Vinni Mandela – cəsur və qəddar fədai

Source:

Trotskiçi baxışları təbliğ edən qrupla yaxınlaşması Vinnində siyasətə maraq oyadır

Əjdahalar və insanların onlarla mübarizəsi haqqında bir xeyli nağıl var, böyük əksəriyyəti müsbət sonluqla bitir – biri irəli durub əjdahanı öldürür və xalqı onun zülmündən xilas edir. Amma sonu kədərli olan əjdaha nağılı da var: bu bədheybət heyvana qalib gələn qəhrəman onun mağarasına girir və gözü ordakı var-dövlətə sataşan kimi özü də əjdaha çevrilir – dırnaqları uzanıb caynağa çevrilir, ağzı böyüyür, gözlərinə qan dolur. Böyük ümidsizlik və xəyal qırıqlığının ifadəsi olan bu nağıl, çox güman, dürüstlükdən dəm vurub əliəyri çıxan xalq qəhrəmanlarından birinə həsr olunub. Uzun illər aparteidə – irqi ayrı-seçkiliyə qarşı mübarizə aparan, məşhur insan haqları müdafiəçisi Vinni Mandelanın tərcümeyi-halında da bu nağılı xatırladan elementlər var.

****

Cənubi Afrika Respublikasının (CAR) əfsanəvi lideri Nelson Mandelanın ikinci arvadı Nomzamo Vinifreda Madikizela məqsədə çatmaq üçün bütün vasitələrdən istifadəni mümkün hesab edən siyasətçilərdən olub. Adı terror təşkilatçılığından tutmuş şəxsən adam öldürməyə qədər bir çox cinayət hadisələrində hallanıb.

1936-cı ildə CAR-ın Şərqi Keyp əyalətinin Bizana kəndində, doqquz uşaqlı ailənin beşinci övladı olaraq dünyaya gəlmiş Vinni 9 yaşında olanda anasını itirmiş və 3 aylıq qardaşına baxmaq məcburiyyətində qalmışdı. Daha əvvəlsə vərəmə yoluxmuş bacısı vəfat etmiş və bu, qızcığazın allaha olan inamını sarsıtmışdı, çünki anasının gecə-gündüz etdiyi dualar bacısını xilas etməmişdi. Sərt təbiətli atası Kolumb Madikizela tarix müəllimiydi, alman nizam-intizamına pərəstiş edirdi (“Vinifreda” da alman mənşəli addır), övladlarıyla münasibəti çox da isti deyildi.

Valideynləri onun oğlan doğulmasını arzulamışdılar deyə, Vinni bu istəyə heç olmasa, xarakteri baxımından uyğun gəlməyə çalışmış, həmişə ancaq oğlanlarla oynamış, onlarla birlikdə heyvanlara tələ qurmuş, nqunilərə (etnik qrup) aid çubuqlu savaş idman növünü mənimsəmişdi.

Aparteid siyasətinə nifrət onda elə həmin yaşlardan formalaşmağa başlamışdı. 1945-ci ildə İkinci dünya müharibəsinin bitməsi şərəfinə Bizanada düzənlənən şənliyə ancaq ağların buraxılması, onlarınsa ailəlikcə küçədə qalmaları Vinniyə çox pis təsir etmişdi. Başqa bir dəfə isə ağdərili bir gəncin zənci ailəni atasına aid mağazadan qovduğunu görüb dəhşətə gəlmişdi.

Orta məktəbi və ondan sonra daxil olduğu Kumbu metodist missioner məktəbini yüksək qiymətlərlə birtirəndə Vinni artıq çox gözəl və çox da özündənrazı bir qıza çevrilmişdi. Təhsilini davam etdirmək üçün yollandığı paytaxt Yohannesburqa sosial işçilər hazırlayan peşə məktəbinə qəbul olunmuş (1953) və oranı bitirəndə təhsilini Amerikada davam etdirmək üçün təqaüd təklifi almışdı. Bir neçə günlük əzablı tərəddüdlərdən sonra Vinni təklifi rədd etmiş və sosial işlər üzrə asissent kimi işə düzəldiyi xəstəxanada bütün gənclik enerjisilə xəstələrin hüquqlarını müdafiə etməyə başlamışdı. Onun qətiyyətli olmaq bacarığı elə o illərdə üzə çıxmışdı: həkimin xəstə qadına 3 həftəlik bülleten verməsinə qəzəblənən müəssisə rəhbəri sənədin dərhal ləğv edilməsini tələb edəndə ona belə bir cavab yazmışdı: “Siz mütəxəssisin rəyilə hesablaşmağa borclusuz. Qərar qəbul edilib və ləğv edilməyəcək”. Bu qəti mövqe “patron”u geri çəkilməyə məcbur etmişdi.

