Viktor Korçnoy – iddiaçı

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

Korçnoyun SSRİ-dən qaçması böyük ajiotaj doğurdu

Üçillik fasilədən sonra 1975-ci ildə şahmat tacı yenidən SSRİ-yə qayıtdı. Bu hadisə sovet rəhbərliyinin və idman bürokratiyasının böyük sevincinə səbəb oldu. Fişer çox güman ki, şahmata qayıtmayacaqdı. Başqa bir ölkədən isə çempionluğa iddialı ola biləcək şahmatçı gözə dəymirdi. Deməli, çempionluq uğrunda mübarizə yenə əvvəlki kimi sovet şahmatçıları arasında gedəcəkdi və hər hansı siyasi çalar olacağından qorxmağa dəyməzdi.

Amma gözlənilmədən siyasi çalar yenə ortaya çıxdı, özü də Fişerlə nümunədə olduğundan, şair demişkən, daha kəskin, daha ciddi. Bunu edən də hər hansı qərb ölkəsinin nümayəndəsi yox, elə sovet şahmatçısı oldu: Viktor Korçnoy.

***

Viktor Korçnoy 1931-ci ildə Leninqradda (indi: Sankt-Peterburq) polyak-yəhudi kökənli ailədə anadan olub. İkinci Dünya müharibəsi zamanı Leninqradın blokadası yarılandan və normal həyat bərpa olunmağa başlayandan sonra, 1944-cü ildə şahmat dərnəyinə gedib. 1956-cı ildə qrossmeyster, 1960-cı ildə ilk dəfə SSRİ çempionu olub. Bu uğurunu daha üç dəfə (1962, 1964, 1970-ci illərdə) təkrarlayıb.

O, ilk dəfə 1963-cü ilin dünya çempionluğu uğrunda iddiaçılar turnirinə vəsiqə qazandı. O zaman turnir dairəvi sistem üzrə keçirilirdi və birinci yeri tutan şəxs dünya çempionu Botvinniklə görüşmək hüququ qazanacaqdı. Korçnoy yalnız 4-5-ci yerləri bölüşdürdü (Fişerlə). Birinci yeri tutan Petrosyan isə sonra Botvinniklə matçda qalib gələrək dünya çempionu oldu.

1964-cü ildə üçüncü dəfə SSRİ çempionu olandan sonra Korçnoyun nəticələrində eniş müşahidə olunur və o, növbəti çempionluq yarışında iddiaçılar turnirinə vəsiqə qazana bilmir. Elə görünürdü ki, artıq 33 yaşı olan şahmatçı karyerasının tənəzzül dövrünə qədəm qoyub. Amma sonrakı hadisələr bunun əksini sübut etdi.

O, 1969-cu ilin dünya çempionluğu uğrunda iddiaçıların turnirində amerikalı Samuel Reşevskini, sovet şahmatçısı Mixail Talı məğlub edərək finala çıxdı, amma burada Boris Spasskiyə uduzdu. Növbəti iddiaçılar turnirində Yefim Gellerə qalib gələndən sonra yarımfinalda dünya çemionu adını qaytarmağa çalışan Tiqran Petrosyana uduzdu.

Bu illər ərzində Korçnoy SSRİ komandasının tərkibində altı dəfə ümumdünya şahmat olimpiadasının, beş dəfə Avropa çempionatının qalibi olur.

O, prinsipiallığı, kəskin ədalət hissi və idman barışmazlığı ilə seçilirdi. Bir dəfə Havanada seans verərkən Korçnoya deyilir ki, ona qarşı oynayanlar arasında o zaman Kubanın sənaye naziri vəzifəsini tutan Çe Gevara da var və qrossmeyster ilə heç-heçə onu çox məsud edər. Amma Korçnoy bu xahişi nəzərə almır və başqaları kimi Çeni də məğlub edir.

O, növbəti çempionluq yarışının zonalararası turnirində birinci yeri tutaraq iddiaçılar turnirinə vəsiqə qazandı. Əvvəlcə braziliyalı Enrike Mekinqə, sonra isə Tiqran Petrosyana qalib gəldi. Bu görüşdə baş verən qalmaqal səbəbindən bir zamanlar dost olan Petrosyan və Korçnoy (Petrosyanın arvadı yəhudi, Korçnoyun arvadı erməni idi) qatı düşmənə çevrildilər.

