“Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olan avtomobillərdən ödəniş alınması düzgün deyil. Aeroporta metro getmir, vətəndaş məcburdir ki, ya taksi ilə getsin, ya da şəxsi maşını ilə. Daxil olan kimi də pul istəyirlər. Əgər vətəndaş orada uzun müddətə qalırsa, ödəniş tətbiq etmək olar. Yox, əgər vətəndaş qısa zamanda həmin əraziyə daxil olub, kimisə qarşılayırsa və ya kimisə yola salırsa, ondan ödəniş almaq düzgün deyil”.
Deputat Fazil Mustafa Milli Məclisin mayın 17-də keçirilən iclasında belə çıxış edib. O vurğulayıb ki, Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsi büdcəyə daxil olmur.
Vitse-spiker Ziyafət Əsgərov deputat Fazil Mustafanın çıxışına etiraz olaraq belə deyib: “Biz burada “Yol hərəkəti haqqında” qanunda elektron ptotokollarla bağlı məsələni müzakirə edirik, siz isə parklanmadan danışırsınız. Bu problemin müzakirəyə çıxarılan məsələ ilə əlaqəsi yoxdur”. “Özünüzün “Facebook”, “Twitter” səhifəniz, mətbuata çıxmaq imkanlarınız var. Sözünüz varsa orda yazın, deyin”.
Vitse-spikerin bu cür mövqe bildirməsinə deputatlar Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Hikmət Babaoğlu da etiraz edərək, çıxışa imkan yaradılmasının vacib olduğunu bildiriblər. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov vurğulayıb ki, deputat məsələni Milli Məclisin tribunasında qaldırmalıdır:
“Ziyafət müəllim, biz bu sözləri burada deməsək, onun sosial şəbəkədə yazmağın heç bir mənası yoxdur. Problemləri burada səsləndirmək vacibdir ki, burada da onu həll edək”.