****

Yohannesburqa gəlişi Vinninin həyatında dönüş nöqtəsi olur. İlk aylarda onu daha çox şəhər həyatı, dəbli geyimlər və rəqslər cəlb etsə də, bir neçə ay sonra baş çəkdiyi Soueto qəsəbəsi ona aparteidin daha sərt üzünü göstərir. Bu qəsəbə 1930-cu illərdə salınmışdı, qaradərililəri paytaxtın ağlar yaşayan hissəsindən təcrid edən sanitar kordon rolunu oynayırdı. Qaralar dərilərinin rənginə görə küçədə, işdə, mağaza və xəstəxanalarda aramsız təqib və təhqirlərə məruz qalırdılar. Onlar ancaq bir neçə universitetdə təhsil ala bilərdilər, avtobuslarda ancaq onlara aid yerlərdə oturmalıydılar, mağazalarda ancaq qaraların cərgəsində növbəyə durmalıydılar. Ağlar üçüm nəzərdə tutulmuş tualetlərə girmək onlara qadağanıydı, təcili yardım xidməti qaraların çağırışlarına bir neçə saat sonra cavab verirdi, ağlar və qaralar arasında intim əlaqə cinayət məsuliyyəti yaradırdı və ən başlıcası – afrikalılar CAR vətəndaşlığından məhrum edilmişdilər.

Trotskiçi baxışları təbliğ edən qrupla yaxınlaşması Vinnində siyasətə maraq oyadır. 1955-ci ildə Aleksandra şəhərciyində sosial işçi olaraq apardığı araşdırmanın nəticəsi (hər 1000 doğuşa 10 ölüm) onu aktiv fəaliyyətə itələyən faktlardan biri olur. Bir müddət sonra xəstəxanaya aid yataqxanalrdan birinə köçür, orda Afrika Milli Konqresinin (AMK, CAR-da azadlıq hərəkatını təşkil etmiş ilk və ən qocaman partiya) Gənclər Liqasının üzvü Adelaida Tsukuduyla – AMK-nin keçmiş prezidenti, Nelson Mandelanın dostu Oliver Tambonun nişanlısıyla bir otaqda qalır. CAR-da artıq hamının tanıdığı Nelsonla Vinni 1957-ci ildə tanış olur. AMK-nın Gənclər Liqasına rəhbərlik edən Nelson qaradərililərin sevimlisiydi, onunla tanışlıq Vinnini fərəhləndirirdi.

Bir gün Nelson “təcili olaraq xəstəxana personalının təşkilata maddi yardımı məsələsini müzakirə etmək üçün” onun dalınca xəsətxanaya maşın göndərir, Vinni sevincindən az qalır göylərə uçsun. Restoranda baş tutan o ilk görüşdə Mandelaya gah jurnalistlər yaxınlaşır, gah dostları, gah da onunla hal-əhval etmək istəyən adi adamlar. Bir tərəfdən bu qədər diqqət mərkəzində olması, o biri tərəfdən də Nelsonun sifariş etdiyi hind yeməklərinin acılığı qızın boğazını düyünləyir, Vinni heç nə yeyə bilmir. Nəhayət, restorandan çıxırlar, Nelson qızı şəhər kənarına aparır, orda gəzişməyə başlayırlar, Vinni onun danışdıqlarına heyranlıqla qulaq asır.

Ayrılanda Nelson onu öpür, “Bu gün çox gözəl günüydü” deyir. Həmin o “gözəl gündən” sonra onlar ardıcıl görüşməyə başlayırlar. Amma Vinni üçün bu, hər dəfə gözlənilməz olur, çünki “yüksək hüzura” nə vaxt aparılacağını heç vaxt əvvəlcədən bilmir. Ardınca gələn maşın onu ya hansısa tədbirə, ya da idman zalına aparır, orda o, Nelsonun məşqinə tamaşa edir.

