Vitse-spiker: Əlillik dərəcəsini müəyyən emək səlahiyyəti ASAN Xidmətə verilsin

“İnsanlara elə əməkhaqqı verilməlidir ki, onlar başqa yollarla əlil müavinəti almağa çalışmasınlar”

Foto: Meydan TV
Ziyafət Əsgərov
Ziyafət Əsgərov


“İnsanlara elə əməkhaqqı verilməlidir ki, onlar başqa yollarla əlil müavinəti almağa çalışmasınlar”

Azərbaycanda əlillik dərəcəsinin müəyyənləşdirilməsi səlahiyyətinin ASAN Xidmətə verilməsi təklif edilir:

“Əgər ASAN Xidmətin texniki imkanları cavab verirsə, bu məsələni birdəfəlik ona həvalə edək. Bununla da problem birdəfəlik bitsin, bizim də canımız qurtarsın, nazirliyin də. Məsələ də həllini tapsın”.

Bu təkliflə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış edib. O, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı çıxış edən depuatların narazlıqlarına belə cavab verib.

Müzakirələr zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik dərəcəsi ala bilir:

“İllərdir əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunur. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı- ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi gündəmə gələ bilər”.

S.Novruzovun fikrincə, elə əlillər var ki, onlar işləyə bilərlər:

“Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər”.

Azərbaycan qanunvericiliyinə görə, hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır. Bu insanların iş axtarması digərlərindən daha çətindir. Bu qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər. Bu məsələ ciddi nəzarətdə olmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayətlər gəlir. Aidiyyatı strukturlar buna ciddi nəzarət etməlidirlər ki, bu cür insanların hüquqları daim qorunsun”.

Deputat Zahid Oruc deyib ki, nə qədər ideal, mükəmməl qanun qəbul edilməsindən asılı olmayaraq, icrası normal deyilsə, işləməsi mümkün deyil. O vurğulayıb ki, bu məsələ əlillərlə bağlı qanunuvericiliyə də aiddir:

“Biz bu məsələnin səbəblərini araşdırmalıyıq ki, niyə insanlar normal tərcümeyi-hallarını korlayaraq əlil olmaq istəyirlər? Əslində, bunun səbəbləri bizə məlumdur. Çoxu işləmədən özünə müəyyən maddi təminat yaratmaq istəyir. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. İnsanlara elə əməkhaqqı verilməlidir ki, onlar başqa yollarla əlil müavinəti almağa çalışmasınlar”.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Ana səhifəXəbərlərVitse-spiker: Əlillik dərəcəsini müəyyən emək səlahiyyəti ASAN Xidmətə verilsin