Azərbaycan üçün Tokioda 20 legioner yarışacaq
Yenicə başa çatan futbol üzrə Avropa çempionatından sonra dünyanın idman ictimaiyyətinin diqqəti Tokioda keçiriləcək olimpiadaya yönəlib. O olimpiada ki, 2020-ci ildə keçirilməli idi. Amma planeti cənginə alan koronavirus pandemiyası bir çox yarışlar kimi Tokio-2020 olimpiadasını da “vurdu”. Nəticədə, dünyanın ən populyar idman yarışı bir il sonraya təxirə salındı.
Fövqəladə vəziyyətli olimpiada
Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul-8 avqust aralığında keçiriləcək. Koronavirusa görə olimpiadada azarkeşlərin iştirakı mümkün olmayacaq. Baxmayaraq ki, yaxın zamana kimi yarışlarda azarkeşlərin iştirak edəcəyinə ümid var idi. Amma koronavirusun az qala hər ay yeni bir “bala”sının – ştamların “doğulması” Tokio-2020-də azarkeşlərin iştirakına əngəl oldu. Bu barədə açıqlamanı olimpiadanın təşkilinə məsul olan yaponiyalı nazir Tamayo Marukava verib. Yaponiyalı nazirin dediyinə görə, olimpiya oyunları paytaxt ərazisində azarkeşlərin iştirakı olmadan təşkil ediləcək.
Bu qərar verilməmişdən əvvəl isə Yaponiyada fövqəladə vəziyyət elan olunmuşdu. Fövqəladə vəziyyətin elan olunmasına səbəb Yaponiyada koronavirus pandemiyasına yoluxma hallarının artması göstərilmişdi. Fövqəladə vəziyyətin avqustun 22-dək davam edəcəyi açıqlanıb.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Tokio-2020 Yay Olimpiya Oyunlarının yerli Təşkilat Komitəsinin sədri Seyko Hasimoto ilə görüşü zamanı olimpiadanın etibarlı və təklükəsiz şəkildə baş tutması üçün əllərindən gələni etdiklərini bildirib:
"Tokio olimpiadalar tarixində yarışa ən hazır şəhərə çevrilib. Bu, mövcud çətin şəraitdə daha da əhəmiyyətlidir. Görülən işlərdən tamamilə razı qala bilərsiz. Bizim missiyamız idmançılar Tokionu tərk edəndə tamamlanacaq. Ortaq hədəfimiz olimpiadanın iştirakçılar və ən əsası, Yaponiya xalqı üçün etibarlı və təhlükəsiz keçirilməsidir. İnsanlar koronavirusun yayılmasının qarşısının alınması üçün ən sərt tədbirlər və beynəlxalq vaksinasiya proqramı da daxil olmaqla, yarışın təşkilinə yüksək səviyyədə hazırlığımıza arxayın ola bilərlər".
Biri imtina etdi, birinin xalları çatmadı, biri isə…
Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında 44 idmançı təmsil edəcək.Yarışa sonuncu lisenziyanı üzgüçü Məryəm Şeyxəlizadəxangah qazanıb. Artıq Beynəlxalq Olimpiya Komitəsi onun lisenziyasını təsdiqləyib.
Atlet Aleksis Kopello, üzgüçü Ramil Vəlizadə və ağırlıqqaldıran Əliş Nəzərov isə olimpiya oyunlardan kənarda qalıb. Kopellonun lisenziyası beynəlxalq federasiya tərəfindən təsdiqlənsə də, o özü zədə səbəbindən olimpiadaya qatılmaqdan imtina edib.
Ramil Vəlizadəni Tokio-2020-yə həsrət qoyan isə reytinq xallarına görə lisenziya əldə edə bilməməsi olub. Reytinq xallarına görə Vəlizadədən daha üstün idmançılar olduğundan, onun olimpiadaya qatılması mümkünsüzə çevrilib.
Əliş Nəzərovun məsələsinə gəlincə, əvvəlcə onun 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən lisenziya qazandığı açıqlanmışdı. Amma sonradan yekun siyahıda onun adına rast gəlinmədi. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyev Meydan TV-yə açıqlamasında bildirib ki, federasiyaya son anadək Nəzərovun Tokio olimpiadasına lisenziya əldə etməsi ilə bağlı hansısa məlumat daxil olmayıb:
"Düzdür, şansı var idi. Ola bilərdi ki, özündən yuxarıda qərarlaşan idmançılardan kimlərinsə dopinq-testi müsbət nəticə versin. Amma rəsmi məktub gəlmədiyindən, açıqlama vermirdik. Artıq yekun siyahını açıqlayıblar. Göründüyü kimi, orda bizim ağırlıqqaldıranın adı yoxdur".
Azərbaycanı olimpiadada kimlər təmsil edəcək?
