Vilyam Hacıyevin vəkili: “Bir səhvə görə xidmətlərin üstündən xətt çəkmək olmaz”

Vilyam Hacıyev. Foto: Meydan TV

Cəza islah olunmağa xidmət etməlidir”

İmişlinin iki ildən çoxdur həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin vəkili Yusif İsmayılov prokurorun onun müvəkkilinə 13 il həbs cəzası istəməsinin başadüşülən olmadığını deyir. Vəkil iyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vilyam Hacıyevin işi üzrə prosesdə çıxış edib.

O bildirib ki, prokurorun tələb etdiyi həbs cəzası həddindən artıq ağırdır, Vilyam Hacıyevin dövlət qarşısındakı xidmətləri, buna görə ölkə rəhbərliyi tərəfindən ona verilən təltiflər nəzərə alınmayıb.

“Vilyam Hacıyevə etimad göstərilib, o da bu etimadı doğruldub. Bir səhvə görə xidmətlərin üstündən xətt çəkmək olmaz. Cəza islah olunmağa xidmət etməlidir”.

Müdafiəçi Vilyam Hacıyevin səhhətindəki problemlərə diqqət çəkib. Xatırladıb ki, onun durumu ilə əlaqədar bir neçə dəfə məhkəmə iclasları təxirə salınıb.

Vəkil çıxışının sonunda sabiq icra başçısına bəraət verilməsini, onun barəsində cinayət işinə xitam verilməsini istəyib.

Vilyam Hacıyev özü isə son sözünə hazırlaşmaq üçün 10 gün vaxt istəyib.

Məhkəmə ona iyulun 25-nə qədər vaxt verib.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur. Prokuror ona 13 il azadlıqdan məhrumetmə cəzası, evindən və iş otağından tapılan pullar da daxil olmaqla, 6 milyondan artıq pul və əmlakının müsadirə olunmasını təklif edib.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Ana səhifəBölgəVilyam Hacıyevin vəkili: “Bir səhvə görə xidmətlərin üstündən xətt çəkmək olmaz”