Vidadi Zeynalovun məhkəməsi başladı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri qulluq mövqeyini aşmaqda və vəsait mənimsəməkdə ittiham olunurlar

Source:


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri qulluq mövqeyini aşmaqda və vəsait mənimsəməkdə ittiham olunurlar

Noyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitə İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və digərlərinin məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məlumatına görə, iclasa hakim Əfqan Hacıyev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Vidadi Zeynalovun vəkillərindən biri Elxan Süleymanlı çıxış edərək cinayət işinin materialları ilə tanış ola bilmədiyini deyib. O bildirib ki, işə yeni qoşulub. Vəkil materiallarla tanış olmaq üçün vaxt verilməsini istəyib. Dövlət ittihamçısı Fərid Nağıyev isə buna etiraz etməyib. Hakim Ə.Hacıyev onun istəyini nəzərə alaraq iclası noyabrın 16-na təxirə salıb.

Təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. B.Hüseynov və digərləri Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən və E.Mahmudov işdən çıxarılandan sonra həbs olunublar.

İttiham aktında qeyd edilib ki, B.Hüseynov 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, onun mühasibi Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyev, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Vidadi Zeynalov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, Səhrab Hümbətov ittiham olunurlar.

Ana səhifəXəbərlərVidadi Zeynalovun məhkəməsi başladı