Tokioda təşkil olunacaq olimpiadaya vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb. Azərbaycanı olimpiadada təmsil edəcək idmançılar bunlardır:
- Anna Skidan (atletika – çəkicatma)
- Maksim Şemberev (üzgüçülük – 400 m qarışıq)
- Mariya Stadnik (qadın güləşi – 50 kq)
- Şərif Şərifov (sərbəst güləş – 97 kq)
- Zöhrə Ağamirova (bədii gimnastika – çoxnövçülük)
- Yelizaveta Luzan (bədii gimnastika – qrup çoxnövçülük)
- Darya Sorokina (bədii gimnastika – qrup çoxnövçülük)
- Məryam Səfərova (bədii gimnastika – qrup çoxnövçülük)
- Ləman Əlimuradova (bədii gimnastika – qrup çoxnövçülük)
- Zeynab Hummatova (bədii gimnastika – qrup çoxnövçülük)
- Marina Nekrasova (idman gimnastikası – qadınlar çoxnövçülük)
- İvan Tixonov (idman gimnastikası – kişilər çoxnövçülük)
- Ruslan Lunyov (güllə atıcılığı – 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
- Elçin Əsədov (velosiped idmanı – şosse)
- Milad Beigi Hərçəqani (taekvondo – 80 kq)
- Nazim Babayev (atletika – üç təkanla tullanma)
- Tayfur Əliyev (boks – 57 kq)
- Hacı Əliyev (sərbəst güləş – 65 kq)
- Hacımurad Hacıyev (sərbəst güləş – 74 kq)
20. İslam Abbasov (yunan-Roma güləşi – 87 kq)
21. Anna Başta (qılıncoynatma – sablya)
22. Elis Manolova (qadın güləşi – 68 kq)
23. Rafiq Hüseynov (yunan-Roma güləşi – 77 kq)
24. Fəridə Əzizova (taekvondo – 67 kq)
25. Rafael Ağayev (karate – 75 kq)
26. İrina Zaretska (karate – +61 kq)
27. Edi Reski Dvikahyo (badminton)
28. Kəramət Hüseynov (cüdo – 60 kq)
29. Orxan Səfərov (cüdo – 66 kq)
30. Rüstəm Orucov (cüdo – 73 kq)
31. Murad Fətiyev (cüdo – 81 kq)
32. Məmmədəli Mehdiyev (cüdo – 90 kq)
33. Zelim Kotsoyev (cüdo – 100 kq)
34. Uşangi Kokauri (cüdo – +100 kq)
35. Aişə Qurbanlı (cüdo – 48 kq)
36. İrina Kindzerska (cüdo – +78 kq)
37. Rostislav Pevtsov (triatlon)
38. Cavid Çələbiyev (boks – 63 kq)
39. Lorenso Sotomayor (boks – 69 kq)
40. Alfonso Dominges (boks – 81 kq)
41. Məhəmməd Abdullayev (boks – +91 kq)
42. Firdovsi Farzaliyev (karate – 67 kq)
43. Emin Cəfərov (stend atıcılığı) – vayld kart
44. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük) – universal vəsiqə
Tokio-2020-də Azərbaycan adına medal qazanılacağına ümidlərin daha çox olduğu idman növləri cüdo və güləş (bütün növlər üzrə) sayılır. Amma olimpiada daim sürprizlərlə dolu yarışdır. Ən yaxşısı, planetin ən böyük idman tamaşasını izləmək və əldə olunacaq nəticələri gözləməkdir.
Kubalı, indoneziyalı, ukraynalı “azərbaycanlılar”
Azərbaycan adına Tokio-2020-də yarışacaq 44 idmançıdan nə az, nə çox, 20-si legionerdir. Bu legionerlər arasında Ukraynadan olan idmançıların sayı çoxluq təşkil edir – 7 nəfər.
- Anna Skidan (Ukrayna)
- İrina Zaretska (Ukrayna)
- Maksim Şemberev (Ukrayna)
- Mariya Stadnik (Ukrayna)
- Yelizaveta Luzan (Ukrayna)
- Rostislav Pevtsov (Ukrayna)
- İrina Kindzerska (Ukrayna)
- Anna Başta (Rusiya)
- İvan Tixonov (Rusiya)
- Marina Nekrasova (Rusiya)
- Zelim Kotsoyev (Rusiya)
- Hacımurad Hacıyev (Rusiya)
- Şərif Şərifov (Rusiya
- Lorenso Sotomayor (Kuba)
- Loren Alfonso Dominges (Kuba)
- Milad Beiqi (İran)
- Məryəm Şeyxəlizadəxangah (İran)
- Edi Reski Dvikahyo (İndoneziya)
- Uşangi Kokauri (Gürcüstan)
20. Elis Manolova (Bolqarıstan)
Azərbaycanın bayraqdarları
Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında Azərbaycanın bayraqdarlarının hansı idmançılar olacağı məlum olub. Yarışın açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova daşıyacaq. Bu barədə məlumatı Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidməti yayıb