Vilyam Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb

V.Hacıyevin ona qarşı irəli sürülmüş mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Source: Meydan Tv


Keçmiş icra başçısı həbs qərarından narazıdır

İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev haqqındakı 4 aylıq həbs-qətimkan tədbiri qərarından apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsinə hakim Namiq Məmmədovun sədrliyilə baxılıb. Şikayət təmin edilməyib və Səbail Rayon Məhkəməsinin 6 may 2020-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

V.Hacıyev və ondan əvvəl həbs olunan Ağstafa, Yevlax, Biləsuvar və Neftçala rayonlarının sabiq icra başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Onların işi üzrə araşdırmalar da bu qurumun Baş İstintaq İdarəsində aparılır.

V.Hacıyevin ona qarşı irəli sürülmüş mənimsəmə, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə özünü təqsirli bilib-bilmədiyi məlum deyil. Lakin V.Hacıyev haqqında həbs qərarı çıxarılandan sonra DTX əməkdaşları onu məhkəmə binasından çıxarıb, maşına mindirəndə sabiq icra başçısı onu gözləyən ailə üzvlərinə bir neçə saniyə ərzində “Hər şey yaxşı olacaq, haqq yerini tapacaq…” demişdi.

V.Hacıyev mayın 5-də həbs olunub. Mayın 6-da Prezident İlham Əliyev onun İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda icra başçılarının həbs dalğası ötən ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub.

Bu ilin fevralında Neftçalanın, bir həftə öncə isə Biləsuvarın icra başçısı həbs edilib. Onların hamısı DTX əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunub.

Ana səhifəSiyasətVilyam Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb