Vilyam Hacıyev: Dövlət başçısından xahiş edirəm, normal müalicəmə şərait yaradılsın

Keçmiş icra başçısı jurnalistlərin onun məhkəməsində iştirakına etiraz edib

Source: Prezident.az


 Keçmiş icra başçısı jurnalistlərin onun məhkəməsində iştirakına etiraz edib

16 il müxtəlif rayonların icra başçısı olmuş, 2020-ci ilin mayında İmişlidə bu vəzifədə çalışarkən öz kabinetində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Vilyam Hacıyevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

Avqustun 20-də məhkəmənin hazırlıq iclasında Vilyam Hacıyevin anket məlumatları dəqiqləşdirilib, ona təqsirləndirilən şəxs kimi, məhkəmədə iştirakla bağlı hüquq və vəzifələri izah olunub.

Məhkəmə zalında prosesi jurnalistlərin də izlədiyini bilən sabiq icra başçısı buna etiraz edib. Onun vəkili Elmar Kərimov media nümayəndələrinin məhkəmə zalından çıxarılması haqda vəsatət qaldırıb. Vəsatətini əsaslandırarkən deyib ki, müvəkkili öz məhkəməsində jurnalistlərin iştirak etməsini istəmir.

Hakimlər bu vəsatətə “yox” deyib. Qərarı əsaslandıran hakim Azər Paşayev bildirib ki, açıq məhkəmə prosesi keçirilir və hər kəs, o cümlədən media nümayəndələri də iştirak edə bilər.

Vilyam Hacıyevin vəkilləri onun məhkəmənin hökmü çıxarılana qədər ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırıblar. Vəkil bu vəsatəti əsaslandırarkən onun Qarabağ müharibəsi veteranı olmasını, səhhətindəki ciddi problemlərdən əziyyət çəkməsini vurğulayıb:

“Hüquqlarını müdafiə etdiyim şəxs uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb. Birinci Qarabağ Müharibəsində iştirak edib, müharibə veteranıdır. Səhhətində kifayət qədər ciddi problemlər var. Onun gələcəkdə məhkəmədən yayınmaq niyyəti yoxdur”.

Lakin Azər Paşayevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatəti də təmin etməyib.

Vəkillərin daha bir vəsatəti isə Vilyam Hacıyevin həbsdə saxlanma yerinin dəyişdirilməsi haqda olub. O, 2020-ci ilin mayında həbs olunandan DTX-nın istintaq təcridxanasında saxlanılır. Müdafiəçiləri sabiq icra başçısının Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyiblər.

Hakim bildirib ki, məhkəmənin bu məsələ ilə bağlı qərarı növbəti iclasda açıqlanacaq.

Məhkəmədə məlum olub ki, vəkillər cinayət işinin materialları ilə tanış deyil. Onlar bundan ötrü vaxt istəyib. Bu üzdən məhkəmənin hazırlıq iclası sentyabrın 3-nə qədər təxirə salınıb.

 Məhkəmə iclasının sonunda Vilyam Hacıyev üzünü zalda olan jurnalistlərə tutaraq, media vasitəsilə dövlət başçısından müalicəsinə şərait yaradılmasını istəyib:

“Mən vaxtilə Naxçıvanda Heydər Əliyevlə birlikdə işləmişəm. Naxçıvanın fəxri vətəndaşıyam. Ölkə başçısından xahiş edirəm, normal müalicə olunmağım üçün şərait yaradılsın”.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311 (rüşvət alma) və başqa maddələrlə ittiham olunur. O, milyonlarla manat büdcə vəsaitinin yeyintisində, xəstəxanaya, Mədəniyyət İdarəsinə, sosial sahəyə ayrılan vəsaitləri mənimsəməkdə təqsirləndirilir.

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyevin özünün və ya yaxınlarının bu görüntülərə münasibəti, ona qarşı irəli sürülmüş ittihamları qəbul edib-etmədiyi məlum deyil. Amma o, saxlandığı ilk günlərdə Səbail Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra məhkəmə binasından çıxarılarkən orada gözləyən yaxınlarına qısaca belə demişdi: “Bu günlər keçəcək. Hər şey yaxşı olacaq. Haqq yerini tapacaq…”

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Bunlardan yalnız Nizaməddin Quliyevin məhkəməsi yekunlaşıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətVilyam Hacıyev: Dövlət başçısından xahiş edirəm, normal müalicəmə şərait yaradılsın