Nazir: "Polisin fəaliyyətindəki nöqsanlar aradan qaldırılmalıdır"
Daxili işlər nazirin Vilayət Eyvazov iyulun 9-da keçirdiyi Kollegiya iclasında polisin fəaliyyətində nöqsan və çatışmazlıqlardan danışıb.
O deyib ki, bu problemlərin ətraflı müzakirə edilməsi və əlavə təşkilati tədbirlərin həyata keçirilməsi və aradan qaldırılması vacibdir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında
məlumat
verilib.
Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilən müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halların olduğunu da deyib.
O qeyd edib ki, ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14.058 cinayət qeydə alınıb.
V.Eyvazov II Qarabağ müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1690 hərbi qulluqçunun dövlət təltiflərinə, o cümlədən 4 nəfərə “Vətən müharibəsi qəhrəmanı” adının verildiyini, habelə xidmətdə fərqlənmiş yüzlərlə əməkdaşın və hərbi qulluqçunun mükafatlandırıldığını qeyd edib.
İclasda hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini Seyfulla Əzimov qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu vurğulayıb.
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 1,3, adam öldürməyə cəhdlər 11, oğurluqlar 31, soyğunçuluqlar 34, quldurluqlar 8, avtonəqliyyat vasitələrinin qaçırılması 9,6, xuliqanlıqlar 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 32, yol-nəqliyyat hadisələri 0,5, qəzalarda ölənlərin sayı 11, xəsarət alanların sayı 0,5 faiz azalıb. Habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayət açılıb, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxs tutulub", – nazir müavini ebelə deyib.
O, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirildiyini deyib: “Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb”.