”Vidadi Zeynalov paket alan olub, paket verən yox”

Keçmiş rabitəçilər iddiada göstərilən məbləğin yüksək olmasından narazıdır

Source:


Keçmiş rabitəçilər iddiada göstərilən məbləğin yüksək olmasından narazıdır

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Meydan TV-nin mməlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Emin Məmmədovun vəkili çıxış edərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məktubunu elan edib. O bildirib ki, təqsirləndirilən Emin Məmmədov, Namazalı Məmmədov və Səhrab Hümbətov nazirliyə vurulmuş maddi ziyanı tam olaraq ödəyiblər:

“Bununla bağlı nazirlik məktubunda onlara qarşı heç bir mülki iddianın olmadığı göstərilib”.

Hakim bildirib ki, hazırda mülki iddiaçının nümayəndəsi prosesdə iştirak etmir: “Mən baxıram, burda məbləğlərdə fərq var. Nazirliyinin nünayəndəsi gələr, bu məsələyə arayış verər”.

“Mülklərin Beytulla Hüseynova heç bir dəxli yoxdur”

Daha sonra hakim Beytulla Hüseynovun qardaşı Ramiz Hüseynovub məhkəməyə məktubla müraciət etdiyini deyib. R. Hüseynov məktubunda qeyd edib ki, qardaşı Beytulıa Hüseynov əmlaklarına həbs qoyulan zaman onun da mülkinə həbs qoyublar:

“Şamaxıda ev, Nizami rayonunda yerləşən torpaq sahəmə qardaşıma görə həbs qoyulub. Halbuki, həmin mülklərin Beytulla Hüseynova heç bir dəxli yoxdur. Ona görə xahiş edirəm həmin mülklərdən həbs götürülsün”.

Beytulla Hüseynov foto sosial şəbəkə

V. Zeynalovun vəkili Ceyhun Yusifov da çıxış edib. Bildirib ki, ittihamın mahiyyəti  onlara məlum deyil:

“İttihamı 74 dəfə oxumuşam. 1 ci səhifədə yazılan məbləği 4 səhifədə özləri təkzib ediblər. Biz ona görə vaxtında vəsaətlər verdik ki, həmin məbləğləri hesablayan şəxslər gəlib məhkəmədə ifadə versin. Xahiş edirəm ki, ekspertiza keçirilsin, pullar düzgün hesabalansın. İttiham veriblər ki, Vidadi Zeynalov hər şeyin başındadır. Vidadi Zeynalov paket alan olub, paket verən yox”.

Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edərək deyib ki, müvəkkilinə verilən ittihamda məbləğ şişirdilib:

“867 min manatlıq ittiham verilib. Başa düşmürəm ki, bu məbləğ hardan çıxıb. Ekspertiza keçirilməlidir ki, bu məsələlər araşdırılsın”.

“Mənə bu məbləği sübut eləsinlər”

Təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehslat Birliyinin  sabiq rəisi Beytulla Hüseynov da çıxış edib. O çıxışında bildirib ki, istintaq zamanı verdiyi ifadələr təhrif olunub:

“Mən danışdıqlarımı yox, özləri istəyənləri bura yazıblar. Səmimi deyirəm, mənə 10 milyon mənimsəmə yazıblar. Oturaq, mənə bu məbləği sübut eləsinlər, mən həmin dəymiş ziyanı ödəyim. Rəqəmləri elə şişirdiblər ki, sanki nazir mən olmuşam. Mən Anar Mustafayevə heç vaxt o qədər pul verməmişəm. İfadəmdə də elə məbləğ deməmişəm”.

foto sosial şəbəkə

Bütün vəkillər ekspertiza keçirilməsi ilə bağlı vəsatəti dəstəkləyiblər.

Prokuror Fərid Nağıyev isə ekspertiza keçirilməsi ilə bağlə vəsatətin təmin olunmaması istəyib.

Hakimlər  ekspertiza ilə bağlı vəsatətləri təmin etməyib.

“Dövlət ittihamçısı hesablasın, yekun məbləğ çıxarsın”

Daha sonra Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxış edib. O bildirib ki, Vidadi Zeynalovla bağlı ittiham 74 səhifədən və bir cümlədən ibarətdir:

“Sonda 7 milyon, 10 milyon və 153 milyon kimi ittihamlar səsləndirilir. Bunların hansı Vidadi Zeynalova aiddir? Hamısı ziyanı ödəsin, hara ödəsin? Dövlət ittihamçısı hesablasın,yekun məbləğ çıxarsın”.

Daha sonra hakim Vidadi Zeynalova ifadə verməyi təklif edib.

Vidadi Zeynalov təzyiqi olmasını əsas gətirib və ifadə vermək üçün vaxt verilməsini istəyib: “Müstəntiq cinayət işində yazıb ki, Vidadi Zeynalov birinci gün istintaqa kömək edib. Məhkəmədə dolaşıq olan şeyləri mən sizə deyirəm”.

Vidadi Zeynalovun vəkili Elxan Süleymanov çıxış edib. O bildirib ki, iş üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mülki iddia qaldırması düzgün deyil:

“Bu adamlar nazirliyin struktura daxil olan qurumda yox, tabeliyində çalışıblar. Nazirlik onlara büdcədən pul ayırmıyıb. Bakı Telefon Rabitə İstehsalat Birliyi, Azərpoçt mülki iddia qaldırsa, başa düşüləndir”.

“Bütün rekordları qırıblar”

İclasda təqsirləndirilən şəxslərdən Anar Mustafayev də çıxış edib. O çıxışında bildirib ki, Maliyyə Nazirliyi 153 milyon ziyanla bağlı akt yazıb:

“Niyə gəlmirlər? Onlara suallarım var. 20 gün ərzində 84 müəssisəni yoxlayıblar. 4 müəssisədə 154 adda məhsulun yoxlanması ilə bağlı akt var. Bu fiziki cəhətdən qeyri-mümkündür. Bütün rekordları qırıblar. Yazıblar ki, 51 faiz şişirtmə var. Onların yazdığı ilə hesablayanda mal qalır gömrükdə. Türkiyə bizə havayı mal verirdi? Bəs müəssisənin mənfəti hanı?”

Hakim isə bildirib ki, rəqəmləri sonda məhkəmə hesablayıb qərar verəcək: “Bunun üçün ekspertizaya ehtiyac yoxdur. Məhkəmə çətinlik çəkəndə ekspertiza təyin edir”.

Məhkəmə prosesi mayın 3-də davam edəcək.



Xatırlatma…

Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlər”Vidadi Zeynalov paket alan olub, paket verən yox”