Deputat Elmira Axundovanın iradına Milli Koordinator cavab verib
“İnsan orqanlarının alveri də insan alverinin bir növüdür. Ancaq İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2018-ci il üzrə illik məlumatında bununla bağlı məlumatlara rast gəlmədim. Deyəsən bu məsələ Milli Koordinatorun diqqətindən yayınıb”.
Bunu mayın 3-də Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Elmira Axundova deyib. O bildirib ki, bu yaxınlarda Azərbaycanda “qara tranplantoloqlar” yaxalanıb, cinayət məsuliyyətinə cəlb olunub.
“Onlar bir neçə imkanı zəif olan insanları təhrik ediblər ki, öz orqanlarını sataraq qanunsuz əməldə iştirak etsinlər. Halbuki qanunvericiliyə görə böyrək, qaraciyər və digər orqanların tranplantasiyası yalnız ailə üzvlərindən aparılmasına icazə verilib. İnsan orqanlarının alveri həm Azərbaycanda, həm də xaricdə yayılmaqdadır. Ona görə də bu sahəyə nəzarəti gücləndirmək lazımdır, belə faktlar hesabata daxil edilməlidir”.
Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov isə deyib ki, insan orqanlarının alveri insan alverinin bir növüdür və hər zaman diqqətdə saxlanılır. O qeyd edib ki, 2005-ci ildən insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı 3 fakt qeydə alınıb. 2018-ci ilin hesabatında yer almamasının səbəbi isə odur ki, bu il ərzindəı belə fakt qeydə alınmayıb. “Bəzi hallarda böyrək və digər orqanların satışı ilə bağlı məlumatlar yayılır, bu faktlar yoxlanılır, amma təsdiqini tapmır. Hazırda Azərbaycanda belə hal baş vermir”.
Bir il öncə Azərbaycanda böyrək alverinə görə həbs olunan taksi sürücüsü Vahib Xudadatovun cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona qarşı Cinayət Məcəlləsinin 137 (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham irəli sürülüb. Bu cinayət işində 27 nəfər böyrəyini satmış adamdan bəhs olunur və onlar zərərçəkmiş qismində tanınıb.
Vilayət Eyvazov bildirib ki, 2018-ci ildə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb.
“Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 34 nəfəri tutulub".
Məruzəçi deyib ki, İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-sinin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.
Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb.
2018-ci ildə Azərbaycan üzrə 4 məcburi əmək faktı müəyyən edilib
Aparılan araşdırmalarla 16 qurbandan 15-nin ölkə xaricində, birinin respublikada tikinti sahəsində istismar edildiyi məlum məlum olub. Hər bir fakt üzrə istintaq araşdırmaları aparılaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib. Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarda vergi sanksiyası tətbiq edilib.
Məcburi əməyin profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yaşama qaydalarını pozan 19 210 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 3 740 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması olub.
“207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb”
Uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib.
Aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin küçə həyatına məruz qalmış 75 yetkinlik yaşına çatmayan və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. 2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilib, zəruri sosial yardımlar göstərilib.