütün bu məsələlərdə mətbuat həddindən artıq mühüm rol oynayır. Azərbaycanın beynəlxalq Mətbuat Azadlığı İndeksində son yerlərdən yuxarı çıxmasını istəyiriksə, yuxarıda deyilənləri həyata keçirmək lazımdır”.


Xədicə İsmayıl: "Ölkədə demokratiya olmadığı üçün monopoliya var"

Jurnalist Xədicə İsmayıl mətbuatın maliyyə müstəqilliyinin olmamasının səbəbinin siyasi iradənin bu məsələyə yönəlməməsində görür.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayıl deyir ki, Azərbaycanda olan problemlər bir-birilə əlaqəlidir:

“Niyə mətbuatın maliyyə müstəqilliyi yoxdur, çünki reklam bazar azad deyil. Reklam bazarı da ona görə azad deyil ki, yerli şirkətlərin müstəqil mətbuata reklam vermək icazəsi yoxdur. Yaxud yerli şirkətlər özləri də müstəqil mətbuata reklam vermək arzusunda deyillər. Çünki ölkədə demokratiya olmadığı üçün monopoliya var. Sadalanan problemlər bir-biriylə bağlıdır. Azad mətbuatın problemini kosmosdan düşmüş əlahiddə bir problem kimi nəzərdən keçirmək olmaz. Müstəqil məhkəmə olanda, vətəndaş öz hüququnu məhkəmədə qoruya biləndə, bütün bunlar da həll olunacaq”.


Anar Məmmədli: "Medianın problemləri yalnız reklam və maliyyə deyil”

Vətəndaş cəmiyyətinin nümayəndəsi Anar Məmmədli səfirin fikirlərini bölüşsə də, medianın problemlərinin siyasi və hüquq sferada da olduğu qənaətindədir:

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

“Əlbəttə, media üçün maliyyə müstəqilliyi vacibdir, ancaq onun ayaqda qalması üçün bazar olmalıdır. Media üçün reklam bazarına giriş imkanları yaradılmalıdır. Təəssüf ki, reklam bazarı yoxdur və bir çox media ekspertləri maliyyə müstəqilliyi və reklam bazarının olmadığını illərlə deyirlər. Amma bununla yanaşı, mediaya siyasi təzyiq də var, vaxtaşırı normativ aktlar dəyişilir, yayımla bağlı problemlər yaradılır, internetə giriş imkanları məhduddur, Bakı və ətraf rayonlar istisna, hər yerdə internətə giriş daim mümkün olmur. Nəhayət, jurnalistlərə, blogerlərə təzyiqlər olur və bəzən həbs təhlükəsiylə üzləşirlər, yaxud dövlət strukturları onlara xoş münasibət göstərmir. Yəni medianın problemləri yalnız reklam və maliyyə deyil” .

Anar Məmmədlinin sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti ilə medianın problemlərinin təsnifatı aparılsa, 3 kateqoriyaya bölmək olar: “Birinci, maliyyə, ikinci, siyasi və nəhayət, hüquqi. Bu problemlər həll olunmalıdır”.

Ana səhifəSiyasətVolfqan Maninq: Azərbaycanda ayrı-ayrı siyasi dairələr mətbuata nəzarət etməyə çalışır