Qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardaran qəsəbəsinə gedib. “Report”un əməkdaşı xəbər verir ki, nazir müavini qəsəbədə keçirilən xüsusi əməliyyatın nəticələri ilə maraqlanıb.
Qeyd edək ki, bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
APA xəbər verir ki, qəsəbəyə giriş-çıxış, həmçinin daxili polis tərəfindən tam nəzarətə götürülüb. Əraziyə Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları cəlb edilib.
Polis noyabrın 26-da baş vermiş insidentin digər iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində axtarışlar aparıb. Saxlanılanlar var. Məlumata görə, qəsəbədəki bir neçə evdən silah-sursat aşkarlanaraq götürülüb.
Bununla yanaşı, qəsəbənin küçə və meydanlar radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.