Finalda isə rəqib Karpov idi. Matç 24 oyundan ibarət idi, tərəflərdən birinin 5 dəfə qələbə qazandığı halda oyun onun xeyrinə dayandırılırdı. 18 oyundan sonra hesab Karpovun xeyrinə idi +3-0=15. Korçnoy 19-cu və 21-i turlarda qələbə qazanaraq matça intriqanı qaytardı. Amma digər üç oyunda qələbə qazana bilmədi və Karpov qalib gəldi: +3-2=19.

Məhz bu oyundan sonra şahmatçı ilə hökumət arasında münasibətlər korlanır. Korçnoy SSRİ ilə münasibətləri sərin olan Yuqoslaviyanın TANJUQ agentliyinə verdiyi müsahibədə Karpovun xüsusi istedadı ilə seçilmədiyini, qalib gəldiyi rəqiblərindən (Poluqayevski, Spasski və Korçnoy) üstün olmadığını bildirib, qələbələrini sırf dövlətin dəstəyi ilə izah edib.

Həqiqətən də Korçnoy Karpovla matç öncəsi xeyli çətinliklə üzləşmişdi. O, hətta özünə normal məşqçi, sekundant tapa bilmirdi. Yalnız yaxın dostları Bronşteyn və Keres ona kömək etməkdən çəkinmədilər, Poluqayevski gizlin məsləhətlər verirdi. Karpov isə xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdu, dövlət tərəfindən ən yaxşılarla təmin edilirdi. Korçnoyun müsahibəsi də bu amildən doğurdu.

Tiqran Petrosyan keçmiş dostundan acıq çıxmaq fürsətini qaçırmadı. “Sovetski sport” qəzetində onu “Korçnoyun bir müsahibəsi haqqında” adlı məqaləsi çıxdı. Ardınca, ənənəvi olaraq, zəhmətkeşlərdən hiddət məktubları, sonra da cəza tədbirləri gəldi. Korçnoyun qrossmeyster kimi dövlətdən aldığı təqaüdü azaltdılar, üstəlik xarici səfərlərinə qadağa qoydular.

Lakin bir müddət sonra çıxış qadağası götürüldü. Nə qədər qəribə olsa da, bu məsələdə Karpov əsas rol oynadı. O, Korçnoyun geri qayıdacağına zamin durdu və rəhbərlik öz sevimlisinin sözünü yerə salmadı. Korçnoy da Karpovu pis vəziyyətdə qoymamaq üçün ilk səfərindən geri qayıtdı. Amsterdamdakı ikinci turnirdə Entoni Maylsla 1-2-ci yerlər bölüşdürəndən sonra isə Niderland hakimiyyətinə müraciət edərək siyasi sığınacaq istədi.

***

Korçnoyun SSRİ-dən qaçması böyük ajiotaj doğurdu. Mətbuatda sovet qrossmeysterlərinin “Vətənini satmış şahmatçı V.Korçnoyun alçaq hərəkəti bizdə hiddət və nifrət hissindən başqa bir şey oyatmır” cümləsi ilə başlayan məktubu dərc olundu. Bütün sovet qrossmeysterləri bu məktubu imzaladılar.

Yalnız 4 nəfər imtina etdi Mixail Botvinnik, Devid Bronşteyn, Boris Spasski və Boris Qulko. Botvinnikin karyerası artıq arxada idi, Spasski zatən rus əsilli Fransa vətəndaşı ilə evləndiyindən Fransada yaşayırdı (bir müddət sovet vətəndaşı kimi qalaraq). Bronşteynin də karyerası qüruba gedirdi. Əvəzində 29 yaşlı Qulko müstəqilliyinin bədəlini ağır ödədi.  O, 1983-cü ilə kimi xarici turnirlərə buraxılmadı.

1972-ci ildə SSRİ-də “Qrossmeyster” adlı film çəkilmişdi. Həmin filmdə baş qəhrəmanın məşqçisi rolunu Korçnoy oynayırdı. Onun xaricdə qalmasından sonra isə filmin kinoteatrlarda və teleekranlarda nümayişi dayandırıldı. 

