Vilyam Hacıyevin xanımı milyonlarla dəyəri olan əmlaklarını tələb edir

Vilyam Hacıyev. Foto: Meydan TV

Keçmiş icra başçısının ailəsi əmlakla bağlı apelyasiya şikayəti verib

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin 12 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Vilyam Hacıyev haqqında hökmdə onun ailəsinə məxsus 5 milyon 344 min manatlıq əmlak və nağd pulun müsadirə olunması məsələsi də əksini tapıb. Bu səbəbdən Vilyam Hacıyevlə yanaşı, onun ailə üzvləri – həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev də apelyasiya şikayəti veriblər. Onlar hökmün əmlak müsadirəsilə bağlı hissədə ləğv olunmasını istəyir.

Apelyasiya şikayətlərində Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzil və avtomobillərin, Məhəmməd Hacıyev isə 126 min manatlıq “Land Rover”in üzərindən həbsin götürülməsini istəyib.

İbrahimova Cülyetta Paşa qızının adına olan aşağıdakı əmlakların müsadirəsinə qərar verilib:

Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində (“milyonçular məhəlləsi”) yerləşən fərdi ev – 1 milyon 850 min manat;

Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil – 275 min manat;

Xırdalan şəhərində yerləşən mənzil – 67 min manat;

Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil – 86 min manat;

Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil – 74 min manat;

Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil – 65 min manat;

Nardaran-Ləhiş yolunda bağ evi – 2 milyon 626 min manat;

“BMW X5” markalı avtomobil – 22 min manat;

“BMW 740-İ” markalı avtomobil – 33 min manat;

“Bentley Continental GT” markalı avtomobil – 118 min manat.

Məhəmməd Hacıyevin adına olan yalnız bir avtomobilin – 126 min manat dəyərləndirilən “Land Rover”in müsadirəsinə qərar verilib.

1957-ci il təvəllüdlü Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişli rayonunun icra başçısı vəzifəsində işləyib. O, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, tutularkən evində və iş otağında aparılan axtarış zamanı 1 milyondan çox avro, funt-sterlinq və başqa pullar tapılıb.

Vilyam Hacıyevə 2022-ci ilin iyulunda hökm oxunub və o, 12 il azadlıqdan məhrum edilib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 311 (rüşvət alma) və başqa maddələrilə təqsirli bilinib.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini deyirdi.

Ana səhifəXəbərlərVilyam Hacıyevin xanımı milyonlarla dəyəri olan əmlaklarını tələb edir