Məşhur hərəkatçının evlilik təklifi də “orijinal” üsulda baş verir. Vinnini hansısa dərzinin yanına aparırlar və o, gəlinlik paltarı üçün qızın bədən ölçülərini götürür. Böyük ehtimal, Nelson o ölçüləri əvvəldən bilsəydi, qıza gəlinliyi hazır göndərərdi (Vinninin ən azı bu məsələdə bəxti gətirir). Nelsonun tapşırığıyla kəndə atasının yanına gedən Vinni qarşıdakı toydan onu xəbərdar edir. Gənc qız o günlərdə çətin ki, bu evlilik haqqında ciddi-ciddi düşünmüşdü, ərə getməyə hazırlaşdığı şəxsin avtoriteti bütün hissləri üstələyəcək böyüklükdəydi. Ölkənin ən məşhur adamlarından biri özündən 16 yaş kiçik qadına aşiq olmuşdu, ona qarşı çıxmaq yəqin ki, Vinninin heç ağlına da gəlməmişdi. Mandelanın o aylarda boşadığı birinci arvadı haqqında qızcığaz heç nə bilmirdi və çox güman, heç bilmək də istəmirdi.

Onların hay-küylü toyu 25 may 1958-ci ildə baş tutur. Ölkə miqyasında xəbərə çevrilən bu hadisə haqqında mətbuat da yazır. Aparteidin ən qatı əleyhdarlarından biriylə evlilik heç də asan olmayacaqdı. Toydan sonra Vinnini ənənəvi ailə həyatı yox, tənha axşamlar gözləyirdi – Mandela günlərlə ya konqresin iclaslarında, ya da müxtəlif tədbirlərdə “itib-batacaqdı”. Polis zaman-zaman Nelsonun yaşadığı yerə basqın edib axtarış aparacaq, evin altını üstünə çevirəcəkdi.

****

AMK üzvlərinə qarşı hələ 1956-cı ildə “vətənə xəyanət” ittihamıyla cinayət işi açılmış, bir müddət sonra isə məhkəmə araşdırması başlamışdı. Nelson səhərlər məhkəməyə gedir, axşamlarsa vəkillik fəaliyyətiylə məşğul olurdu. Xəyanət ittihamından sonra onun müştəriləri xeyli azalmışdı, gələnlər də əsasən kasıb qaradərililəriydi. Ona görə də CAR-ın gələcək prezidenti bir qəpik də olsun qazana bilmirdi, ailə Vinninin maaşı hesabına dolanırdı. O dönəmdə artıq Vinni də rejimə qarşı mübarizə aparanlara qoşulmuşdu.

Hamilə olmasına baxmayaraq 1958-ci ilin oktyabr ayında Vinni AMK Qadınlar Liqasının təşkil etdiyi etiraz aksiyasına qatılır, həbs edilən 1000 qadından biri də o olur. CAR həbsxanalarındakı ağır şərait onun rejimə qarşı nifrətini daha da artırır. Liqa girovpulu tolayıb qadınları həbsdən çıxarır. Bu hadisəyə görə Vinnini işdən çıxarırlar. Növbəti ildə Vinni və Mandela cütlüyünün birinci qızı Zenani dünyaya gəlir (fevral, 1959).

Onlar evlənən il CAR-da parlament seçkiləri keçirilmiş, dərisinin rənginə görə səsvermə hüququndan məhrum edilən 13 milyon afrikalı bu prosesdən kənarda qalmışdı. Bununla bağlı Nelson silahdaşlarıyla birlikdə çoxsaylı etiraz aksiyaları təşkil edir. Həmin ərəfədə, o, dinc mübarizənin səmərəsizliyi qənaətinə gəlir. Sonrakı illərdə Nelson hakimiyyətə aid obyektlərin partladılması işini təşkil edir, onminlərlə radikal ovqatlı afrikalı onun ətrafında birləşir. Ona görə də məhkəmə prosesi AMK-çılara bəraətlə başa çatmış olsa belə, Nelson gizlənmək məcburiyyətində qalır. İlk aylarda tək və arxasız qalmış Vinni üçün həyat cəhənnəmə çevrilir. Sonra o, əvvəlki dostlarıyla əlaqələrini bərpa edir, maşın sürməyi öyrənir, mübarizənin ən aktiv iştirakçılarından birinə çevrilir. Publikanın sevimlisi olmaq ona “Mandelanın arvadı” statusunu daşımaq qədər maraqlı gəlir. Beləliklə, əri yanındaykən polemikalara qatılıb fikir bildirməkdən çəkinən Vinni zamanın tələbiylə tədricən avtoritetə çevrilir.