Sonralar Korçnoy onu dissident kimi qələmə verənlərə bunun səhv olduğunu söyləyirdi. Onun siyasi quruluş olaraq sovet hakimiyyəti ilə heç bir problemi yox idi: “Mən sadəcə şahmat oynamaq istəyirdim. Sovetdən də ona görə qaçdım ki, karyeram təhlükə altında idi. Birinci mən başlamadım, sovet hakimiyyəti məni savaşa çəkdi”.

Qaçışdan sonra Korçnoy qeyri-rəsmi boykota məruz qaldı. Sovet şahmatçıları onun dəvət olunduqları turnirlərdə iştirak etməkdən boyun qaçırırdılar. Onlar bunu, əlbəttə, Kremlin tapşırığı ilə edirdilər. Boykot Korçnoyun idman formasına təsir etməli idi. Doğrudur, bəzi turnirlərin təşkilatçıları Korçnoyun oynamasına şərait yaradırdılar, amma nəzərə alsaq ki, ən güclü şahmatçılar SSRİ-də idi, həmin turnirlər elə də yüksək səviyyələri ilə fərqlənə bilməzdilər. Bununla yanaşı, FİDE sovet şahmat federasiyasını xəbərdar etdi ki, dünya çempionluğu uğrunda turnirdə sovet şahmatçıları Korçnoyla oynamağa borcludurlar, əks halda onlara məğlubiyyət yazılacaq.

Ötən çempionatda iddiaçılar turnirinin finalında oynadığı üçün Korçnoy zonalararası turnirdə iştirak etmədən pley-offda oyanamaq hüququ qazanmışdı. Gözləmək olardı ki, yaşının artıq 45-i keçməsi, eləcə də turnir praktikasının az olması onun oyunun keyfiyyətinə təsir edəcək. Amma əksinə oldu, o, daha yaxşı oynayırdı.

Əgər Korçnoy bu turnirdə Petrosyanla qarşılaşmağı və mətbuatdakı yazısının əvəzini şahmat taxtası arxasında çıxmağı arzulayırdısa, bu arzusu çin oldu və elə ilk mərhələdə Petrosyanla qarşılaşdı. Matç +2-1=9 hesabı ilə Korçnoyun xeyrinə yekunlaşdı. Növbəti mərhələdə rəqib Poluqayevski idi. Bu dəfə qələbə daha böyük hesablı oldu: +5-1=7. Finalda isə Spasski məğlub edildi +7-4=7. 

Beləliklə, Korçnoy üçqat sovet səddini keçərək yenidən Karpova rəqib oldu. Bu, olduqca xoşagəlməz sürpriz idi. Korçnoyun Karpova qalib gəlməsinə heç cür yol vermək olmazdı. Əks halda, Fişerin qələbəsi bunun yanında toya gediləsi olacaqdı.

***

Filippinin Bagio kurort şəhərində keçiriləcək qarşılaşmanın başqa bir pis cəhət o idi ki, tabu altında olan Korçnoyun adı yenidən sovet mətbuatında çəkilməli idi. Bundan tam qaçmaq mümkün olmasa da, qismən çıxış yolu tapıldı. Oyunlar şərh olunarkən daha çox “çempion” və “iddiaçı” terminlərindən istifadə olunurdu. Həmin dövrdə “iddiaçı” söz nalayiq ifadəyə çevrilmişdi. 

Qarşılaşma olduqca qalmaqallı, hətta kirli keçdi. Tərəflər bir-birlərini müxtəlif şeylərdə ittiham etdilər. Onların hamısını təsvir etmək məqaləni çox uzada biləcəyinə görə təkcə onu deyim ki, vəziyyətin belə gərginləşməsində həm SSRİ-nin, həm də Qərb mətbuatının matçı çox siyasiləşdirməsi rol oynayırdı.

1978-ci il iyulun 18-də başlayan matç limitsiz, partiyaların sayı qeyri-məhdud idi. Heç-heçələr qeydə alınmırdı. Tərəflərdən biri 6 qələbə qazanardısa, qalib gələcəkdi. Karpov məğlub olduğu təqdirdə revanş hüququna malik idi.

İlk yeddi partiya heç-heçə bitdi. Səkkizinci partiya öncəsi Karpov Korçnoyun əlini sıxmaqdan imtina etdi. Bu, əslində qaydaların pozulması idi. Çempion belə bir niyyəti barədə qabaqcadan hakimi, o da iddiaçını xəbərdar etməli idi. Amma Qərbi Almaniyadan olan Lotar Şmidt bu pozuntuya heç bir reaksiya vermədi. Bəlkə də bu pxisoloji zərbə üzündən Korçnoy partiyanı uduzdu və matçda hesab açıldı. Bundan sonra tərəflər heç-heçə haqqında təklifləri belə hakim vasitəsilə edirdilər.

