Vidadi Zeynalov əmlakını satışa çıxarmaq istəyir

“Ziyanın dövlətə ödənilməsi üçün bəzi əmlakların üzərindən həbsin götürülməsini istəyirik”

Source:


“Ziyanın dövlətə ödənilməsi üçün bəzi əmlakların üzərindən həbsin götürülməsini istəyirik”

Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə,  hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hakim Vidadi Zeynalova ifadə verməsini təklif edib. Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə əlavə şahidlərin dindirilməsindən sonra müvəkkilinin ifadə verə biləcəyini qeyd edib.

Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov da vəsatətlə çıxış edib. Vəkil ötən proseslərdə də olduğu kimi bu dəfə də Vidadi Zeynalovun əmlakına həbs qoyulması məsələsinə toxunub.

“İttihamda yazılan dəymiş zərərlə razı deyilik. Ancaq bizim də özümüz tərəfindən qəbul etdiyimiz dəymiş zərər var. Həmin ziyanın dövlətə ödənilməsi üçün Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının üzərindən həbsin götürülməsini istəyirik. İki əmlakın adını və ünvanını da məhkəməyə təqdim edirəm. Vəsatətimizin təmin edilməsini xahiş edirik. Hazırda üzərinə həbs qoyulan əmlakların məhkəmə qərarı qüvvəyə mindikdən sonra necə hesablanacağı məlum deyil”- deyə vəkil vəsatətini əsaslandırarkən deyib. Vəkil hər iki əmlakın üzərindən həbsin götürülməsini və onların satışa çıxarılmasını istəyib.

Beytulla Hüseynovun vəkili də vəsatətlə çıxış edib və müvəkkilinin əmlaklarının üzərindən həbsin götürülməsini istəyib.

Hakim bildirib ki, vəsatətlərin hər birinə sənədlərin tədqiqi mərhələsində müzakirə edildikdən sonra münasibət bildiriləcək.

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.

İttihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Ana səhifəXəbərlərVidadi Zeynalov əmlakını satışa çıxarmaq istəyir