Nelson arada maşın göndərib arvadını yanına apartdırır: tanımadığı bir şəxs gəlib Vinnini götürür, heç bir izahat vermədən onu naməlum istiqamətə aparır, bu adamın provakator və ya qatil ola bilməsi ehtimalına rəğmən gənc qadın etiraz etmir, ərini görə bilmək üçün hər cür riski gözə alır. Xoşbəxtlikdən bu səfərlər hər dəfə yaxşı sonluqla bitir – başqa bir evin damı altında yaşanan sevgi müvəqqəti də olsa, xoşbəxt ailə illüziyası yaradır. 1960-cı ilin axırlarında onların ikinci qızı Zindzisve dünyaya gəlir.

Qaçaq həyatının 17-ci ayında – 1962-in avqustunda Nelsonu yaxalayırlar, silahlı mübarizənin təşkilatçısı və iştirakçısı olduğu üçün ona ömürlük həbs cəzası kəsirlər (Nelson qanuni yollarla mübarizədən nə üçün imtina etdiyini məhkəmədə belə izah etmişdi: “Bizim silahlı müqavimətdən başqa yolumuz qalmamışdı. Dinc müqavimətin bütün üsullarından – çıxışlar, marşlar və tətillərdən istifadə etmiş, amma heç bir nəticə əldə edə bilməmişdik. Bütün cəhdələrimizi hakimiyyət dəmir əllə qarşılamışdı”).

Ərinin həbsi Vininin həyatında geriyə dönüşü olmayan dəyişikliklər yaradır. Yox, gənc, gözəl və artıq sərbəst olan bu qadın dərhal azad həyatın ağuşuna atılmır; əksinə, azadlıq fədaisinin əzabkeş və sadiq arvadı obrazını qoruyub saxlamağa çalışır. Ölkənin bütün qaradərili əhalisi də ondan ərinin davamçısı olmağı gözləyirdi. Beləliklə, Vinni “irəli durur”, bütün mitinqlərdə iştirak edir, qadın təşkilatlarıyla birgə xeyriyyəçilik tədbirləri təşkil edir, hakimiyyətin irqçi idarəetmə metodlarına, təzyiq və təqiblərinə qarşı çıxıb sərt siyasi bəyanatlar verir.

Hakimiyyətsə getdikcə daha da azğınlaşır, hətta beynəlxalq sanksiyalar da onu qaralara qarşı sərt cəzalardan çəkindirə bilmir. AMK-nın fəaliyyəti qadağan edilir, 1962-ci ilin dekabrında isə Vinninin fəailiyyətini məhdudlaşdıran qərar çıxarılır – artıq o, nəinki iki nəfərdən artıq adamın iştirak etdiyi tədbirlərə qatılıb çıxışlar edə bilməzdi, indi ona hər hansı təhsil müəssinə, hətta məhkəmə roseslərinə getmək də, günün qaranlıq saatlarında evindən çıxmaq da qadağan edilirdi. Mətbuata isə onun haqqında heç nə yazmamaq yasağı qoyulmuşdu.

1963-cü ilin may ayında Nelson Mandelanı Robben adasındakı türməyə köçürürlər. Bir ay sonra ərinə baş çəkməsinə icazə verilən Vinni onunla görüşmək üçün əvvəlcə Yohannesburdan Keyptauna 1400 km-lik yolu, sonra da oradan adaya olan 10 km-lik dəniz yolunu qət edir. Onlara görüş üçün cəmi 30 dəqiqə vaxtı verilir, o da ikiqat tor məftil arxasından, ciddi nəzarət altında və ancaq ingilis və ya afrikaans dillərində danışmaq şərtilə.


Haşiyə:

Həbsdə olduğu bütün 27 il boyu Vinni Nelsonu ziyarət edəcək və onlar həmişə belə uzaqdan-uzağa görüşəcəkdilər. Mandelaya yaxınlaşmağa böyük qızına icazə verəcəkdilər, çünki o, qonşu ölkənin kralına ərə getmişdi və diplomatik toxunulmazlığı vardı.