İki heç-heçədən sonra 11-ci partiyada Korçnoy hesabı bərabərləşdirdi. Amma Karpov 13, 14 və 17-ci partiyalarda qalib gələrək ciddi üstünlük qazandı – 4:1. İddiaçı yalnız  21-ci partiyada fərqi bir xal azalda bildi. Bununla belə, 27-ci partiyada  fərq yenə üç xal oldu – 5:2.

Karpov artıq qələbənin bir addımlığında idi və istər Bagiodakı, istərsə də SSRİ-dəki tərəfdarları nə zaman altıncı qələbəsini qazanacağını arxayın-arxayın gözləyirdilər. Amma bu zaman inanılmaz hadisələr baş verdi. Korçnoy 28, 29 və 31-ci oyunlarda qalib gəldi və hesab bərabərləşdi – 5:5. Bir neçə gün öncə nəticəsi şübhə doğurmayan matçın taleyi indi tükdən asılı idi.

Viktor Korçnoy, Foto: https://www.championat.com/

27 oyunda cəmi iki dəfə məğlub olan Karpov son 4 oyunda üç məğlubiyyətə uğradı. Korçnoyun etdiyi inanılmaz idman rəşadəti idi. Sonralar Kasparov yazırdı: “onun bu qəhrəmanlıq nümunəsi 6 ildən sonra daha da ümidsiz vəziyyətdə (Kasparov 0:5 hesabı ilə uduzurdu) məni ruhlandırdı”.

32-ci oyun oktyabrın 14-də olmalı idi, amma Karpov taym-aut götürdü. O, psixoloji basqını yüngülləşdirmək üçün SSRİ Şahmat Federasiyasının sədri, təyyarəçi-kosmonavt Vitali Sevastyanovla birlikdə Filippinin paytaxtı Manilaya yola düşdü. Həmin gün burada SSRİ və Yuqoslaviya komandaları arasında basketbol üzrə dünya çempionatının final matçı keçirilirdi. Sovet komandası əlavə vaxtda 81:82 hesabı ilə uduzdu.

Növbəti partiya oktyabrın 17-də keçirildi. Korçnoy bir neçə səhvə yol verəndən sonra oyunu ümidsiz vəziyyətdə təxirə saldı və ertəsi gün davam etdirmədən təslim oldu. Bununla da 6:5 hesabı ilə qalib gələn Karpov dünya çempionu adını özündə saxladı.

SSRİ-nin siyasi rəhbərliyi, idman komitəsinin və şahmat federasiyasının rəhbərliyi dərindən nəfəs aldılar. SSRİ-dən qaçmış bir adamın dünya çempionu olmağının qarşısı alındı. Onun artıq 47 yaşı olduğunu nəzərə alınsa, bir də çempionluğa iddialı olacağı ağlabatan deyildi. Amma Korçnoy bir daha hamını təəccübləndirdi.

***

Viktor Korçnoyla aşağı-yuxarı yaşıd olan şahmatçıların karyeralarının pik dövrü artıq arxada qalmışdı. Əgər əmsal cəhətdən fikir yürütsək, ən yüksək əmsala Petrosyan və Poluqayevski 38, Spasski 34, Larsen 36 yaşında nail olmuşdular. Korçnoy isə 1979-cu ildə, 48 yaşında ən yüksək əmsalını topladı – 2695.

O, özü etiraf edirdi ki, məsələn, Spasskidən fərqli olaraq, fitri şahmat istedadı yox idi. Amma şahmata sevgisi, idman həvəsi və zəhmətkeşliyi hesabına çox şeyə nail olurdu. Özü də bu nailiyyətləri o, sovet şahmatçılarının boykotu üzündən bir çox turnirlərə iştirak hüququndan məhrum olarkən qazanırdı.

