”Vidadi Zeynalov ”paket” verən yox, ”paket” alan olub”

Vəkillər rabitəçilərə bəraət istədi

Source:


Vəkillər rabitəçilərə bəraət istədi

İyulun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsala Birliyinin sabiq sədri Beytulla Hüseynovun (Eldar Mahmudovun qohumudur) vəkili Cəlil Mirzəyev çıxış edərək bildirib ki, ittiham əsasızdır. Vəkil bildirib ki, ittiham tərəfindən Beytulla Hüseynovun dövlətə vurduğu ziyan kimi hesablanan 10 milyon manat da ödənilib. O, müvəkkilinin barəsində həbssiz cəza növü təyin edilməsini xahiş edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev isə təqsirləndirilən şəxslərin barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib.

Bakı Telefon Rabitəsi İstehsala Birliyinin sabiq baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova  isə müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. O bildirib ki, istintaq bir sıra qanun pozuntularına yol verib, həmin məsələlərə aydınlıq gətirilməsi üçün verdikləri vəsatətlər təmin edilməyib. Vəkil bildirib ki, müvəkkili dövlətə dəymiş ziyanı ödədiyi üçün onun barəsində şərti cəza təyin edilməlidir.

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə müdafiə etdiyi şəxsin günahsız olduğunu, Vidadi Zeynalovun nazir Əli Abbasovun əmrlərini yerinə yetirdiyini, Vidadi Zeynalovun da digər şəxslər kimi “paket” aldığını bildirib. Vəkil qeyd edib ki, Vidadi Zeynalov “paket” verən yox, “paket” alan olub. C. Yusifov da istintaq zamanı kobud pozuntulara yol verildiyini, vəsatətlərinin təmin edilmədiyini bildirib: “Vidadi Zeynalovun ata yurduna, bələdiyyələrdən icarəyə götürdüyü torpaqlara, qohumlarının mülklərinə həbs qoyulub”.

C. Yusifov Vidadi Zeynalov barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

İclasda çıxış edən Namazalı Məmmədovun vəkili Könül Əliyeva , “Azərpoçt”un sabiq sədri Qəmbər Bəybalayevin vəkili Elnur  Əliyev müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Təqsirləndirilən Qəmbər Bəybalayev isə bildirib ki, dövlətə 2 milyon  manatdan çox ziyan vurmaqda ittiham olunur: “İstintaq dövründə mənim əvəzimə  Vidadi Zeynalov,  məhkəmədə dövründə isə Əli Abbasov dəymiş ziyanı mənim əvəzimdən ödəmək istədilər. Lakin bunu şərait yaradılmadı. Mənim əmlakım 300 min manat məbləğində dəyərləndirilib. Evimi, bütün əmlakımı verib kirayədə yaşamağa hazıram. Xahiş edirəm məhkəmə barəmdə ədalətli hökm çıxarsın”.

Növbəti məhkəmə iclası iyulun 12-də davam edəcək.

Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş A Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlər”Vidadi Zeynalov ”paket” verən yox, ”paket” alan olub”