Hakimiyyət onların görüşməsinə maksimum imkan verməməyə çalışırdı, çox vaxt Vinni icazə qərarının ləğv edildiyini ən son anda öyrənirdi. Onu mübarizədən çəkindirmək üçün ərinə həbsxnada təzyiqləri artırır, qızlarını məktəbdən çıxarır, gecələr evinə polis reydləri göndərirdilər. Sonralar Vinni o reydləri belə xatırlayacaqdı:

“Hər tərəfə gecənin sakitliyi çökmüşkən qəfil qapın döyülür. Qapı açılana qədər gur məşəllər evinin bütün pəncərələrini işıqlandırır. Bu, evindəki hər məktubu oxumaq, kitab rəfindəki bütün kitabları vərəqləmək, xalçaları qaldırmaq, yatmış uşaqları oyadıb döşəklərin, çarpayıların altına baxmaq üçün müstəsna hüququ olanların gəlməsindən xəbər verir. Bu o deməkdir ki, onlar mətbəxinizdəki bütün ədvaların, qəndin, yeməyin də dadına baxacaqlar, paltarlarınızı yerə töküb ciblərini yoxlayacaqlar. Beləcə, səhər açılacaq, uşaqlarınız ətəyinizdən tutub ağlaşacaq, səni aparmağa hazırlaşan ağ adama yalvaracaqlar ki, analarından əl çəksin”.

1965-ci ildə Vinni haqqında daha sərt qadağa qərarı çıxarılır. Artıq o, yaşadığı Orlando qəsəbəsindən çıxmamalıydı, heç yerdə işə də girə bilməzdi, “çaşıb” Vinnini işə götürənlər fasiləsiz polis təzyiqiylə üzləşir və sonunda onu işdən çıxarmalı olurdular. Qadağalar Vinninin qızlarına da aidiydi, onları heç bir məktəbə qəbul etmirdilər. Ona görə Vinni tanışlarının köməyilə onları Svazilendə (CAR-ın qonşuluğundakı ölkəyə) göndərmək məcburiyyətində qalmışdı.

****

Təzyiqlər durmadan artır, amma Vinni mübarizədən çəkilmir. Hərəkət məhdudiyyəti imkanlarını daraltdığı üçün siyasi məhbuslara yardım kampaniyaları təşkil edir. 1967-ci ilin mayında onu yenidən həbs edirlər. İçində 3 bitli-sidikli adyal, bir plastik butulka və bir də qulpsuz vedrə olan beton divarlı təkadamlıq kameraya salınan Vinni ilk 200 gün müstəntiqdən başqa heç kimlə görüşə bilmir. 5 gün və 5 gecə çəkən dindirmələrdən sonra onu başqa otağa aparıb işgəncə verməyə başlayırlar, deyirlər ki, AMK və əri barədə bildiklərini deməsə, silahdaşlarına ciddi problemlər yaradılacaq. Nəhayət, Vinni tab gətirmir, istintaqa lazım olan informasiyaları açıqlamağa razılıq verir. 1969-cu ilin dekabr ayında başlamış məhkəmə xeyli mübahisələrdən sonra onun azad edilməsi barədə qərar çıxarır.

1970-ci illərin ortalarında qaradərili tələbələr Cənubi Afrika Gənclər Təşkilatını yaradırlar, həbs edilən gənclərin özləri və ailələriylə yaxından ilgilənən Vinni genişlənməkdə olan tələbə hərəkatının simvolik anası rolunu oynamağa başlayır. 16 iyun 1976-cı ildə 10 minə yaxın tələbə Soueto küçələrinə çıxır, hakimiyyət dinc aksiyaçılara qarşı silah işlədir, etiraz dalğası bütün ölkəyə yayılır. Baş verənlərin “günah keçisi” elan edilən Vinni həbs olunur və ancaq 5 ay sonra azad edilir. Növbəti ilin ilk ayında onunla bağlı yeni (bu dəfə 5 illik) qadağa qərarı çıxarılır, may ayında isə Vinnini Yohannesburqdan 400 km aralıdakı Brandfort şəhərinə sürgün edirlər. Amma cəsur qadın orda da dinc durmur, onun sürgün həyatının ikinci ilində keçirilən sorğularda məlum olur ki,Vinni populyarlığına görə ölkə üzrə ikinci şəxsdir.

