“Vilyam Hacıyev dedi ki, 4 milyonun 30 faizi ona çatacaq”

Source: Meydan Tv

Təqsirləndirilən tərəf şahidə etiraz etdi

2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, hazırda isə həbsdə olan Vilyam Hacıyevin məhkəməsində bu dəfə “NTC Company” şirkətində direktorun müşaviri Səyalı Səfərova şahid qismində dindirilib. O bildirib ki, tenderdə qalib gəlib, icra hakimiyyətinin binasını təmir ediblər. Vilyam Hacıyev və vəkili isə bildirib ki, Səyalı Səfərovanın icra hakimiyyətinin binasını təmir edən şirkətə aidiyyəti yoxdur. O, ümumiyyətlə, nə istintaqda, nə də məhkəmədə dindirilməyib. Vəkil tələb edib ki, Səyalı Səfərova özünün dediyi kimi, bu şirkətdə direktor müşaviri olduğunu təsdiqləyən sənədlər ortaya qoysun. Əks halda, onun ifadəsi sübutlar siyahısından çıxarılsın.

Vilyam Hacıyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

Səyalı Səfərova ifadəsində bildirib ki, icra hakimiyyətinin binasına görə şirkətin bank hesabına 4 milyon manat pul köçürülüb. Lakin Vilyam Hacıyev bu pulun 30 faizinin onlara çatmalı olduğunu deyib: “Əvvəl “bu qiymətə iş görə bilmərik” deyib, etiraz etdim. Bundan sonra işi əlimdən almaqla hədələdi. Məcbur qalıb, 30 faizə razılaşdım”.

Memar olduğunu iddia edən şahid keçmiş icra başçısının vəkili Elmar Kərimovun suallarını  cavablandırıb. Bu zaman məlum olub ki, onun şirkətin hesabına köçürülən 4 milyon manatı çıxarmaq səlahiyyəti yox imiş. Amma Səyalı Səfərova bunun səbəbilə bağlı izahat verməyib. Yalnız onu deyib ki, şirkətin rəhbərinin “Sədərək” ticarət mərkəzində obyektləri vardı, oradan nağd vəsaiti olurdu. O pulların hesabına işləri görürdülər, hesaba köçürülən pula ehtiyac olmurdu. İcra hakimiyyətinin binasının təmirində də eyni qaydada işləyiblər.

Vəkil vəsatət qaldırıb ki, şirkətin direktoru da məhkəməyə çağırılıb dindirilsin.

Şahidin ifadəsinə münasibət bildirən keçmiş icra başçısı Vilyam Hacıyev Səyalı Səfərova ilə heç bir müqavilə bağlamadıqlarını  deyib.

Məhkəmə prosesi yanvarın 25-də davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Ana səhifəSiyasət“Vilyam Hacıyev dedi ki, 4 milyonun 30 faizi ona çatacaq”