Vilyam Hacıyev tezliklə məhkəmə qarşısına çıxarılacaq

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Source: Meydan Tv


Keçmiş icra başçısına qarşı milyonlarla yeyinti ittihamı

16 il icra başçısı olmuş, 2020-ci ilin mayında həbs olunarkən İmişli rayonunda bu vəzifədə çalışan Vilyam Hacıyev hakim qarşısına çıxarılacaq. Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində onun məhkəməsi başlayacaq.

Sabiq icra başçısının mühakiməsi Azər Paşayevin sədrliyilə, İradə Həsənzadə və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan və 1 il 3 aydır ki, bu qurumun istintaq təıcridxanasında saxlanılan Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ittiham olunur. Ona ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

64 yaşlı Vilyam Hacıyev milyonlarla manat büdcə vəsaitinin yeyintisində ittiham olunur. İddia olunur ki, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri icra başçısı mənimsəyib.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, daha sonra 2006-2012-ci illərdə Samuxun, ardınca 2020-ci il mayın 5-də kabinetində DTX əməkdaşları tərəfindən saxlanılana qədər İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyevin özünün və ya yaxınlarının bu görüntülərə münasibəti, ona qarşı irəli sürülmüş ittihamları qəbul edib-etmədiyi məlum deyil. Amma o, saxlandığı ilk günlərdə Səbail Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına qısaca belə demişdi: “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq…”

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edili . Ardınca Kürdəmir, Cəlilabad rayonlarında da eyni əməliyyatlar həyata keçirilib.

Sabiq icra başçılarının işi üzrə istintaq araşdırmaları DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Onların əksəriyyətinin işi hazırda Gəncə, Şəki, Lənkəran Ağır Cinayətlər məhkəmələrində araşdırılır.

Ana səhifəSiyasətVilyam Hacıyev tezliklə məhkəmə qarşısına çıxarılacaq