O, paytaxta 10 il sonra qayıda bilir. Həmin vaxt Yohannesburqda vəziyyət son dərəcə mürəkkəb idi. Ölkədən sürgün edilmiş Oliver Tambo bir il əvvəl CAR əhalisinə “ölkəni idarəedilməz hala gətirmək” çağırışıyla müraciət etmiş, şəhərdə rejimə qarşı mübarizəyə qoşulanların sayı artmış, hakimimiyyətin fövqəladə rejim qərarı və sərt cəza tədbirləri prosesin qarşısını ala bilməmişdi.

Brandfortdakı həyatının son dönəmlərində içkiyə və aqressiv-zorakı davranışa meylləndiyi barədə şaiyələr dolaşan Vinni Yohannesburqa gələn kimi fəaliyyətini bərpa edir, vətəndaş hüquqlarından məhrum edilmiş gəncləri müdafiə məqsədilə Mandela Gənc Futbolçular Klubu yaradır. Souetoda “Sisulu” adlı belə bir komanda artıq varıydı, amma bu təşkilatın fəaliyyətində idman heç də birinci yerdə durmurdu. Sonrakı hadisələrdən bilinəcəkdi ki, Vinninin komandasında futbol heç axırıncı yerdə də deyilmiş.

****

Nelson Mandela və onun ətrafındakılar siyasətdən uzaq Robben adasında akademik inkişaf mərhələsi keçərək getdikcə daha çox dövlət xadimlərinə bənzəməkdəykən Vinni “cəbhədə” vuruşmuş, azadlıq uğrunda “müharibədə” əsgərlik etmişdi. Təqib, təzyiq və cəzalar içində keçirdiyi onillər; parçalanmış ailə həyatı, dostlarının xəyanətləri onu sərtləşdirmişdi. Gənc yaşlarından düşdüyü qəddar mühit Vinnidə döyüşkən ruh yaratmışdı. Görünür, o, nəhayət ki, qismən də olsa, özünü təhlükəsiz mühitdə hiss etmək istəmiş, buna görə də ətrafına cangüdənlər yığmışdı – bəli, futbol qrupuna topladı gənclər əslində Vinninin mühafizəçiləriydilər. Amma onlar CAR-ın ağ dərili vətəndaşlarını cəzalandırmaq və hətta öldürməklə də məşğuluydular. Küçədən oğurladıqları birini xarabalığa aparıb döyür, sonra da işgəncəylə öldürürdülər – içinə benzin doldurulmuş təkər şinini qurbanın boğazına keçirir, sonra da şini yandırırdılar. 1986-cı ildəki çıxışlarının birində Vinni həmin üsula işarəylə “Biz bu boyunbağıların köməyilə bu ölkəmini xilas etməliyik” demiş və bu onun imicinə ciddi ziyan vuran, sonrakı illərdə də unudulmayacaq fakta çevrilmişdi.

Bir gün “futbolçular” daha bir qətl hadisəsi törədirlər, amma bu dəfə Vinninin evində: 14 yaşlı Stompi Moekesti polislə əməkdaşlıq etdiyini etriaf etmiş və buna görə öldürülmüşdü. Stopminin itkin düşməsi böyük hay-küyə səbəb olur, hadisənin üstü açılır və iştirakçılar cinayət məsuliyyətinə cəlb olunurlar. Vinni məhkəməyə həmin gün evdə olmadığını sübut edən alibi təqdim edir, cinayəti “məşqçi” Conson boynuna götürür (1997-ci ildə İngiltərədə “futbolçulardan” birinin ifadəsi dərc olunmuş, Vinninin qətl zamanı evdə olduğu, yeniyetməni iki bıçaq zərbəsiylə məhz onun öldürdüyü qeyd edilmişdi. Yenidən bərpa edilən araşdırma zamanı Vinni hadisənin “dəhşətli yanlışlıq” olduğunu demiş, Stompinin valideynlərindən üzr istəmişdi). Məhkəmə qətldə iştirakla bağlı sübutların yetməzliyini əsas gətirərək onu cərimələndirməklə kifayətlənir. Maraqlıdır ki, bu qalmaqal Vinninin populyarlığını daha da artırır, hətta ağ dərili aktivistlər də onun müdafiəsinə qalxırlar – onlar hesab edirdilər ki, Vinniyə bu tələni hakimiyyət qurub.