Onun şahmat oynamaqdan doymadığını belə bir fakt da sübut edir ki, 32 partiya davam edən və acınacaqlı məğlubiyyəti ilə bitən Bagio matçından cəmi bir həftə sonra başlayan şahmat olimpiadasında iştirak etdi. İsveçrə komandasını birinci lövhədə təmsil edən Korçnoy burada 11 oyunda 7 qələbə və dörd heç-heçə ilə ən yaxşı nəticə göstərdi. Maraqlıdır ki, ilin ən yaxşı şahmatçısına verilə Oskar mükafatı həmin il dünya çempionu olmuş Karpova deyil, Korçnoya verildi.

Növbəti iddiaçılar turnirinin ¼ final mərhələsində Korçnoyun rəqibi köhnə “dostu” Petrosyan oldu. Doqquz oyundan sonra Korçnoy 5,5:3,5 hesabı ilə vaxtından əvvəl qalib gəldi və sonuncu partiyanı keçirməyə ehtiyac qalmadı.

Yarımfinalda o ötən turnirdə olduğu kimi yenə Poluqayevski ilə qarşılaşdı. Bu dəfə xeyli çətinliklə, tay-brekdə qalib gəldi – 7,5:6,5. Qalib gəlməsinə baxmayaraq, bu görüş Koçnoyun karyerasının qızıl dövrünün artıq arxada qaldığını göstəricisi idi.

İddiaçılar turnirinin finalında Korçnoyun rəqibi Qərbi Almaniyadan Robert Hübner oldu. Altı partiyadan sonra alman şahmatçı hesabda 3,5:2,5 hesabı ilə irəlidə idi. Hübner yeddinci partiyada da üstünlüyə malik idi, amma seytnot üzündən üstünlüyünü itirdi. Lövhədə qəti heç-heçə mövqeyi olduğu zaman isə primitiv səhv buraxdı: Korçnoyun atla şah verərək topu qarmağa salmasına imkan verdi və matçda hesab bərabərləşdi. Buraxdığı kobud səhvə görə özünə gəlməyən Hübner növbəti oyunu da uduzdu, 10-cu partiya onun üçün  ağır vəziyyətdə təxirə salındı. Tamamilə ruhdan düşən Hübner mübarizəni dayandırdı, halbuki matç 16 görüşdən ibarət idi. Beləliklə, 50 yaşlı Korçnoy yenidən çempionluq uğrunda matça çıxdı.

Sovet tərəfi növbəti təlaş yaşadı. Amma bu dəfə qüvvələr bərabər deyildi. Ötən matçla müqayisədə Karpov daha güclənmişdi, Korçnoy isə enişə doğru gedirdi. İtaliyanın Merano şəhərində keçirilən matç artıq 18 partiyadan sonra 6:2 hesabı ilə Karpovun xeyrinə bitdi.

Novbəti çempionluq turnirində Korçnoy macar Layoş Portişə inamla qalib gəldi (6:3), yarımfinalda isə yeni parlamaqda olan Harri Kasparova uduzdu: – 4:7. O, daha iki dəfə iddiaçılar turnirinə vəsiqə qazandı, amma daha şahmat tacına ciddi namizəd sayılmırdı. Bir dəfə 1/16 finalda Yohan Hyartarsona, ikinci dəfə isə 1\4 finalda Yan Timmana uduzdu.

Viktor Korçnoy ömrünün son illərinə qədər şahmat oynamaqda davam edirdi. O, 2006-cı ildə, 75 yaşında yaşlılar arasında (60 yaşdan çox) şahmatçılar arasında dünya çempionu adını qazandı. O, son illərdə belə şahmat aləmini təəccübləndirməkdə davam edirdi. 2011-ci ildə 80 yaşlı Korçnoy özündən 61 yaş kiçik, əmsalı 2700-dən çox olan amerikalı Fabiano Karuanaya qalib gəldi. Elə həmin il o, beşinci dəfə İsveçrə çempionu oldu.

Korçnoy Botvinnikdən başlayaraq Karlssenə qədər doqquz dünya çempionu ilə oynamış yeganə şahmatçıdır. O, 75 yaşında FİDE-nin əmsallar cədvəlində 100 ən güclü şahmatçı sırasında yer alırdı və bu, rekord göstəricidir.

Bir çox şahmat mütəxəssislərinin dünya çempionu olmayan şahmatçılar arasında ən güclüsü hesab etdikləri  Viktor Korçnoy 2016-ci ildə İsveçrədə vəfat etdi. 

Ana səhifəMənim FikrimcəViktor Korçnoy – iddiaçı