“Vilyam Hacıyevin əməllərinə ulu öndər, prezident qiymət verib”

Vilyam Hacıyev. Foto: Meydan TV

Həbsdəki icra başçısından 7.5 milyon pul tələb olunur

8 il İmişlinin icra başçısı olmuş, iki ildən çoxdur həbsdə saxlanılan Vilyam Hacıyevin məhkəməsi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 15-də keçirilən məhkəmə iclasında müxtəlif dövlət orqanlarının təmsilçiləri Vilyam Hacıyevdən ümumilikdə 7.5 milyon manatlıq ziyanın ödənilməsini tələb ediblər. Ayrı-ayrılıqda İmişli Rayon İcra Hakimiyyəti 6 milyon 641 min, DOST Mərkəzi (Dayanıqlı və Operativ Sosial Təminat) 674 min, İmişli rayon Xəstəxanası 67 min 830 manat, Mədəniyyət və Turizm İdarəsi 31 min 267 manatlıq mülki iddia qaldırıb. Onların nümayəndələri məhkəmədə bildirib ki, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində təmsil etdikləri qurumlara bu qədər ziyan dəyib və Vilyam Hacıyevdən həmin vəsaitlərin ödənilməsini tələb edirlər.

Sabiq icra başçısının vəkili Elmar Kərimov buna etiraz edib:

“Niyə bu tələbləri mənim müvəkkilimə ünvanlayıblar, anlaşılan deyil. O vəsaitlərin Vilyam Hacıyev tərəfindən mənimsənilməsini sübut edən heç bir fakt yoxdur”.

Vəkilin sözlərinə görə, aylarla davam edən məhkəmə prosesində Vilyam Hacıyevə qarşı ittihamların heç biri təsdiqini tapmayıb. O vurğulayıb ki, 100-dən artıq şahid dindirilib, icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev istisna olmaqla, heç bir şahid Vilyam Hacıyevə pul verdiyini deməyib:

“Şahidlər istintaqa ifadələrini təsdiqləmədilər. Elə ifadə vermədiklərini dedilər. Əksinə, Cəmil Musayevə pul verdiklərini dedilər. Cəmil Musayev bu gün də vəzifədə qalmaqda davam edir, onun haqqında heç bir tədbir görülməyib. Heç bir mötəbər sübut olmadan adamı ağır cinayətdə ittiham eləmək absurddur. Mən də iddia edə bilərəm ki, kiməsə pul vermişəm. Mənim deməyimlə deyil axı, əlavə sübutlar lazımdır”.

Müdafiəçi Vilyam Hacıyevə verilmiş qanunsuz silah saxlama ittihamından da danışıb. Onun sözlərinə görə, ov tüfənginin də, patronların da sənədləri var, mağazadan alındığı təsdiqlənib:

“Ballistik ekspertiza keçirib müəyyənləşdiriblər ki, patronlardan hansındasa barıt bir az çoxdur. Buna görə adama ittiham verərlər? Kim mağazadan patron alanda onu əvvəlcə laboratoriyaya aparıb yoxlatdırır?”

Vəkil sabiq icra başçısının özü və qohumlarının adına olan əmlakların müsadirəsilə bağlı prokurorun təklifinə də münasibət bildirib. O iddia edib ki, Hacıyevlər əsilzadə nəsil olub, həmişə yaxşı imkanlara sahib olublar. Prokurorun müsadirəsini təklif etdiyi, hazırda üzərində həbs olan əmlaklar da o, İmişlinin icra başçısı işlədiyi dövrdən xeyli əvvəl əldə olunub. Üstəlik, həmin əmlakların mülkiyyətçisi Vilyam Hacıyev deyil, başqa adamlardır.

“Vilyam Hacıyev bütün ömrünü dövlətə və dövlətçiliyə xidmətə həsr edib. O, Qarabağ müharibəsi veteranıdır. Vətənin ağır vaxtlarında müharibədə iştirak edib. Prokuror deyir ki, onun işində yüngülləşdirici hal yoxdur. Bu, yüngülləşdirici hal deyil? Ümummilli lider Heydər Əliyevin onunla bağlı imzaladığı vəsiqə var. Orada göstərilib ki, Naxçıvan Muxtar Respublikasının müdafiəsi zamanı göstərdiyi şücaətə görə “Naxçıvanın fəxri vətəndaşı” adı ilə təltif olunur. Bu ad yeganə ona verilib. Hazırkı prezident onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Ona Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı verilib. Prezidentin İmişliyə səfəri zamanı onun gördüyü işlərlə bağlı səsləndirdiyi fikirlər var”, – bunu da vəkil Elmar Kərimov deyib.

O əlavə edib ki, sabiq icra başçısının səhhətində ciddi problemlər var, əməliyyat olunmalıdır.

Vilyam Hacıyevin digər vəkili isə bildirib ki, onu yalnız səhlənkarlıqda qınamaq olar:

“Ola bilər ki, ətrafındakı insanlara inanıb, onların etdiyi əməldən xəbəri olmayıb. Amma özünün bilərəkdən cinayət törətməsi haqda heç bir sübut-dəlil yoxdur. İndi hamı kənarda qalıb, hər şeyi icra başçısı olub deyə, onun üzərinə qoyublar. Vilyam Hacıyevin əməllərinə ulu öndər, prezident qiymət verib. Bu da onun necə işləməsinin göstəricisidir”.

Vilyam Hacıyevin məhkəməsi iyulun 18-də digər vəkilinin çıxışı və özünün son sözü ilə davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Ana səhifəBölgə“Vilyam Hacıyevin əməllərinə ulu öndər, prezident qiymət verib”