****

1990-cı ilin fevral ayının 11-də həbsdən buraxılan Nelson Mandela tezliklə Vinnini AMK-nın sosial təminat şöbəsinin sədri vəzifəsinə təyin edir. Bir müddət sonra onun maliyə maxinasiyalarına yol verdiyi üzə çıxır və sentyabr ayında Vinni postunu tərk edir. Vinni və gənc vəkil Dali Mpofu arasında sevgi münasibətləri olduğu haqda informasiya isə 1992-ci ildə ictimailəşir, mətbuat Vininin vəkilə əri həbsdəykən yazdığı alovlu eşq məktublarını dərc edir. Nelson Mandela mətbuat konfransı keçirib Vinniylə yollarını ayırdıqlarını elan edir (O, məhkəməyə 3 il sonra ərizə yazacaq, boşanma 1996-cı ildə baş tutacaqdı).

1994-cü ildə CAR-ın prezidenti seçiliən Mandela bundan bir neçə gün sonra Vinnini incəsənət, mədəniyyət, elm və texnologiya nazirinin müavini təyin edir (Bir il əvvəl Vinni AMK-nın Qadınlar Liqasının rəhbəri seçilmişdi). Vəzifədə olduğu elə ilk ayda Vinni mühafizəçilərinə böyük məbləğdə əmək haqqı ödəyir – 39 nazir və onların müavinlərinin eyni məzmunlu xərcləmələrinin 40%-i qədər. Bundan başqa, ona böyük bir villa hədiyyə olunur – məlum olur ki, bu villanı bağışlayan şəxs almaz qaçaqmalçısıdır. Vinniyə qarşı korrupsiya ittihamı irəli sürülür və o, 11 ay sonra vəzifədən gedir.

Amma nə boşanma, nə də çoxsaylı məhkəmə prosesləri Vinnini ruhdan salır. 1999-cu ildə o, AMK-nın namizədi olaraq parlamentə seçilir. Amma 2003-cü ildə yenidən məhkəmə qarşısına çıxmalı olur, bu dəfə onu komitənin büdcəsini “mişarlamaqda” – 43 bənd üzrə fırıldaqçılıqda və 25 oğurluq əməlində suçlayıb 5 il həbs cəzası kəsirlər. 2004-cü ildə Apelyasiya Məhkəməsi “cinayətin şəxsi mənafe naminə törədilmədiyini” əsas gətirərək Vinniyə 3 il 6 aylıq şərti cəza verir. Vinni həm parlamentdən, həm də AMK Qadınlar Liqasının prezidenti vəzifəsindən istefa verir. Bu hadisədən sonra Nelson Mandela onu müdafiə etməyi dayandırır.

2007-ci ildə Villini yenidən AMK İcraiyyə Komitəsinə üzv seçirlər. Konqres hətta onun növbəti parlament seçkilərinə namizədliyini də irəli sürür. 12 aydan çox məhkumluq cəzası alanlara seçkidə iştirakı qadağan edən konstitusiya maddəsinı istinadən “Demokratik alyans” və “Azadlıq cəbhəsi” partiyaları buna rəsmi şəkildə etiraz edirlər. Qeyri-populyar qərar çıxarmağa cəsarət etməyən Müstəqil Seçki Komissiyası etiraza “Namizəd 22 aprel 2009-cu il seçkilərində iştirak edə bilər” deyə cavab verir. Amma niyəsə Vinni o seçkilərə qatılmır. Ola bilsin, maliyə qalmaqallarının seçki dönəmdə yenidən xatırladılacağından ehtiyat edir, köhnə söhbətlərin təzələnməsini istəmir; ya da artıq yorulmuş olur, həyatının heç olmasa, son dönəmini sakit yaşamaq istəyir.

****

Vinni Mandela 2 aprel 2018-ci ildə vəfat edib. Müəyyən səviyyədə sayğı və sevgiylə anılmasına rəğmən, ağlara qarşı irqçi mübarizə metodları, qətllə bağlı şübhələr və maliyyə fırıldaqları onun aparteidə qarşı çoxillik mücadiləsinə kölgə salıb, CAR tarixinə ziddiyyətli və qaranlıq fiqurlardan biri kimi düşməsinə səbəb olub.

Ana səhifəMənim FikrimcəVinni Mandela – cəsur və qəddar fədai